Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YERLİ SAHİBKARLARLA GÖRÜŞÜ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin aprelin 25-də Prezident sarayında yerli sahibkarlarla görüş keçirmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev salonun foyesində ölkəmizdə istehsal edilən yüksək keyfiyyətli məhsullardan ibarət sərgi ilə yaxından tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, bu məhsulların əksəriyyəti 1970-ci illərdə respublikada yaradılmış və hazırda özəl sektora məxsus müəssisələrdə isteshal olunmuşdur.

Prezident Heydər Əliyev ayrı-ayrı müəssisələrin, səhmdar cəmiyyətlərinin buraxdığı məhsullarla, isteshal müəssisələrinin vəziyyəti, rəqabət qabiliyyəti, daxili təlabatın ödənilməsi, bazarda məhsulların satışının vəziyyəti və təşkili ilə maraqlandı, müvafiq tövsiyə və məsləhətlərini verdi.

Dövlətimizin başçısı sahibkarlara müraciətlə dedi ki, əgər siz yaxşı işləsəniz, məhsulları keyfiyyətli və bol etsəniz, bazarı ələ alacaqsınız, qərb ölkələrindən belə məhsulların gətirilməsinə o qədər də ehtiyac olmayacaqdır. Bu məhsullar əhalimizi təmin etməlidir. Bunlar nə qədər keyfiyyətli olsa, həm əhali təmin olunar, həm də, yenə deyirəm, bazarı ələ ala bilərsiniz. Bazar iqtisadiyyatı rəqabətdir. Gərək hər gün düşünəsən ki, bazarı itirməyəsən.

Sahibkarlar onları görüşə dəvət etdiyinə, fəaliyyətləri üçün yaratdığı şəraitə və dəyərli tövsiyyələrinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər, öz müəssisələrinin işi barədə məlumat verdilər, respublikamızın rəhbərinə xatirə hədiyyələri təqdim etdilər.

X X X

Sonra görüş başlandı.

Prezident Heydər Əliyev görüşü giriş nitqi ilə acdı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Hörmətli sahibkarlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və bütün işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq, ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir.

Azərbaycanın iqtisadiyyatı 1990-cı ilin əvvəllərində böhran vəziyyətində olduğu halda, 1995-ci ildən artıq inkişafa başlayıbdır. İqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunur və bu inkişaf ilbəil artır. Bunların əsas səbəbləri, qeyd etdiyim kimi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. İqtisadi islahatlar müxtəlif xarakter daşıyır, müxtəlif sahələri əhatə edir və böyük tədbirlərin həyata keçirilməsini tələb edir. Biz bunların hamısını edirik, baxmayaraq ki, bunları həyata keçirmək üçün bir çox çətinliklərimiz var idi. Keçmiş iqtisadi psixologiyadan uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq və beləliklə də islahatları həyata keçirərək, eyni zamanda onların müsbət nəticələrinin əldə olunmasına nail olmaq lazım idi. Dediyim kimi, biz bu nəticələri əldə etmişik.

Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni təbəqənin, sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarıbdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik.

İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıbdır. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr, özəl sektorun hesabına əldə edilibdir. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir.

Demək olar ki, indi bizim sosial-iqtisadi inkişafımız sahibkarların fəaliyyətindən asılıdır. Çünki əgər iqtisadiyyat özəlləşdirilibsə, yaxud onun böyük bir hissəsi özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Ona görə də biz buna dövlət siyasətimizin böyük bir hissəsi kimi baxırıq.

Əgər keçmişlə müqayisə etsək, o vaxt bütün iqtisadiyyat dövlət inhisarında idi və biz iqtisadiyyatda inkişafı təmin etmək üçün, müxtəlif sahələrdə istehsalı təmin etmək üçün o sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının, təşkilatlarının, birliklərin işləri ilə məşğul olurduq və vaxtaşırı onlarla müxtəlif müşavirələr keçirib gördükləri işləri təhlil edirdik, işlərin sürətlənməsi üçün lazımi tədbirlər görürdük və onlara kömək edirdik. İndi demək olar ki, bunlar yoxdur, yaxud da bizim iqtisadiyyatımızın az hissəsinə aiddir. İqtisadiyyatın əsas hissəsini təşkil edən özəl sektordur.

