RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QƏRBİ AVROPA ÖLKƏLƏRİNƏ SƏFƏRİ
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN BİRGƏ BƏYANATI
Müzakirələr səmimi və konstruktiv olmuşdur.
Cənab Heydər Əliyev və cənab Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılmasına sadiq olduqlarını, habelə təxminən iki ildir davam edən atəşkəs rejiminin siyasi sazişin imzalanmasınadək saxlanmasının zəruriliyini təsdiq etmişlər.
Bundan başqa, hər iki Prezident razılaşmışdır ki, münaqişə beynəlxalq miqyasda hamılıqla qəbul olunmuş prinsiplərə və normalara əməl edilməsi əsasında aradan qaldırılmalıdır; siyasi sazişin imzalanmasını təmin etmək məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar davam etdirilməlidir; münaqişənin hərtərəfli həllini asanlaşdırmaq məqsədi ilə tərəflər arasında birbaşa dialoq gücləndirilməlidir.
Prezidentlər Heydər Əliyev və Levon Ter-Petrosyan həmçinin razılaşmışlar ki, münaqişənin aradan qaldırılması regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi işinə mühüm töhfə olacaq və region xalqlarının iqtisadi və sosial inkişafına kömək edəcəkdir.
Hər iki Prezident belə bir eyni fikrə gəlmişdir ki, humanitar məsələlər tezliklə həll olunmalıdır, ilk növbədə, tərəflər bütün girovları və hərbi əsirləri dərhal və şərtsiz azad etməlidirlər.
Prezidentlər Heydər Əliyev və Levon Ter-Petrosyan bir-biri ilə görüşləri davam etdirmək barədə razılığa gəlmişlər.
Lüksemburq
21 aprel 1996-cı il.