RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN LATVİYANIN BAŞ NAZİRİ MAYERİS QAYLİS İLƏ GÖRÜŞÜ

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsveçrənin Davos şəhərində Latviya Respublikasının Baş naziri Mayeris Qaylis ilə görüşdü. Azərbaycan ilə Latviya arasında yüksək səviyyədə görüşün ilk dəfə keçirildiyini qeyd edən respublika Prezidenti bu tanışlıqdan razı qaldığını bildirdi.

Görüşdə iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə dövlətlərimiz arasında əlaqələri genişləndirmək imkanları hərtərəfli müzakirə olundu. Qeyd edildi ki, vaxtilə keçmiş İttifaqın tərkibində sıx əməkdaşlıq etmiş respublikalarımız müstəqil dövlət olduqları indiki dövrdə bütün sahələrdə əlaqələri daha da inkişaf etdirmək imkanına malikdirlər və bütün bunların reallaşdırılması üçün hüquqi zəmin hazırlanmalıdır. Tezliklə ayrı-ayrı konkret sahələrdə əlaqələrin bərpası üçün dövlətlərarası müqavilələrin imzalanmasına hazırlıq işləri görmək lüzumuna xüsusi diqqət yetirildi.

Görüş səmimilik və dostluq şəraitində keçdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin