AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AVROPA BİRLİYİNİN KOMİSSARI VAN DEN BRUK İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Belçikada işgüzar səfərdə olarkən Avropa Birliyinin Baş Qərargahında bu birliyin komissarı Van Den Bruk ilə görüşmüşdür.
Prezident Heydər Əliyevi aprelin 22-də saziş bağlanması münasibətilə təbrik edən cənab Van Den Bruk dedi ki, bu, Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıqda yeni səhifə açan və əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm və sanballı sənəddir. O, Qafqaz regionuna etdiyi səfəri və Azərbaycan Prezidenti ilə apardığı danışıqları məmnuniyyət hissi ilə xatırladığını bildirdi, sülhə nail olmağın region dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı üçün həlledici rol oynadığını vurğuladı.
Avropa Birliyinin komissarı Azərbaycanda baş verən demokratik dəyişiklikləri, bazar iqtisadiyyatının yaradılması üçün görülən tədbirləri, o cümlədən xarici investisiyaları cəlb etməkdən ötrü neft yataqlarının Qərb şirkətləri ilə birgə istismar olunması üçün müqavilələrin bağlanması, habelə ilkin neftin ixracı üçün sazişlərin imzalanması zamanı Azərbaycan Prezidentinin göstərdiyi qətiyyəti və cəsarəti yüksək qiymətləndirdiyini söylədi. O, TACİS və TRASEKA proqramları çərçivəsində Avropa Birliyi tərəfindən Azərbaycanda bir sıra layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini də qeyd etdi. Avropa Birliyinin indiyə qədər Azərbaycana göstərdiyi ərzaq yardımının həcminin azalmamasına çalışacağını bildirən cənab Van Den Bruk eyni zamanda xatırlatdı ki, Avropa Birliyi yeni müstəqillik qazanmış dövlətlərə birdəfəlik ərzaq yardımı göstərmək əvəzinə, onların tələbatlarını özlərinin ödəməsinə şərait yaratmaq üçün bu dövlətlərin kənd təsərrüfatına yardım etməyi qərara almışdır. O, ümidvar olduğunu bildirdi ki, ölkənin kənd təsərrüfatının inkişafı üçün Azərbaycan ilə Avropa Birliyi arasında sıx əməkdaşlıq yaranacaq və gələcəkdə Azərbaycan özünü ərzaqla təmin etməklə yanaşı, başqa dövlətlərə də yardım göstərəcəkdir.
Səmimi sözlərə görə təşəkkürünü bildirən Prezident Heydər Əliyev Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq barədə aprelin 22-də bağlanmış sazişin gənc müstəqil Azərbaycan dövlətinin həyatında böyük tarixi hadisə olduğunu vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki, regionda sülhə nail olunması Zaqafqaziya dövlətləri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və burada yaşayan xalqların rifahının yüksəlməsinə gətirib çıxarardı.
İndiyədək Azərbaycana göstərilən humanitar yardım və birdəfəlik ərzaq yardımı üçün dərin minnətdarlığını bildirən Prezident Heydər Əliyev ölkəmizin daha böyük köməyə ehtiyacı olduğunu söylədi. O, keçid dövrünün çətinlikləri və iqtisadi islahatlar zamanı meydana çıxan problemlərlə yanaşı, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın vəziyyətində ağır şəraitdə yaşadığını bir daha xatırlatdı. Dövlətimizin başçısı münaqişənin dinc yolla aradan qaldırılması üçün aparılan danışıqlar barədə də ətraflı məlumat verdi.
Daha sonra Avropa Birliyi tərəfindən Azərbaycanda həyata keçirilən konkret layihələr barədə geniş fikir mübadiləsi oldu. Prezident Heydər Əliyev Avropa Birliyinin ölkəmizdə kənd təsərrüfatının inkişafına yardım göstərmək niyyətlərini yüksək qiymətləndirdi.
Azərbaycan Prezidenti dedi ki, bizim məqsədimiz Avropa Birliyinə qəbul olunmaqdır. Bunun üçün ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir, azad sahibkarlığa və bazar iqtisadiyyatına əsaslanan geniş miqyaslı islahatlar aparılır, mülkiyyətin özəlləşdirilməsinə dair dövlət proqramı qəbul olunub və həyata keçirilir, özəl sektorun yaradılması və xarici investisiyaların cəlb olunması üçün hər cür şərait təmin olunur, islahatların müvəffəqiyyəti üçün beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq edilir. Gənc müstəqil Azərbaycan dövləti təkcə sözdə deyil, əməli olaraq cəmiyyətin bütün sahələrində demokratikləşməni təmin etmək məqsədi ilə dünyanın qabaqcıl ölkələrinin, o cümlədən Avropa Birliyinin üzvü olan və demokratiya sahəsində böyük nailiyyətlər qazanmış dövlətlərin təcrübəsindən faydalanmağa çalışır. Bu ali məqsədlərə nail olmaqdan ötrü Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı bundan sonra da genişləndirmək üçün bütün tədbirləri görəcəkdir.
Görüşün sonunda Azərbaycan Prezidenti Avropa Birliyinin komissarı cənab Van Den Bruku Azərbaycana bir daha səfərə dəvət etdi.
Görüşdə Respublikanın Baş naziri Fuad Quliyev, xarici işlər naziri Həsən Həsənov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var