RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İTALİYANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜ

Aprelin 22-də Lüksemburqda Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq barədə sazişin imzalanması mərasimindən əvvəl respublikamızın Prezidenti Heydər Əliyev İtaliyanın xarici işlər naziri Suzana Anyelli ilə görüşdü.

Görüş zamanı Azərbaycan–İtaliya münasibətlərinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Hazırda Avropa Şurasının icraçı prezidenti səlahiyyətlərini icra edən İtaliya naziri Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məqsədi ilə aprelin 21-də Azərbaycan və Ermənistan prezidentlərinin sülh danışıqlarını davam etdirmək barədə birgə bəyanatını yüksək qiymətləndirdiyini bildirdi.

Sülhə nail olmaq üçün Azərbaycanın irəli sürdüyü şərtlər barədə xanım Anyelliyə ətraflı məlumat verən dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinin Qafqazda ən uzun sürən münaqişə olduğunu xatırlatdı. Prezident Heydər Əliyev Azərbaycanın bu münaqişənin ATƏT çərçivəsində eləcə də Ermənistan ilə birbaşa danışıqlar yolu ilə həll etmək arzusunda olduğunu bir daha ifadə etdi.

Əslən İtaliyadan olan diplomat Mario Raffaellinin səylərini xatırladan Azərbaycan Prezidenti bu münaqişənin həll olunmasında İtaliyanın daha fəal iştirak etməsinin vacibliyini vurğuladı.

Daha sonra İtaliya–Azərbaycan iqtisadi əməkdaşlığının perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, ölkəmizin iqtisadiyyatının bazar iqtisadiyyatı prinsipi əsasında inkişaf etdirilməsi, dünya iqtisadiyyatına bağlanması üçün aparılan islahatlar barədə xanım Anyelliyə ətraflı məlumat verən Azərbaycan Prezidenti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft ehtiyatlarının Qərbin aparıcı şirkətləri ilə birgə işlənilməsinə dair imzalanmış “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük layihə hesab edilən “Qarabağ” yatağının istismarı ilə əlaqədar imzalanmış müqavilədə İtaliyanın ACİP şirkətinin iştirakı üzərində xüsusi dayandı. O qeyd etdi ki, bu müqavilənin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin fəallaşması üçün təkan olacaqdır.

Daha sonra İtaliya kapitalının Azərbaycana cəlb olunması, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin