RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÖZBƏKİSTANA SƏFƏRİ BAŞA ÇATDI
Dost ölkə paytaxtının hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı Heydər Əliyevi Özbəkistan Prezidenti İslam Kərimov və digər rəsmi şəxslər qarşıladılar. Milli paltar geymiş məktəblilər respublikamızın rəhbərinə gül-çiçək dəstələri təqdim etdilər.
Elə həmin gün Daşkənddə türk dilli ölkələrin dövlət başçılarının dördüncü Zirvə toplantısı öz işinə başladı.
Zirvə toplantısını giriş sözü ilə Özbəkistan Prezidenti İslam Kərimov açdı. Azərbaycan Prezidenti Heydər Əliyev və Zirvə toplantısının iştirakçısı olan digər ölkələrin dövlət başçıları nitq söylədilər.
Zirvə toplantısından dərhal sonra dövlət başçıları Daşkənd bəyannaməsini imzaladılar. Daha sonra onlar mətbuat konfransı keçirdilər.
Okytabrın 21-də axşam Özbəkistan Prezidenti İslam Kərimov türkdilli ölkələrin dövlət başçılarının şərəfinə ziyafət verdi. Respublikamızın rəhbəri də ziyafətdə çıxış etdi.
Səmərqənddə türkdilli ölkələrin və Tacikistanın dövlət başçılarının şərəfinə rəsmi ziyafət verildi. Azərbaycan Prezidenti Heydər Əliyev ziyafətdə çıxış etdi.
Həmin gün günortadan sonra Azərbaycan Prezidenti Heydər Əliyev Daşkəndə qayıtdı və oradan Vətənə yola düşdü.
Respublikamızın rəhbərini Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti Əsgər Akayev, Tacikistan Prezidenti İmaməli Rəhmonov yola saldılar.