RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏHHƏTİ ÇOX YAXŞIDIR, ƏHVAL-RUHİYYƏSİ YÜKSƏKDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 8-də Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında tibbi müayinədən keçmək üçün Ankaraya getmişdir. Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev telefonla verdiyi müsahibədə demişdir: - Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab Heydər Əliyev planlaşdırıldığı kimi, müayinədən keçmək üçün Ankaraya - Gülhanə Hərbi Tibb Akademiyasına gəlmişdir. İyulun 9-da səhərdən müayinələr davam edir. Gözlənildiyi kimi, ilk müayinələrin nəticələri olduqca yaxşıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin Ankarada Türkiyə Prezidenti ilə və bu ölkənin yüksək vəzifəli digər şəxsləri ilə görüşləri gözlənilir. Hörmətli Prezidentimiz Türkiyəyə gələn kimi, Gülhanə Hərbi Tibb Akademiyasının rəhbərlərini qəbul etmişdir. Mən də möhtərəm Pezidentimizlə yarım saatdan çox görüşmək, Türkiyədəki vəziyyət barədə məlumat vermək şərəfinə nail olmuşam. Hörmətli Prezidentimizin səhhəti çox yaxşıdır, əhval-ruhiyyəsi yüksəkdir. Cənab Prezident müayinə ilə bərabər görüşlər də keçirir. Ümid edirəm ki, qısa müddətdə - bir neçə gündən sonra bu müayinə bitəcək və cənab Prezident Vətənimizə qayıdacaqdır.