Bir də qeyd edirəm, özəl sektorun da əsas daşıyıcıları, aparıcıları sahibkarlardır. Demək, biz keçmişdə gördüyümüz işləri indi sahibkarlarla görməliyik. Təbiidir, burada fərq var. Çünki keçmişdə dövlət tabeliyində olan təşkilatlar idi, biz lazımi müşavirələr keçirərək, onların qarşısına tələblər qoyurduq. İndi isə biznesmenlər sərbəstdirlər, öz əmlakının, öz işlərinin sahibidirlər. İş adamları ilə, biznes adamları ilə bizim münasibətlərimiz yalnız və yalnız demokratiya prinsipi əsasında qurulur və qurula bilər. Bu prinsiplərə riayət edərək, biz iş adamlarının fəaliyyətinin daha da səmərəli olmasına maraqlı olaraq, onlara yardım etmək, kömək göstərmək istəyirik. Biz bunu indiyə qədər etmişik. Qəbul etdiyimiz qanunlar bunu təmin edib və edir, Prezidentin Fərmanları və Sərəncamları bunu təmin edibdir və edir, həyata keçirdiyimiz müxtəlif tədbirlər bunu təmin edir.

Bu gün, bu görüşdə isə bizim məqsədimiz Azərbaycanda yerli sahibkarların vəziyyəti ilə daha da yaxından tanış olmaqdan ibarətdir. Yəni yerli sahibkarların işində nə kimi çətinliklər var, onların işinə mane olan amillər nədən ibarətdir, dövlətin, hökumətin qanunlarının, sərəncamlarının, qərarlarının yerinə yetirilməsinə mane olan səbəblər nədən ibarətdir və nəhayət, sahibkarların işinin daha da səmərəli olması üçün nə etmək lazımdır. Bu məqsədlə də biz bu gün sizinlə görüşə gəlmişik.

 

Bilirsiniz ki, belə bir görüşün keçirilməsi haqqında mən aprel ayının 12-də qərar qəbul etdim, bu qərarı ictimaiyyətə çatdırdım və o gündən başlayaraq bizim müvafiq nazirliklər, xüsusən İqtisadi İnkişaf Nazirliyi belə bir görüşün hazırlanması ilə məşğuldur. Çox sevindirici haldır ki, bu görüşə Azərbaycanın iş adamları böyük maraq göstəriblər, yüzlərlə, minlərlə insan müraciət edib görüşdə iştirak etmək arzularını bildiribdir. Ancaq təəssüflər olsun ki, bizim bu salona - mənə bildirdilər ki, təxminən 500 adam tuta bilər – bundan artıq dəvət etmək mümkün olmayıbdır. Ancaq mən düşünürəm ki, əgər bizim bu görüşümüz istənilən səviyyədə alınsa və həqiqətən bizim sizinlə olan işlərimizə kömək etsə, müəyyən vaxt təyin edib, bu gün burada iştirak etməyə imkanı olmayan bütün başqa sahibkarlarla da görüşəcəyik.

Mən işi belə planlaşdırıram ki, bu gün sizinlə bu görüşü keçirək. Sonra Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin sahibkarları ilə belə bir görüş keçirmək istəyirəm. Bunların nəticəsində əldə olunan məlumatları, materialları öyrənmək və onların əsasında lazımi tədbirlər görmək üçün biz Azərbaycanın dövlət orqanlarının, hökumət orqanlarının nümayəndələri ilə müşavirə keçirəcək, hakimiyyət orqanlarının vəzifələrini müəyyən edəcəyik.

Bu görüşün və bundan sonra keçiriləcək görüşün məqsədi ondan ibarətdir ki, biz bilavasitə iş adamlarından məlumat alaq ki, sahibkarlıq işi nə vəziyyətdədir, bizim qanunlarımız, fərmanlarımız, sərəncamlarımız Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün lazımi imkanlar yaradırmı, yoxsa yox. Əgər bu sahədə qanunvericilik nöqteyi-nəzərindən, yaxud da ki, icra orqanlarının qərarları ilə əlaqədar çətinliklər varsa, sizdən məlumat aldıqdan sonra biz müzakirə etməli və lazımi fərmanlar, sərəncamlar verməliyik.

Ən başlıcası, biz istəyirik ki, bilək, sizin işinizə nə mane olur? Biz bunu əvvəldən də bilirik. Bir neçə dəfə müşavirələr keçirmişik, bu sizə məlumdur, televiziya və radio vasitəsilə, mətbuat vasitəsilə bilirsiniz ki, Azərbaycanda sahibkarlıq işi başlanandan, bazar iqtisadiyyatına keçid başlanandan Azərbaycanın müxtəlif hökumət orqanları cürbəcür yoxlamalarla, müdaxilələrlə sahibkarların işlərinə mane olmağa cəhd göstəriblər. Mən bu barədə bir neçə Fərmanlar vermişəm və Azərbaycanda hüquq mühafizə orqanlarının, başqa nəzarət edən orqanların sahibkarlara mane olmaması tələblərini qoymuşam. Bunlar öz nəticələrini veribdir.

