RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İRAN PREZİDENTİ SEYİD MƏHƏMMƏD XATƏMİ İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, aprelin 23-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşü olmuşdur.
Prezident Heydər Əliyev və Prezident Seyid Məhəmməd Xatəmi bir-birini mehribanlıqla salamladılar, bu görüşdən çox məmnun olduqlarını bildirdilər.
Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabadda keçirilən ilk zirvə görüşünün Xəzərin problemlərinin həll olunmasında, sahilyanı ölkələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu vurğulayan Prezident Heydər Əliyev, eyni zamanda, Azərbaycan-İran münasibətlərinə toxundu və ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çarpdırdı.
Prezident Xatəmi ölkələrimizin qarşılıqlı münasibətlərindən söhbət açaraq bildirdi ki, İran Azərbaycanla səmərəli əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir. İran Prezidenti Seyid Məhəmməd Xatəmi Azərbaycan Prezidenti Heydər Əliyevə siyasətdə xüsusi rolu, zəngin təcrübəsi olan bir dövlət xadimi kimi böyük hörmət bəslədiyini bildirdi. Cənab Xatəmi istər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, istərsə də beynəlxalq, regional məsələlərin həlli üçün Prezident Heydər Əliyevin böyük təcrübəsindən həmişə istifadə edilməsinin vacib olduğunu xüsusi vurğuladı.
Cənab Xatəmi Azərbaycan Prezidenti Heydər Əliyevin rəsmi səfərini Tehranda səbirsizliklə gözlədiklərini bildirdi.
Xoş sözlərə görə İran dövlətinin başçısına təşəkkür edən Prezident Heydər Əliyev İran İslam Respublikasına yaxın vaxtlarda səfər edəcəyini nəzərə çarpdırdı.
Görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad zirvə görüşü, Azərbaycan-İran əməkdaşlığının perspektivləri, regionda vəziyyət və hər iki ölkəni maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.