RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NORVEÇƏ RƏSMİ SƏFƏRİ
Norveç Krallığının Baş naziri xanım Quru Harlem Brundtland ilə Azərbaycan Prezidenti Heydər Əliyev arasında danışıqlar olmuşdur. Danışıqlar başa çatdıqdan sonra 3 mühüm sənəd imzalanmışdır. Bu mərasimdən sonra xanım Brundtland və Prezident Heydər Əliyev mətbuat nümayəndələrinin suallarına cavab vermişlər. Norveçin Baş naziri Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdir.
Prezident Heydər Əliyevin bütün dünyada məşhur olan səyyah Tur Heyerdalla və Norveçdəki azərbaycanlılar icmasının nümayəndələri ilə görüşləri olmuşdur.
Aprelin 25-də dövlətimizin başçısı Norveç televiziyasına geniş müsahibə vermiş, ölkə parlamentinin - Stortinqin sədri ilə görüşdükdən sonra isə parlament komissiyaları qarşısında Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumatla çıxış etmişdir. Azərbaycan rəhbəri günortadan sonra Norveçin dövlət başçısı kral V Herald ilə görüşmüşdür. Daha sonra Prezident Heydər Əliyev Norveçin məşhur “Kverner” şirkətində olmuş, “Statoyl” şirkətinin fəaliyyətə başladığı Stavanger şəhərinə getmişdir.
Elə həmin gün “Statoyl” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Azərbaycan rəhbərinin Norveçə səfəri davam edir.