AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FİNLANDİYA XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Aprelin 22-də Azərbaycan Prezidenti Heydər Əliyev Lüksemburqda işgüzar səfərdə olarkən Finlandiyanın xarici işlər naziri Tarya Halonen ilə görüşmüşdür.
Prezident Heydər Əliyev ilə görüşməsindən məmnun olduğunu bildirən xanım Halonen bu günləri Avropa Birliyinin tarixində mühüm bir hadisə kimi qiymətləndirdi.
Xanım Haloneni hərarətlə salamlayan dövlətimizin başçısı onun fikrinə tərəfdar olduğunu bildirərək dedi ki, bu, Azərbaycan Respublikasının tarixində də çox mühüm hadisədir. Ölkəmizin Avropa Birliyi ilə belə sıx əlaqələr qurmasının böyük əhəmiyyəti olduğunu nəzərə çarpdıran Prezident Heydər Əliyev dedi: Finlandiya bu birliyə daxil olmaq üçün müəyyən yol keçib, hətta referendum keçirib. Çünki ölkənizin Avropa Birliyinə daxil olub-olmamasının müsbət və mənfi tərəfləri var idi. Amma xalqınız bu birliyə daxil olmağa səs verdi.
Bütün bunlar haqqında Prezident Heydər Əliyevin dəqiq məlumatı olmasından heyranlıqla söhbət açan xanım Halonen dedi ki, bəli, xalqımız çox realistdir, biz Avropa Birliyinə böyük ümidlərlə baxırıq və bu birliyin müsbət cəhətlərindən öz ölkəmizin inkişafında istifadə etmək istəyirik.
Xanım Halonen daha sonra dedi: Hörmətli Prezident, Siz ölkənizin Avropa Birliyinə daha sıx inteqrasiyası istiqamətində apardığınız siyasəti həyata keçirdikcə, Azərbaycan bu birliyin müxtəlif strukturlarında iştirak etməyə cəlb olunduqca Finlandiya ilə həm Avropa Şurasında, həm də birliyin ayrı-ayrı strukturlarında əməkdaşlıq edəcəkdir. Nazirin fikrincə, ölkələrimizin ATƏT çərçivəsindəki əlaqələri də unudulmalıdır.
Azərbaycanın Finlandiya ilə bütün sahələrdə sıx əməkdaşlıq etmək istədiyini bildirən dövlətimizin başçısı dedi ki, ölkəmiz hələ vaxtilə Sovetlər İttifaqının tərkibində olarkən bizim Finlandiya ilə sıx əlaqələrimiz olub. Finlandiyanın keçmiş prezidentləri Kekkonenin və Koyvistonun vaxtilə Azərbaycanın qonağı olduğunu xatırladan Prezident Heydər Əliyev dedi: İndi tale elə gətirib ki, Finlandiya Minsk qrupunun həmsədridir və mən bunu çox yüksək qiymətləndirirəm.
ATƏT-in 1994-cü ilin dekabrında Budapeştdə keçirilən zirvə toplantısında Finlandiya Prezidenti Marti Axtisaari ilə görüşünü xatırlayan dövlətimizin başçısı dedi ki, biz ölkələrimizin əlaqələrinin inkişaf perspektivləri barədə geniş söhbət aparmışıq. İndi isə Azərbaycan Avropa Birliyinə yaxınlaşır. Demək, bizim burada əlaqələrimiz daha sıx olacaqdır.
Prezident Heydər Əliyev nazir Halonen ilə bugünkü görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi barədə fikir mübadiləsi aparılmasına xüsusi ehtiyac olduğunu vurğuladı. Görüşdə problemin həlli yolları barədə geniş söhbət aparıldı, Minsk qrupunun həmsədri kimi Finlandiyanın bu məsələdə rolunun daha da artırılması məsələləri müzakirə olundu.
Xəbərin mətnində orfoqrafik səhv var