AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN PARİSƏ SƏFƏRİ BAŞA ÇATDI
AzerTAg.az
Orli hava limanında dövlətimizin başçısını Fransanın yüksək vəzifəli şəxsləri qarşıladılar. Azərbaycan rəhbərinin şərəfinə fəxri qarovul düzülmüşdü. On dörd il ərzində Fransa Prezidenti kimi yüksək vəzifə daşımış, həmrəylik, sosial ədalət, humanizm amallarının bərqərar olması uğrunda qətiyyətlə mübarizə aparmış, demokratiya, vahid Avropa ideallarına sədaqətlə xidmət etmiş Fransua Mitteranın matəm mərasimində iştirak etmək üçün onlarca ölkənin dövlət və hökumət başçıları, ümumiyyətlə, təxminən 150 ölkənin nümayəndələri həmin gün Parisdə idilər. Keçmiş dövlət başçısı, 50 ildən artıq bir dövrdə siyasi fəaliyyət göstərmiş bu şəxsiyyətin matəm mərasimi Fransız xalqının qədim adət-ənənələrinə uyğun şəkildə təşkil edilmişdi.
Yanvarın 11-də səhər tezdən ali qonaqlar və xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri Parisin Notr-Dam kilsəsinə toplaşmışdılar. Azərbaycan Prezidenti Heydər Əliyev də buraya gəldi. Respublikamızın rəhbərini Fransanın dövlət və din xadimləri qarşıladılar. Prezident Heydər Əliyev bu kədərli hadisə - böyük itki münasibətilə xalqımızın və şəxsən özünün başsağlığını onlara çatdırdı.
Yerli vaxtla saat 11-də Notr-Dam kilsəsinin zəngləri matəm mərasiminin başlandığını xəbər verdi. Kilsənin qarşısındakı meydana minlərlə adam yığılmışdı. Kilsədə başlanan mərasim həyətdə quraşdırılmış xüsusi ekran vasitəsilə birbaşa nümayiş etdirilirdi. Təxminən bir saat yarımdan çox davam edən bu mərasimdə Fransua Mitteranın xatirəsi layiqincə yad edildi, ölkənin din xadimləri onun ruhuna dualar oxudular.
Fransanın keçmiş Prezidentinin cənazəsi elə həmin gün xüsusi təyyarə ilə onun doğulduğu Jarnak şəhərinə aparıldı və orada dəfn olundu.
Azərbaycan Prezidenti Heydər Əliyev Fransa Prezidenti Jak Şirak ilə görüşdü. Xalqımız, ölkəmiz adından və şəxsən öz adından ona başsağlığı verdi. Daha sonra dövlətimizin rəhbəri Alen Jüppe, xarici işlər naziri Erve dü Şared ilə görüşdü.
Yelisey sarayında keçirilən mərasimdə iştirak edən dövlət və hökumət başçıları Fransua Mitteranın xatirəsini bir daha yad etdilər və bu ağır itki üçün kədərləndiklərini bildirdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev Parisdə səfərdə olarkən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirdi. Dövlətimizin başçısı ABŞ-ın vitse-prezidenti ilə, Rusiya, Türkiyə, Polşa, Yəmən, Estoniya, Ermənistan, Litva, Ukrayna və Misirin prezidentləri ilə, İsrailin, İrlandiyanın Baş nazirləri ilə, Fələstinin rəhbəri Yasir Ərəfatla görüşüb danışıqlar apardı. Bütün bu görüşlərdə Azərbaycanın dünya birliyi ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi, ölkələr arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olundu.
Yanvarın 11-də Azərbaycan Prezidenti Heydər Əliyev Fransa televiziyası üçün müsahibə verdi. Axşam dövlətimizin başçısı Vətənə yola düşdü.
Orli hava limanında Prezident Heydər Əliyevin şərəfinə fəxri qarovul düzülmüşdü. Respublikamızın rəhbərini Fransanın yüksək vəzifəli şəxsləri yola saldılar.
Elə həmin gecə Azərbaycan Prezidenti Heydər Əliyev Vətənə qayıtdı. Binə hava limanında dövlətimizn başçısı Heydər Əliyevi Milli Məclisin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.
Xəbərin mətnində orfoqrafik səhv var