RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYA SOSİAL-DEMOKRAT PARTİYASININ BUNDESTAQDAKI DEPUTAT FRAKSİYASININ XARİCİ SİYASƏT ÜZRƏ KATİBİ, ŞİMALİ ATLANTİKA ASSAMBLEYASININ PREZİDENTİ KARSTEN FOKT İLƏ GÖRÜŞÜ
Cənab Foktu mehribanlıqla salamlayan Prezident Heydər Əliyev respublikamız ilə AFR arasında münasibətlərin daha da sıxlaşdırılması, xalqlarımızın tarixi dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülmüş işləri yüksək qiymətləndirdi. Respublikamızın rəhbərinin fikrincə, həmin gün AFR-in dövlət və hökumət başçıları ilə və digər rəsmi şəxslərlə keçirilən görüşlər bu münasibətlərin daha da yaxşılaşdırılmasına güclü təkan verəcəkdir.
Almaniya Bundestaqı və Azərbaycan Milli Məclisi üzvlərinin sıx əlaqələrinin dövlətlərarası əməkdaşlığın inkişafında mühüm rolunu nəzərə çarpdıran Prezident Heydər Əliyev hər iki parlanentin bu sahədə fəaliyyətinin canlandırılmasının vacib olduğunu bildirdi.
Söhbət zamanı respublikamızın müstəqilliyinin qorunub saxlanması sahəsində qarşıya çıxan çətinliklərdən, Ermənistanın Azərbaycana təcavüzündən və hərbi münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində görülən işlərdən geniş bəhs edildi, Almaniyanın azərbaycanlı qaçqınlara yardımından razılıqla danışıldı.
Görüşdə Azərbaycan Almaniya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunuldu və xarici siyasət sahəsində əməkdaşlığımızın perspektivləri nəzərdən keçirildi.