RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NORVEÇƏ RƏSMİ SƏFƏRİ
Azərbaycan Prezidenti Stavangerdə neft mədənləri üçün qazma avadanlığı istehsal edən müəssisələrlə tanış olmuşdur. Səfər proqramına Norveç neftçilərinin Şimal dənizində quraşdırdıqları platformalarla tanışlıq da daxil idi. Lakin hava şəraiti əlverişsiz olduğuna görə ev sahibləri bu səfəri təxirə salmaq istəyirdilər. Azərbaycan Prezidenti Heydər Əliyev bununla razılaşmamış, xüsusi vertolyotla sahildən 100-150 kilometr aralıda yerləşən platformalara yola düşmüş, "Statoyl" şirkətinin dəniz mədənləri ilə, o cümlədən çox hündür və nadir platforma ilə, Norveç neftçilərinin tətbiq etdiyi müasir texnologiya ilə tanış olmuşdur.
Həmin gün Prezident Heydər Əliyev Stavangerdə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, səfərin ilkin yekunları barədə yerli jurnalistlər qarşısında çıxış etmişdir. Norveçdə keçirdiyi görüşlərdən razı qaldığını bildirən Azərbaycan rəhbəri onun səfərinin hər iki ölkə üçün böyük əhəmiyyəti olduğunu vurğulamışdır.
Azərbaycan Prezidenti yerli jurnalistlərin Qafqazdakı hadisələrlə bağlı suallarına cavab verərkən bildirmişdir ki, regionda şəraitin mürəkkəb olmasına baxmayaraq, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxlayacaqdır. Dövlətimizin başçısı regionda müharibənin yenidən başlanacağı və Azərbaycanın cənub sərhədlərinə Rusiya qoşunlarının gətiriləcəyi barədə ehtimalların əsassız olduğunu söyləmişdir.
Aprelin 27-də Azərbaycan Prezidenti Heydər Əliyevin Norveçə rəsmi səfəri başa çatır.