RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, aprelin 23-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur.
Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşünün keçirilməsini yüksək dəyərləndirən prezidentlər dövlətlərimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın ildən-ilə daha da inkişaf etməsi və möhkəmlənməsindən razılıqla söhbət açdılar, Xəzərin problemlərinin həllində birgə iştirak etməyin vacib olduğunu vurğuladılar.
Xəzər dənizindən istifadə ilə bağlı bütün məsələlərin birbaşa dialoq yolu ilə, beynəlxalq hüquq prinsipləri nəzərə alınmaqla mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində həll edilməsinin zəruriliyini nəzərə çarpdıran Prezident Heydər Əliyev və Prezident Nursultan Nazarbayev Xəzərin hüquqi statusu məsələsində Azərbaycanın və Qazaxıstanın eyni mövqedə olduqlarını bir daha təsdiq etdilər.
Dövlət başçıları Azərbaycanın və Qazaxıstanın ənənəvi dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə əmin olduqlarını bildirdilər.
Görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad zirvə görüşündə müzakirə ediləcək məsələlər, regionda vəziyyət, Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparıldı.