AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ İQTİSADİ STRATEGİYANIN BAŞ NAZİR İLHAM ƏLİYEV TƏRƏFİNDƏN DAVAMETDİRİLMƏSİ RESPUBLİKAMIZA DAHA SANBALLI NAİLİYYƏTLƏR QAZANDIRACAQDIR
AzerTAg.az
BU FİKİR MALİYYƏ NAZİRLİYİNİN AVQUSTUN 9-DA
KEÇİRİLMİŞ GENİŞ KOLLEGİYA İCLASINDA DƏFƏLƏRLƏ SƏSLƏNMİŞDİR
Azərbaycan Respublikasının Maliyyə Nazirliyində 2003-cü ilin altı ayında dövlət büdcəsinin icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
İclasa sədrlik edən maliyyə naziri Əvəz Ələkbərov demişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, böyük idarəçilik və təşkilatçılıq təcrübəsi olan, yüksək diplomatik bacarığı ilə beynəlxalq aləmdə nüfuz qazanan İlham Əliyevin Baş nazir təyin edilməsi ölkəmizi iqtisadi sahədə daha sanballı uğurlara qovuşduracaqdır.
Yeni təyinatın Maliyyə Nazirliyinin işində də müsbət dönüş yaradacağına, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin bundan sonra da uğurla davam etdiriləcəyinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının dönməzliyinə təminat olduğunu bildirən natiq Baş nazir İlham Əliyevi maliyyəçilər adından təbrik edərək demişdir: Cənab İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik edir, ona işlərində uğurlar arzulayır, möhkəm cansağlığı diləyirəm. Əmin edirəm ki, Azərbaycanın tərəqqisi naminə görəcəyi bütün işlərdə möhtərəm İlham Əliyevə yardımçı olacağıq.
Çıxışına davam edən Əvəz Ələkbərov Azərbaycan Prezidenti Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq respublikada aparılan iqtisadi islahatlar nəticəsində 2003-cü ildə ölkənin maliyyə siyasətinin formalaşması prosesinin müvəffəqiyyətlə həyata keçirildiyini, iqtisadi sabitliyin qorunub saxlandığını, düzgün büdcə-vergi siyasətinin aparıldığını, iqtisadiyyata sərmayə qoyulmasının artdığını və beynəlxalq maliyyə təşkilatları ilə işgüzar əlaqələrin genişləndiyini xüsusi vurğulamışdır. Nazir demişdir ki, 2003-cü ilin yanvar-iyun aylarında Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə MDB-nin bir sıra ölkələrini geridə qoymuşdur. Ümumi daxili məhsulun həcmi 2002-ci ilin birinci yarısı ilə müqayisədə 10,1 faiz və ya 1,3 trilyon manat artaraq 15,4 trilyon manata çatmışdır.
2003-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili proqnozu 105,9 faiz icra olunmuşdur ki, bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 faiz çoxdur. Həmin dövrdə dövlət büdcəsinin xərcləri 95,4 faiz icra edilərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz artmışdır.
Dövlət büdcəsi xərclərinin icrası zamanı sosial yönümlü sahələrin maliyyələşdirilməsinə üstünlük verildiyini bildirən Əvəz Ələkbərov əhalinin rifahının yaxşılaşdırılması üçün ölkəmizin Prezidentinin sərəncamları ilə büdcədən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarının artırıldığını xüsusi vurğulamışdır. Maliyyə naziri işləyənlərin orta aylıq əmək haqlarının 2003-cü ilin altı ayı ərzində 21,4 faiz artaraq 373,5 min manat, adambaşına düşən pul gəlirlərinin isə 11,2 faiz artaraq 1360,6 min manat təşkil etdiyini söyləmişdir. Əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,2 faiz yüksələrək, 941,8 milyard manata çatmışdır.
İlin əvvəlindən bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın və sosial sahələrin inkişafına 7,2 trilyon manat sərmayə yönəldilmişdir.
2003-cü ilin yanvar-iyun aylarında makroiqtisadi göstəricilərdə müşahidə olunan müsbət tendensiya iyul ayında da davam edib. İqtisadi proqnozlar bu artımın ilin sonunadək yüksələn xəttlə inkişaf edəcəyini söyləməyə əsas verir.
Kollegiya iclasında 2004-cü ilin dövlət büdcəsi layihəsinin üzərində işlərin yekunlaşdığı da vurğulanmışdır. Qeyd olunmuşdur ki, növbəti ilin büdcə layihəsi ilə bağlı məsələlərin həlli müvəffəqiyyətlə həyata keçirilir və layihəyə keyfiyyət baxımından edilən dəyişikliklər büdcənin şəffaflığının artmasını göstərir.
2004-cü ilin dövlət büdcəsinin funksional və iqtisadi təsnifat üzrə təsdiq edilməsi nəzərdə tutulur. Büdcə kəsirinin, həmçinin vergi yükünün azaldılması, kənd təsərrüfatında vergi güzəştlərinin saxlanılması, aksizlərin tətbiqinin təkmilləşdirilməsi, “Dövlət qulluğu haqqında” Qanunun tam tətbiq olunması ilə bağlı əlavə vəsaitlərin proqnozlaşdırılması, tələbələrə ödənilən təqaüdlərin ünvanlılığının, kiçik və orta sahibkarlığa dövlət qayğısının daha da artırılması, 28-ci Yay Olimpiya oyunlarına hazırlıqla əlaqədar vəsaitlər və digər vacib məsələlər layihədə öz əksini tapıb. İclasda şəhər və rayon maliyyə idarələrinin rəhbərləri çıxış edərək, kollegiyada səslənən iradların tez bir zaman aradan qaldırılması üçün işlərində dönüş yaradacaqlarına söz vermişlər.
İclasın sonunda maliyyə naziri Əvəz Ələkbərov maliyyə orqanları işçilərinə ölkəmizin başçısının sərəncamlarına əsasən əmək haqlarının artırılması ilə əlaqədar maliyyələşdirmənin vaxtında həyata keçirilməsi, 2004-cü ilin dövlət büdcəsinin keyfiyyətlə tərtibi, aparılan təhlil işlərinin gücləndirilməsi, 2005-2007-ci illər üçün proqnoz göstəricilərinin təqdim olunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Kollegiya iclasında Prezidentin İcra Aparatı iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov iştirak edirdi.
Xəbərin mətnində orfoqrafik səhv var