AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NATO-NUN BAŞ KATİBİ XAVYER SOLANA İLƏ GÖRÜŞÜ
AzerTAg.az
Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Belçikada işgüzar səfərdə olarkən Brüsseldə - NATO-nun baş qərargahında bu təşkilatın baş katibi Xavyer Solana ilə görüşmüşdür.
Azərbaycan Prezidentini səmimi salamlayan cənab Solana onu NATO-nun baş qərargahında yenidən görməyinə çox şad olduğunu söylədi. Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq barədə imzalanmış sazişi Azərbaycanın Avropaya inteqrasiyası yolunda çox mühüm sənəd hesab etdiyini bildirən baş katib dövlətimizin başçısını bu münasibətlə təbrik etdi.
NATO-nun baş katibi Zaqafqaziyada cərəyan edən hadisələri diqqətlə izlədiyini bildirərək, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini qoruyub saxlamaq üçün Prezident Heydər Əliyevin apardığı qətiyyətli və cəsarətli siyasəti yüksək qiymətləndirdiyini qeyd etdi və NATO-da Heydər Əliyevin şəxsiyyətinə böyük maraq və dərin hörmət olduğunu xüsusi vurğuladı.
Azərbaycanın da qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramının əsl mahiyyətini açıqlayan cənab Solana qeyd etdi ki, bu proqramın əsas məqsədi dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə yanaşı, dövlətlərin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə kömək etməkdən ibarətdir. NATO-nun bu proqramı çərçivəsində əməkdaşlıq məhz sülhə xidmət edir.
Çox mühüm coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının NATO üçün də əhəmiyyət kəsb etdiyini vurulayan baş katib regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunmasının, regiondakı dövlətlərin öz xalqlarının rifahı naminə əməkdaşlığının mühümlüyünü nəzərə çarpdırdı.
Daha sonra baş katib qeyd olunan proqram çərçivəsində Azərbaycan ilə NATO arasında əməkdaşlığın konkret yolları barədə fikirlərini açıqladı.
Xoş sözlər üçün təşəkkürünü bildirən Prezident Heydər Əliyev NATO-nun baş qərargahına ikinci səfərindən məmnun olduğunu söylədi. O dedi ki, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq barədə sazişin imzalanmasını müstəqillik qazandıqdan sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək yolunu tutmuş dövlətimizin həyatında çox böyük tarixi hadisə hesab edir.
1994-cü ilin yanvarında NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmaq çağırışına birincilər sırasında cavab verən Azərbaycanın həmin ilin mayında bu proqrama qoşulduğunu və NATO ilə əməkdaşlıqdan çox şey gözlədiyini söyləyən Azərbaycan Prezidenti sülh və təhlükəsizlik naminə bu əməkdaşlığı daha da inkişaf etdirməyin tərəfdarı olduğunu bildirdi. Qeyd olundu ki, dövlət müstəqilliyini özünün ən qiymətli tarixi nailiyyəti hesab edən Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Söhbət zamanı NATO–Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması və Qafqazda sülhün, sabitliyin bərqərar olunması məsələləri barədə ətraflı fikir mübadiləsi aparıldı.
Ermənistanın 8 ildən bəri davam edən təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan çox vətəndaşımızın qaçqın düşməsi barədə baş katibə ətraflı məlumat verən Prezident Heydər Əliyev münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Azərbaycanın konstruktiv mövqe tutduğunu, müəyyən güzəştlərə getməyə hazır olduğunu söylədi.
Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaq istəməməsi, işğal olunmuş torpaqları boşaltmaqdan imtina etməsi, habelə sülh danışıqlarında qeyri-konstruktiv mövqedən, zor işlətmək, hərbi üstünlüyə malik olmaq mövqeyindən çıxış etməsi sülhün əldə olunması üçün əsas maneələrdir.
Prezident Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması yolunda qarşılaşdığımız çətinliklər, lakin bunların qətiyyətlə aradan qaldırılması barədə cənab Solanaya məlumat verdi. O, baş katibin belə bir fikri ilə razı olduğunu bildirdi ki, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi regional əməkdaşlığa və bu regionda yaşayan xalqların maddi rifahının yüksəlməsinə gətirib çıxarardı.
Söhbət zamanı Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin getməsi, siyasi plüralizmin, çoxpartiyalı sistemin, söz, mətbuat, vicdan azadlığının bərqərar olması sahəsində, iqtisadiyyatımızı dünya iqtisadiyyatına bağlamaq məqsədi ilə aparılan islahatlar, azad sahibkarlığın, bazar iqtisadiyyatının inkişaf etdirilməsi üçün görülən tədbirlərdən də danışıldı.
Dövlətimizin başçısı Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Respublikasının prezentasiya sənədini NATO-nun baş katibinə təqdim etdi.
Görüşün sonunda Azərbaycan Prezidenti Heydər Əliyev cənab Solananı Azərbaycana səfərə dəvət etdi.
Xəbərin mətnində orfoqrafik səhv var