RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜ

Aprelin 22-də Azərbaycan Prezidenti Heydər Əliyev Lüksemburqda işgüzar səfərdə olarkən Almaniyanın xarici işlər naziri Klaus Kinkel ilə görüşmüşdür.

Dövlətimizin başçısını hərarətlə salamlayan cənab Kinkel Almaniyanın Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etməyə xüsusi maraq göstərdiyini bildirdi və Prezident Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik islahatları yüksək qiymətləndirdi.

Almaniyanın xarici işlər naziri ilə görüşündən məmnun qaldığını vurğulayan Prezident Heydər Əliyev ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruri olduğunu nəzərə çarpdırdı. Azərbaycanın və Almaniyanın ayrı-ayrı şirkətlərinin əməkdaşlığından razılıqla söhbət açan Prezident Heydər Əliyev ölkəmizə investisiya qoymaq istəyən bütün sərmayədarlar üçün respublikamızda hər cür şərait olduğunu qeyd etdi.

Azərbaycana səfərini, orada keçirdiyi görüşləri həmişə məmnunluqla xatırladığını və görkəmli siyasi xadim Heydər Əliyev ilə söhbətlərindən razı qaldığını vurğulayan nazir respublikamızda aparılan islahatların Almaniyada xüsusi razılıqla qarşılandığını, dövlət başçısının Almaniyaya səfərini öz ölkəsində səbirsizliklə gözlədiklərini bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması və ümumiyyətlə, Qafqaz bölgəsində əmin-amanlıq yaradılması ilə əlaqədar problemlər geniş müzakirə edildi.

Azərbaycanın haqq işinin müdafiə olunmasında Almaniyanın prinsipial mövqeyini xüsusi qiymətləndirən dövlətimizin başçısı ATƏT-in Minsk qrupu çərçivəsində, bir sıra böyük dövlətlərin vasitəçiliyi ilə və tərəflər arasında birbaşa aparılan danışıqlardan geniş söhbət açaraq dedi ki, Azərbaycan münaqişənin sülh yolu aradan qaldırılmasına çalışır və bunun üçün bütün imkanlardan istifadə edilməsinə xüsusi diqqət yetirir.

Prezident Heydər Əliyev dedi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, qaçqınlar öz yerlərinə qayıtmalıdırlar. Bundan sonra isə Azərbaycanın tərkibində Dağlıq Qarabağa beynəlxalq normalar əsasında status vermək mümkündür.

Görüşdə respublikamızın neft yataqlarının birgə işlənməsində və bir sıra digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıldı, Almaniyanın Azərbaycana yardım göstərməsi ilə bağlı məsələlər geniş müzakirə olundu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin