RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYÜK BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜ
Prezident Heydər Əliyev ilə görüşündən çox məmnun olduğunu söyləyən cənab Rifkind Azərbaycana səfəri zamanı ona göstərilmiş qonaqpərvərliyə və diqqətə görə bir daha minnətdarlığını bildirdi. O, Baş nazir Con Meycorun salamlarını dövlətimizin başçısına çatdıraraq dedi ki, Sizin Böyük Britaniyaya səfəriniz, orada keçirdiyiniz görüşlər, Adam Smit İnstitutunun təşkil etdiyi beynəlxalq konfransdakı çıxışınız ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb və həmişə xoş əhval-ruhiyyə ilə xatırlanır.
Xoş sözlərə görə cənab Rifkində minnətdarlığını bildirən Prezident Heydər Əliyev Adam Smit İnstitutunun təşkil etdiyi beynəlxalq konfransın respublikamızın iqtisadiyyatının inkişafına və xarici investisiyaların ölkəmizə cəlb olunmasına böyük təkan verdiyini nəzərə çarpdırdı. Respublikamızın rəhbəri dedi ki,Azərbaycan Böyük Britaniya ilə bütün sahələrdə sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu istiqamətdə son illər görülmüş işlər yüksək qiymətə layiqdir.
Demokratik hüquqi dövlət quruculuğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin Böyük Britaniyada diqqətlə izləndiyini və dəstəkləndiyini nəzərə çarpdıran cənab Rifkind respublikamızın müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün Prezident Heydər Əliyevin rəhbərliyi altında görülmüş işlərdən razılıqla söhbət açdı.
Görüşdə Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması yollarının müzakirəsinə də geniş yer ayrıldı. ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərdən və Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə aprelin 21-də Lüksemburqda apardığı danışıqlardan bəhs edən respublikamızın rəhbəri Heydər Əliyev dedi ki, münaqişədə hazırkı “nə müharibə, nə sülh” vəziyyəti daim davam edə bilməz, Azərbaycan öz torpaqlarının işğal altında qalmasına və öz ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən ələ keçirilməsinə yol verə bilməz.
Bu müharibədə respublikamızın böyük itkilərə, dağıntılara məruz qalmasına baxmayaraq, Azərbaycanın həmişə konstruktiv mövqedə durduğunu nəzərə çarpdıran Prezident Heydər Əliyev dedi ki, biz münaqişənin sülh yolu ilə həllini istəyirik və bunun üçün imkanlardan istifadə edirik. Lakin Ermənistan tərəfinin də belə mövqedən çıxış etməsi çox vacibdir.
Cənab Rifkind Azərbaycanın sülh mövqeyinin Böyük Britaniyada razılıqla qarşılandığını söyləyərək dedi ki, biz Sizin ölkənin haqq işini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Nazir dedi ki, Böyük Britaniya dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanması prinsipinə həmişə tərəfdar olmuşdur.
Görüşdə ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişaf məsələləri də geniş müzakirə olundu, “Britiş Petroleum” şirkətinin respublikamızla əlaqələrindən razılıqla söhbət açıldı. Nazir dövlətimizin başçısından xahiş etdi ki, “Şahdəniz” yatağının birgə işlənməsində “Remko” şirkətinə də kömək edilsin. Cənab Rifkind Prezident Heydər Əliyevlə ötən dəfəki görüşündə Böyük Britaniya Hava Yolları Şirkətinin həftədə iki dəfə uçuşlar etməsinə kömək göstərmək barədə xahişinin yerinə yetirildiyinə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi.