AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QƏRBİ AVROPA ÖLKƏLƏRİNƏ SƏFƏRİ
NORVEÇ PAYTAXTININ HAVA LİMANINDA QARŞILANMA
AzerTAg.az
Xəbər verdiyiniz kimi, Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 24-də Brüsseldən Norveçə rəsmi səfərə gəlmişdi. Ölkənin paytaxtı Oslo şəhərinin hava limanında Azərbaycan dövlətinin başçısını Norveçin yüksək vəzifəli şəxsləri qarşıladılar.
Prezident Heydər Əliyev hava limanında özünün əvvəldən tanıdığı Norveç jurnalistinin sualına cavab verərək dedi:
- Mən Baş nazir xanım Brundtlandın dəvəti ilə Norveçə rəsmi səfərə gəlmişəm. Hər şeydən öncə Norveç torpağına gəlməyimdən çox məmnun olduğumu bildirir və ümidvaram ki, Norveç və Azərbaycan dövlətləri arasında münasibətlərin gələcək inkişafı üçün uğurlu danışıqlar aparacağıq.
Ölkələrimiz arasında yaxşı iqtisadi əməkdaşlıq yaranmışdır. Bilirsiniz ki, dünyanın ən iri şirkətlərindən olan “Statoyl” Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının işlənməsinə dair konsorsiumun üzvüdür. Yəni biz əməkdaşlıq edirik, lakin biz bunu daha da inkişaf etdirmək istəyirik. Şimal ölkəsi olan Norveç iqtisadiyyatda böyük nailiyyətlər əldə etmişdir, ona görə də biz birgə əməkdaşlığımızdan çox şey gözləyirik. Mən ilk öncə Oslo sakinlərinə, Norveç vətəndaşlarına salamımı və ən xoş arzularımı çatdırmaq istərdim.
Sizi görməyimə şadam. Mən sizi 1990-cı ilin yanvarından, xalq hərəkatını yatırtmaq üçün sovet silahlı qüvvələrinin böyük qoşun hissəsinin yeridilməsi ilə əlaqədar Bakıda faciə baş verən vaxtdan xatırlayıram. Mən Moskvada mitinqdə çıxış edərək, sovet hökumətinin konstitusiyaya zidd olan bu hərəkətlərinə qarşı etirazımı bildirmişdim. O zaman biz sizinlə görüşdük və mən sizin suallarınıza cavab verdim. Hətta o da yadımdadır ki, sonra siz Moskvada mənim mənzilimə telefonla zəng etmişdiniz. O vaxt mən əslində təcrid olunmuş vəziyyətdə idim. Ona görə də sizi görməyimə şadam.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər dövlətimizin başçısı üçün ayrılmış iqamətgaha yola düşdülər.
Xəbərin mətnində orfoqrafik səhv var