RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ BAŞA ÇATDI

Yanvarın 30-da İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunda dünya energetikasının problemlərinə həsr olunmuş sessiya öz işinə başladı. Sessiyanı energetika sahəsində dünyanın ən görkəmli mütəxəssislərindən biri – ABŞ-ın Kembric Universitetinin professoru Qustavson açdı.

Sessiyada neft-qaz hasilatı, emalı və nəqlinin problemləri və dünya bazarında bu məhsulların qiymətinin tənzimlənməsi məsələləri müzakirə olundu.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev sessiyada çıxış etdi. Azərbaycan neftinin tarixindən və dünya miqyasında nüfuzundan söhbət açan Prezident dedi ki, respublikamızda yanacaq hasilatı indi də yüksək səviyyədədir və biz neft yataqlarımızın birgə işlənməsi sahəsində Qərblə əməkdaşlıq etməyə hazırıq. Heydər Əliyev Azərbaycanın dünya iqtisadiyyatı ilə əlaqələrində mühüm rol oynayacaq sənəddən – 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndən bəhs etdi. Onun fikrincə, dünyanın iri dövlətləri zəngin təbii ehtiyatları olan Azərbaycana investisiyalar qoyulmasının sürətləndirsələr, iqtisadi islahatlar proqramının həyata keçirilməsində ölkəmizə yaxından kömək göstərsələr, bu, qarşılıqlı fayda verər.

Heydər Əliyevin çıxışı diqqətlə dinlənildi və böyük maraq doğurdu.

Elə həmin gün Azərbaycan Prezidenti Rusiya Federasiyası Baş nazirinin birinci müavini Anatoli Çubaysla görüşdü. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirildi.

Yanvarın 30-da Heydər Əliyev Fransanın “Elf Atigen” şirkətinin prezidentini qəbul etdi.

x x x


Yanvarın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev İsveçrəyə səfəri başa çatdı.

Elə həmin gün Azərbaycan dövlətinin başçısı və onu müşaiyət edən şəxslər Vətənə qayıtdılar. Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin