AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Aprelin 23-də Azərbaycan Prezidenti Heydər Əliyev Belçikada işgüzar səfərdə olarkən Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşmüşdür.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Eduard Şevardnadze bu il martın əvvəlində Prezident Heydər Əliyevin Gürcüstana rəsmi səfərinin gürcü xalqının qəlbində dərin izlər buraxdığını və müstəqillik qazanmış dövlətlərimiz arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm mərhələ olduğunu vurğuladı.
Söhbət zamanı hər iki ölkədə eyni xarakterli problemlərin aradan qaldırılması yolları, müstəqil dövlət quruculuğu prosesinin gedişi barədə geniş fikir mübadiləsi aparıldı.
Prezident Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı iki ölkə arasında imzalanmış sənədlərin tarixi əhəmiyyətindən söhbət açan prezidentlər dövlətlərimizin və xalqlarımızın münasibətlərinin daha da möhkəmləndirilməsi yolunda yeni addımlar atılmasının vacibliyini qeyd etdilər. Dövlət başçılarının fikrincə, Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında imzalanmış bəyannamə regionda əmin-amanlıq yaradılması istiqamətində çox mühüm bir addımdır, münaqişələrin sülh yolu ilə aradan qaldırılmasına Azərbaycanın və Gürcüstanın həmişə tərəfdar olduqlarının nümayişidir.
Görüşdə Azərbaycanın ilkin neftinin Gürcüstan ərazisindən nəqli, habelə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha da möhkəmləndirilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə də müzakirələr aparıldı. Söhbət zamanı dövlət başçıları ölkələrimizi maraqlandıran digər məsələlərə də toxundular.
Xəbərin mətnində orfoqrafik səhv var