RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYA ŞİRKƏTLƏRİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜ
Şirkət rəhbərlərini səmimiyyətlə salamlayan Prezident Heydər Əliyev dedi: Mən bu şirkətlərin hər birinin nümayəndələri ilə ayrıca görüşmək niyyətində idim. Ancaq indi səfər proqramıma görə mən Düsseldorfa getməliyəm. Ona görə də buna vaxt çatmır. Mən prinsip etibarı ilə sizin təkliflərinizi qəbul edirəm. Dünən mən federal kansler Helmut Kol ilə görüşərkən ona da dedim ki, Almaniyanın şirkətlərini Azərbaycana dəvət etmişəm və onlarla müştərək iş görmək üçün sizin hökumətin köməyinə ehtiyacım var. Cənab Kol mənə bildirdi ki, əgər Almaniya şirkətlərinin Azərbaycanda görəcəkləri işlər haqqında lazimi səviyyədə layihələr hazırlansa və təkliflər olsa, o, mənim və xüsusən bu bu şirkətlərin müraciəti ilə həmin layihələrin həyata keçirilməsinə kömək edəcəkdir. Şübhəsiz ki, birinci növbədə həmin layihələrin maliyyələşdirilməsinə kömək göstəriləcəkdir. Almaniya şirkətlərinin Azərbaycanda iş görməsi üçün hər cür şərait və imkan var. Lakin görüləcək bu işlərin maliyyələşdirilməsi ilə əlaqədar bizim bəzi çətinliklərimiz var. Mən Almaniyanın iş adamlarının Azərbaycana gəlməsini, sizin ölkənin kapitalının respublikamızda geniş yer tutmasını istəyirəm. Azərbaycanın Prezidenti kimi bildirirəm ki, biz ölkəmizdə sizə hər cür kömək göstərəcəyik.
Görüşdə Almaniya şirkətləri öz təklifləri və respublikamızda görəcəkləri işlər barədə Prezident Heydər Əliyevə geniş məlumat verdilər. Söhbət zamanı telekommunikasiya, neft emalı, maşınqayırma, polad istehsalı və başqa sahələrdəki əməkdaşlıq imkanları ətraflı müzakirə olundu. Bir sıra digər mühüm məsələlər barədə də fikir mübadiləsi aparıldı.