AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AVROPA BİRLİYİNİN PREZİDENTİ JAK SANTER İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Belçikada işgüzar səfərdə olarkən Brüsseldə Avropa Birliyinin prezidenti Jak Santer ilə görüşmüşdür.
Cənab Santer Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş bağlanması münasibətilə Prezident Heydər Əliyevi təbrik etdi və dedi ki, Zaqafqaziyanın üç respublikasının Avropa Birliyi çərçivəsində əməkdaşlıq etməsinə yaxşı zəmin var. Əməkdaşlığı inkişaf etdirmək üçün regionda sülhün və sabitliyin bərqərar olması mühüm şərtdir. Bu baxımdan o, münaqişəni aradan qaldırmaq üçün sülh danışıqlarını bundan sonra da davam etdirmək, atəşkəs rejiminə bundan sonra da riayət etmək, girovları və hərbi əsirləri “hamını hamıya” prinsipi əsasında dəyişdirmək barədə Azərbaycan və Ermənistan prezidentləri arasında Lüksemburqda birgə bəyanat qəbul olunmasını yüksək qiymətləndirdi.
Avropa Birliyinin prezidenti dövlətimizin başçısını Azərbaycanda yeni konstitusiyasının qəbul olunması və parlamentə ilk demokratik seçkilərin keçirilməsi münasibətilə təbrik etdi. O, müstəqil Azərbaycanın demokratiya yolu ilə addımlamasını, ölkədə islahatlar aparılmasını, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Prezident Heydər Əliyevin şəxsi səylərini yüksək qiymətləndirdiyini söylədi.
Cənab Santer Azərbaycanın müstəqilliyinin qorunub saxlanması sahəsində dövlətimizin başçısının atdığı uğurlu addımları diqqətlə izlədiyini bildirdi. O, Zaqafqaziya dövlətlərinin Avropaya inteqrasiya olması üçün öz müstəqilliyini qoruyub saxlayaraq, regionda iqtisadi əməkdaşlığının xüsusi əhəmiyyətini qeyd etdi.
Avropa Birliyinin prezidenti Azərbaycandakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münaqişəsinin aradan qaldırılması üçün aparılan sülh danışıqlarının perspektivləri, ölkəmizin Rusiya, İran, Türkiyə ilə münasibətləri ilə maraqlandı və bu barədə məlumat almaq istədiyini bildirdi.
Səmimi qəbul üçün cənab Santerə təşəkkürünü bildirən Prezident Heydər Əliyev Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında sazişin imzalanmasını xalqımız və onun gənc müstəqil dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə kimi qiymətləndirdi, Avropa ilə Asiyanın qovuşduğu mühüm coğrafi-siyasi məkanda yerləşən Azərbaycan dövlətinin Avropa ölkələri ilə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq etməsinə və Avropada gedən inteqrasiya proseslərinə böyük ümidlər bəslədiyini söylədi. O, Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra dünyanın bütün beynəlxalq təşkilatları, maliyyə qurumları ilə sıx münasibətlər yaratdığını, Avropa Birliyi ilə əməkdaşlığa isə xüsusi əhəmiyyət verdiyini bildirdi, Avropa Birliyinə daxil olan ölkələrin topladığı təcrübənin, demokratiyanı inkişaf etdirmək, səmərəli iqtisadiyyat yaratmaq, öz xalqlarının firavanlığını təmin etmək sahəsində əldə etdikləri nailiyyətlərin gənc müstəqil dövlətlər üçün nümunə olduğunu vurğuladı, eyni zamanda cənab Santerin fikri ilə razılaşaraq regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının Zaqafqaziya dövlətləri arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar aça biləcəyini söylədi.
Azərbaycan Prezidenti Lüksemburqa gələn kimi Ermənistan Prezidenti ilə görüşmək və danışıqlar aparmaq təşəbbüsündə olduğunu və nəticədə birgə bəyanatın qəbul edildiyini bildirməklə yanaşı, onu da qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi işğal olunmuş, minlərlə sosial obyekt, xalq təsərrüfatı obyekti, bütöv şəhərlər, kəndlər dağılmış, yerlə-yeksan edilmişdir, bu ərazilərdən bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın düşmüşdür və hazırda ağır vəziyyətdə yaşayır.
Sülhə nail olmaq üçün Azərbaycanın konstruktiv mövqe tutduğunu, güzəştlər etdiyini və çox sadə, ədalətli şərtlər irəli sürdüyünü vurğulayan Heydər Əliyev Azərbaycanın işinin haqq işi olduğunu, Ermənistana heç bir torpaq iddiası etmədiyini, yalnız bütün dünyada hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normalarının yerinə yetirilməsini, dövlətimizin ərazi bütövlüyünün, sərhədlərimizin toxunulmazlığının təmin edilməsini, işğal olunmuş bütün torpaqlarımızın azad edilməsini, azərbaycanlı qaçqınların yurd-yuvalarına qayıtmasını tələb etdiyini söylədi. O, cənab Santeri əmin etdi ki, Azərbaycan böyük sülhə nail olmaq üçün, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində, böyük dövlətlərin vasitəçiliyi ilə, o cümlədən Ermənistan ilə birbaşa danışıqlar yolu ilə aradan qaldırılması üçün bundan sonra da səylərini davam etdirəcəkdir.
Azərbaycana göstərilən humanitar yardım üçün Avropa Birliyinə təşəkkür edən Prezident Heydər Əliyev ümidvar olduğunu bildirdi ki, Avropa Birliyi xeyirxah köməyini bundan sonra da davam etdirəcək və regionumuzda sülhün və sabitliyin bərqərar olması üçün öz nüfuzundan istifadə edəcəkdir.
Dövlətimizin başçısı Azərbaycanda aparılan islahatları, demokratik dəyişiklikləri qiymətləndirdiyinə, o cümlədən ilk konstitusiyanın qəbul olunması və ilk demokratik parlament seçkiləri münasibətilə onu təbrik etdiyinə görə cənab Santerə təşəkkürünü bildirdi. Prezident Heydər Əliyev müsahibinə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olunması məqsədi ilə aparılan islahatlar barədə ətraflı məlumat verdi, dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış müqavilələrin Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olmasına və dünya iqtisadiyyatına tam inteqrasiya edilmək niyyətlərinə parlaq nümunə olduğunu vurğuladı.
Zaqafqaziyadakı dövlətlərin öz müstəqilliyini qorumaq sahəsində heç də eyni vəziyyətdə olmadıqlarını qeyd edən Azərbaycan Prezidenti ölkəmizin qonşu dövlətlərlə münasibətləri barədə cənab Santerə geniş məlumat verdi. Keçid dövrünə xas olan çətinliklərlə yanaşı, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən, bir milyondan çox qaçqını olan, habelə Çeçenistandakı hadisələrlə əlaqədar yolların bağlanması nəticəsində xeyli iqtisadi problemlərlə üzləşən Azərbaycanın daha çox yardıma və dəstəyə ehtiyacı olduğunu vurğulayan Prezident Heydər Əliyev ümid etdiyini bildirdi ki, Avropa Birliyi Azərbaycana xeyirxah köməyini davam etdirəcəkdir.
Görüşdə respublikanın Baş naziri Fuad Quliyev, xarici işlər naziri Həsən Həsənov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var