RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA FEDERASİYASI BAŞ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ ANATOLİ ÇUBAYS İLƏ GÖRÜŞÜ

Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Baş nazirinin birinci müavini Anatoli Çubays ilə görüşündə özəlləşdirmə mövzusunda geniş fikir mübadiləsi aparıldı.

A.Çubays öz ölkəsində bu prosesin necə həyata keçirildiyi barədə Azərbaycan dövlətinin başçısına məlumat verdi və dedi ki, biz problemin iqtisadi tərəfindən daha çox siyasi cəhətini əsas götürdük. Vətəndaşlara özəlləşdirmə çekləri ilə öz müəssisələrinin, habelə başqa müəssisələrin səhmlərini almaq və ya çekləri sərbəst satmaq hüququ verildi. Nəticədə investisiya-kommersiya strukturları meydana gəldi. Anatoli Çubays özəlləşdirmənin ilk nəticələri üzərində geniş dayandı və qarşıya çıxan çətinliklərdən də söhbət açdı.

Azərbaycan Prezidenti Heydər Əliyev müsahibini diqqətlə dinlədi, sonra isə ölkəmizdə iqtisadi islahatların necə həyata keçirildiyindən bəhs etdi.

Səmimilik şəraitində keçən görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin