RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NORVEÇİN BAŞ NAZİRİ QRU HARLEM BRUNDTLAND İLƏ GÖRÜŞÜ

Aprelin 24-də Azərbaycan Prezidenti Heydər Əliyev Osloda rəsmi səfərdə olarkən Norveçin Baş naziri Qru Harlem Brundtland ilə görüşdü.

Dövlətimizin başçısını çox səmimiyyətlə salamlayan xanım Brundtland beynəlxalq təşkilatların toplantılarında Prezident Heydər Əliyev ilə keçirdiyi görüşləri razılıq hissi ilə xatırladı və onu Norveçdə görməkdən çox məmnun olduğunu bildirdi.

Azərbaycan ilə Norveç arasındakı mövcud əlaqələrdən razılıqla söhbət açan Baş nazir respublikamızın neft yataqlarının Qərbin nüfuzlu neft şirkətləri ilə birgə işlənməsində “Statoyl” şirkətinin iştirakından məmnun qaldığını söylədi. Xanım Brundtland əmin olduğunu bildirdi ki, bu əlaqələr təkcə neft sənayesi ilə məhdudlaşmayacaq, Azərbaycanın zəngin sərvətlərindən birgə istifadə edilməsində, o cümlədən respublikamızın iqtisadiyyatının digər sahələrinə də Norveç investisiyalarının qoyulması yolu ilə daha da inkişaf etdiriləcəkdir.

Ölkəmiz ilə Norveç arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıqdan söhbət açan xanım Brundtland Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün aparılan danışıqların nəticələrinə maraq göstərdi.

Səmimi qəbul üçün Baş nazir Brundtlanda təşəkkürünü bildirən Prezident Heydər Əliyev onunla əvvəllər keçirdiyi görüşləri həmişə məmnuniyyətlə xatırladığını qeyd etdi. Dövlətimizin başçısı onu Norveçə rəsmi səfərə dəvət etdiyi üçün xanım Brundtlanda minnətdarlıq etdi və dost ölkəyə gəlməyə şad olduğunu söylədi.

Norveç ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yarandığını nəzərə çarpdıran Prezident “Statoyl”un ölkəmizdə “Əsrin müqaviləsi”ndə iştirakından razılıqla söhbət açdı və digər şirkətlərin də respublikamızda geniş fəaliyyəti üçün hər cür şərait olduğunu vurğuladı.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlərdən bəhs edən Prezident Heydər Əliyev ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt zirvə toplantısında xanım Brundtlandın da fəal iştirakı ilə qəbul olunmuş qərardan sonra Minsk qrupu çərçivəsində, böyük dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqlardan və birbaşa dialoqlardan söhbət açaraq, Minsk qrupunun fəaliyyətinə böyük ümidlər bəslədiyini nəzərə çarpdırdı.

Aprelin 21-də Lüksemburqda Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə görüşündən və bu görüşdə qəbul edilmiş birgə bəyanatdan geniş bəhs edən Prezident Heydər Əliyev dedi ki, Azərbaycan sülhsevər dövlətdir, münaqişəni yalnız sülh yolu ilə həll etməyə çalışır. Dövlətimizin başçısı dedi ki, ölkəmizə dəymiş böyük maddi, mənəvi zərbələrə, respublikamızın ərazisinin 20 faizindən çoxunun işğal altında olmasına, bir milyondan artıq vətəndaşımızın didərgin vəziyyətində, ağır şəraitdə yaşamasına baxmayaraq, biz Ermənistana ədalətli sülh təklif edirik.

Dağlıq Qarabağda yaşayan təxminən yüz minə yaxın erməniyə Azərbaycan dövlətinin tərkibində dünya təcrübəsində mövcud muxtar qurum statusu verməyə, eyni zamanda, Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyini təmin etməyə ölkəmizin hazır olduğunu bildirdi. Bu danışıqlarda sülh əldə edilməməsinin əsas səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqe tutması, zor işlətməsi və bir sıra ölkələrə arxalandığını nəzərə çarpdıran Prezident Heydər Əliyev dedi ki, biz bundan sonra da sülh danışıqlarını davam etdirmək istəyirik.

Görüşdə Norveç–Azərbaycan əməkdaşlığını genişləndirmək imkanları da nəzərdən keçirildi. Xanım Brundtland əmin olduğunu bildirdi ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz”yatağının birgə istismarı ilə əlaqədar aparılan danışıqlar uğurla başa çatacaq və müqavilə imzalanacaqdır.

Avropa ölkələrindən Norveçin Azərbaycanın müstəqilliyini birincilər sırasında tanıdığını və ölkəmizdə işləyən xarici şirkətlər arasında “Statoyl”un ilk şirkətlərdən biri olduğunu nəzərə çarpdıran Prezident Heydər Əliyevin fikrincə, Norveç, o cümlədən “Statoyl” ilə əməkdaşlığımız uzunmüddətli olacaqdır. XXI əsrin Norveç ilə Azərbaycan arasında yaxın münasibətlər əsri olacağına ümid bəslədiyini bildirən dövlətimizin başçısı dedi ki, bu əlaqələr möhkəm zəmin üzərində qurulur, ona görə də gərək dövlətlərimiz bütün beynəlxalq təşkilatlarda daha sıx əməkdaşlıq etsinlər.

Həmin gün imzalanacaq sənədlərin bu cür sağlam əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza olacağını bəyan edən xanım Brundtland bildirdi ki, Azərbaycancan-Noreç dostluğu sarsılmazdır və biz Sizin ölkənizi beynəlxalq təşkilatlarda bundan sonra da dəstəkləyəcəyik, respublikamızın iqtisadiyyatının tərəqqisi üçün öz töhfəmizi verəcəyik.

Görüşdə ATƏT çərçivəsində əməkdaşlıq, ATƏT-in sülhməramlı qüvvələrində Norveçin iştirakı, iqtisadi əlaqələrin bir sıra cəhətləri barədə də fikir mübadiləsi aparıldı. Norveçin digər şirkətlərinin də respublikamızdakı fəaliyyətindən razılıqla söhbət açıldı. Bu ilin iyun ayında Bakıda keçiriləcək neft-qaz sərgisində Norveç hökumətini təmsil edəcək nümayəndə heyəti respublikamıza dəvət olundu.

Görüşün sonunda Prezident Heydər Əliyev xanım Brundtlandı Azərbaycana rəsmi səfərə dəvət etdi. Bu dəvət məmnuniyyətlə qəbul olundu.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin