RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYANIN BADEN-VÜRTEMBERQ ƏYALƏT HÖKUMƏTİNİN BAŞ NAZİRİ İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısını mehribanlıqla salamlayan cənab Toyfel görkəmli siyasi xadim Heydər Əliyevlə görüşündən fərəhləndiyini bildirdi. Baş nazir əyalətdə mövcud ictimai-siyasi və iqtisadi vəziyyət haqqında ali qonağa geniş məlumat verdi, yerli hökumətin funksiyaları və vəzifələrindən danışdı. Cənab Toyfel yeni müstəqillik qazanmış dövlətlərdə, o cümlədən Azərbaycanda gedən proseslərin Almaniyada diqqətlə izlənildiyini nəzərə çarpdıraraq, Prezident Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda demokratik islahatların keçirilməsi sahəsində görülən işlərdən rəğbətlə söhbət açdı. Əyalət hökumətinin başçısı dedi ki, Almaniyanın dövlət və hökumət rəhəbləri Azərbaycanda həyata keçirilən bu demokratik islahatları yüksək qiymətləndirir və dəstəkləyirlər.
Mehriban qonaqpərvərliyi və səmimi sözlərə görə cənab Toyfelə təşəkkürünü bildirən Prezident Heydər Əliyev Almaniya ilə əlaqələrin inkişafına Azərbaycanın xüsusi diqqət yetirdiyini vurğuladı. Respublikamızda artıq işə başlayan alman şirkətlərinin fəaliyyətindən razılıqla bəhs edən dövlətimizin başçısı bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda xarici ölkələrin iş adamları üçün hər cür imkan və şərait yaradıldığını qeyd etdi.
Respublikamızın rəhbəri Azərbaycanda gedən demokratik islahatlar barədə ətraflı söhbət açdı, dünya birliyi ilə əlaqələrimizin daha da möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən bəhs etdi. Ölkəmizin zəngin təbii ehtiyatlara malik olduğunu vurğulayan dövlətimizin başçısı Xəzərin Azərbaycan sektorundakı yataqların birgə istismarı ilə əlaqədar respublikamızın xarici dövlətlərin ən nüfuzlu neft şirkətləri ilə imzaladığı üç çox mühüm müqavilədən də söhbət açdı, istehsal olunan neftin ixracı üçün çəkiləcək kəmərlərin marşrutunun müəyyənləşdirilməsi ilə əlaqədar qəbul edilmiş qərardan da bəhs etdi. Prezident Heydər Əliyev rəsmi səfərdə olduğu bu günlərdə Almaniyada keçirdiyi görüşlərdə dost ölkənin şirkətlərini Azərbaycana işləməyə çağırmasından danışaraq dedi ki, biz respublikamıza sərmayə qoymaq istəyən hər bir iş adam ilə əlaqələrimizin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk.
Görüşdə Baden-Vürtemberq əyaləti ilə Azərbaycan arasında əlaqələr qurulması imkanları da ətraflı nəzərdən keçirildi, əməkdaşlığın perspektivləri haqqında müzakirə aparıldı.