AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-IN XÜSUSİ TAPŞIRIQLAR ÜZRƏ SƏFİRİ VƏ DÖVLƏT KATİBİNİN YENİ MÜSTƏQİL DÖVLƏTLƏR ÜZRƏ XÜSUSİ MÜŞAVİRİ İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Aprelin 23-də Azərbaycan Prezidenti Heydər Əliyev Belçikada işgüzar səfərdə olarkən ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri və dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi müşaviri Ceyms Kollinz ilə görüşmüşdür.
ABŞ diplomatı dövlət katibinin müavini Stroub Telbottun və Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Semyuel Bergerin səmimi salamlarını və xoş arzularını Prezident Heydər Əliyevə çatdırdı. Cənab Kollinz dedi ki, cənab Telbott və cənab Berger Azərbaycana səfərlərindən, onlara göstərilmiş qonaqpərvərlikdən və aparılmış danışıqlardan çox razı qalmışlar.
Xoş sözlərə görə minnətdarlıq edən dövlətimizin başçısı Heydər Əliyev cənab Telbottun və cənab Bergerin birgə imzaladıqları məktubu aldığını bildirdi və bu məktuba görə onlara öz təşəkkürünü yetirməyi xahiş etdi. Prezident əmin olduğunu bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması yolunda birgə səylər bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycan və Ermənistan prezidentlərinin aprelin 21-də Lüksemburqda imzaladıqları birgə bəyanatı yüksək qiymətləndirən cənab Kollinzin fikrincə, tərəflər arasında birbaşa dialoq davam etdirilməlidir. O, Cənubi Qafqazda sülhün bərqərar olmasının və bu regionda yerləşən dövlətlərin əməkdaşlıq edərək, öz xalqlarının maddi rifahının yüksəlməsini təmin etmələrinin ABŞ-ın marağına uyğun olduğunu vurğuladı.
Lüksemburqa işgüzar səfərə gələn kimi Levon Ter-Petrosyan ilə görüşməyə təşəbbüs etdiyini nəzərə çarpdıran Prezident Heydər Əliyev dedi ki, mən öz müşavirim Vəfa Quluzadəyə tapşırıq verdim ki, Ermənistan Prezidentinin müşaviri Libaridyan ilə görüşsün və bundan sonra bizim görüşümüz baş tutdu. Birbaşa danışıqların davam etdiriləcəyini bildirən dövlətimizin başçısının fikrincə, münaqişənin həll olunması üçün böyük dövlətlər, xüsusilə ABŞ mühüm rol oynaya bilər. Prezident Heydər Əliyev Ermənistanın konstruktiv mövqe tutması üçün bu ölkəyə təsir göstərilməsinin vacibliyini xüsusi vurğuladı.
Söhbət zamanı bu yaxınlarda Moskvada Bill Klinton ilə Boris Yeltsin arasında keçirilmiş görüşdə müzakirə olunan məsələlər barəsində də fikir mübadiləsi aparıldı. Cənab Kollinz bu danışıqlar barədə dövlətimizin başçısına geniş məlumat verdi. Bu məlumat üçün diplomata təşəkkür edən Heydər Əliyev Azərbaycanın ABŞ-la əməkdaşlığına böyük ümidlər bəslədiyini bildirdi.
Prezident Heydər Əliyev dedi ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün səylərdən – həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm böyük dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqlardan, həm də birbaşa dialoqdan istifadə etməyə çalışırıq.
Söhbət zamanı regional əməkdaşlıq, Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatlarının birgə istismarı ilə əlaqədar məsələlər də müzakirə olundu.
Görüş səmimilik şəraitində keçdi.
Xəbərin mətnində orfoqrafik səhv var