 

Ancaq son dövrün müşahidəsi onu göstərir ki, bizim həyata keçirdiyimiz tədbirlərə baxmayaraq, yenə də müxtəlif hökumət orqanları sahibkarlara şərait yaratmaq, yardım etmək, onlara kömək etmək əvəzinə, müxtəlif maneələr törədirlər, yoxlamalar aparırlar, onların işlərinə müdaxilə edirlər, öz şəxsi mənafelərini təmin etmək istəyirlər. Bunlar da sahibkarlara mane olur. Hətta mənə deyirlər ki, bəzi sahibkarlar belə yoxlamalardan, müdaxilələrdən o qədər boğaza gəlirlər ki, haqlı işlərini bağlayırlar. Sahibkar nə məqsədi daşıyır? O, iş görür ki, pul qazansın. Onun istəyi pul qazanmaqdır, işi isə cəmiyyətə fayda verməkdir. Sahibkar müəyyən məhsulun isteshalı ilə məşğul olur, demək, o məhsul cəmiyyətə lazımdır. Yaxud ticarətlə məşğul olur, cəmiyyətin yaxşı ticarətə ehtiyacı var. Başqa xidmət sahələri ilə məşğul olur. İnsanların buna da ehtiyacı var. Əgər sahibkar bu işlərlə məşğul olaraq və qoyduğu sərmayəni çıxara və qazancı götürə bilmirsə, demək, onun sahibkarlıqla məşğul olmasının mənası yoxdur. Təəssüf ki, bizə məlumatlar çatır ki, belə hallar var və az deyildir. Bu, bizi narahat edir.

Bizim bugünkü görüşümüzün əsas məqsədlərindən biri ondan ibarətdir ki, bilavasitə siz sahibkarların özündən vəziyyət haqqında doğru, düzgün, obyektiv məlumat alaq. Mən bir də deyirəm, doğru, düzgün, obyektiv. Yəni siz həqiqəti deməlisiniz. Nə həqiqəti gizlətməyə cəhd göstərməməlisiniz, eyni zamanda öz şəxsi fikirlərinizə görə, münasibətinizə görə ayrı-ayrı hökumət, dövlət orqanları haqqında əsası olmayan fikirlər də söyləməməlisiniz.

Biz bu görüşə yalnız Azərbaycanın yerli sahibkarlarını çağırmışıq. Burada Azərbaycanın sahibkarlıq və bazar iqtisadiyyatı prosesində iştirak edən hakimiyyət orqanlarından, onların başçılarından heç kəs iştirak etmir. Məndən başqa, burada baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, iqtisadi məsələlər üzrə dövlət müşaviri və Prezidentin köməkçisi iştirak edir, ayrı heç kəs yoxdur. Mən bunu nə üçün etmişəm? Ona görə ki, siz burada sərbəst danışa biləsiniz, ayrı-ayrı nazirlər, hüquq mühafizə orqanlarından, vergi orqanlarından, başqa orqanlardan sizə təsir edə bilməsinlər, göz ağartmasınlar. Siz onların yanında danışmağa bir az çəkinə bilərsiniz, bu, olmasın, sərbəstlik olsun. İndi siz deyə bilərsiniz ki, onlar burada yoxdur, amma televiziya vasitəsilə çəkirsiniz, bunu görəcəklər. Mən bu məsələni də nəzərə almışam. İndi bu bizim görüşümüzün birinci hissəsidir. Yəni mənim bu söhbətimdən sonra iqtisadi inkişaf nazirinə söz verəcəyəm, o, qısa məruzə etsin. Bizim mətbuat nümayəndələri burada olacaqdır. Amma ondan sonra mən onları da uzaqlaşdıracağam ki, heç kəs narahat olmasın ki, dediyi sözlər yazıldı, şəkli çəkildi və onun asılı olduğu hansısa nazirə verildi, o da sonra ədavət aparmağa, yaxud da başqa işlər görməyə başladı.

Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə hələ belə hallar var. Ona görə də mən bu görüşdə təmin etmişəm ki, sizinlə açıq söhbət olsun, sərbəst söhbət olsun və Azərbaycanın Prezidenti kimi sizdən həqiqəti öyrənim. Bir də qeyd edirəm, sizin verdiyiniz bugünkü məlumatlar öyrəniləcək, təhlil olunacaq və onların əsasında bizim son müşavirəmiz keçiriləcəkdir. Mən istəyirəm ki, orada, həmin o müşavirədə bizim əlimizdə konkret materiallar olsun, lap aşağıdan gələn materiallar, sizdən gələn məlumatlar olsun.

Beləliklə, mən istəyirəm ki, bizim bu görüşümüz açıq keçsin, sərbəst, rahat keçsin, heç kəs narahat olmasın. Azərbaycan Prezidenti kimi mənim məqsədim həmişə belə olubdur: biz Azərbaycanda iqtisadi siyasətimizin istiqamətini müəyyən edən kimi və bunun bazar iqtisadiyyatı istiqaməti olduğunu təyin etdiyimizə görə, Azərbaycanda biznesin inkişafına daim fikir vermişəm və fikir verirəm.

Mən dedim, bu, təkcə mənim subyektiv arzum deyildir. Azərbaycanda iqtisadiyyatın və sosial sahənin inkişafı biznesin inkişafından asılıdır, özəl sektorun inkişafından asılıdır. Biz özəl sektoru yaratmışıq, yaradırıq. Ancaq özəl sektor Azərbaycanda iqtisadiyyatın bütün sahələrini biz istədiyimiz səviyyədə əhatə edə bilsə, səmərəli iş görə bilsə, onda həqiqətən bazar iqtisadiyyatı kimi iqtisadiyyatımız keçmiş mərkəzləşdirilmiş iqtisadiyyatdan qat-qat üstün olacaqdır.

Biz bazar iqtisadiyyatını elan etdik, özəlləşdirməni apardıq, özəl sektor yaratdıq. Amma əgər bu özəl sektor istənilən səviyyədə fəaliyyət göstərə bilmirsə, onda demək, biz istədiyimizə nail ola bilmirik. Bizi bu da narahat edir. Bax, bu məqsədlə mən bu gün bu görüşü keçirməyı qərara almışam. Bu məqsədlə də sizi bu görüşə dəvət etmişəm. Bir də deyirəm, hər birinizdən açıq, ədalətli, obyektiv söhbət gözləyirəm.

\Prezident Heydər Əliyevin giriş nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı\.

X X X

 

Sonra İqtisadi İnkişaf naziri Fərhad Əliyev çıxış etdi.

İQTİSADİ İNKİŞAF NAZİRİ FƏRHAD ƏLİYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli görüş iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin şəxsi təşəbbüsü ilə sahibkarlarla bu görüşün keçirilməsi barədə elanın verildiyi tarixdən çox qısa müddət ötməsinə baxmayaraq, hazırlıq dövründə minlərlə sahibkar tədbirdə iştirak etmək arzusunda olduğunu bildirmişdir. Bu, bir tərəfdən sahibkarların Azərbaycan dövlətinin iqtisadi siyasətinə olan inamını, aparılan radikal iqtisadi islahatları onların dəstəklədiyini ifadə edirsə, digər tərəfdən bu sahədə hələlik kifayət qədər problemlərin mövcud olduğunu göstərir.

Bugünkü tədbirdə iqtisadiyyatın bütün sahələrini və regionları təmsil edən 450 sahibkar iştirak edir. Görüşdə iştirak edə bilməyən sahibkarları əmin etmək istərdim ki, onların təklifləri diqqətlə öyrəniləcəkdir.

Hörmətli görüş iştirakçıları!

Ötən ilin oktyabr ayında müstəqilliyinin 10 illiyini qeyd edən Azərbaycanın iqtisadiyyatı 1990-cı illərin əvvəllərində daxili və xarici amillərin təsiri altında iflic vəziyyətinə düşmüşdü.

Azərbaycan Respublikası Prezidentinin başçılığı altında 1994-cü ildən etibarən siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsinə başlandı.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu və ölkənin dünyəvi dəyərlər, demokratiya, mülkiyyət çoxnövlülüyü, azad sahibkarlıq prinsiplərinə əsaslanan inkişaf yoluna qədəm qoyduğu bütün dünya ictimaiyyətinə bəyan edildi.

İdarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanlarından kommersiya funksiyaları əsasən götürülmüş, paralel funksiyaları həyata keçirən 30-a yaxın nazirlik və komitə ləğv edilmiş və ya birləşdirilmişdir. Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüş, Vergi, Gömrük, Mülki Məcəllələr və digər qanunlar qəbul edilmişdir.

Həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik bərqərar olmuş, son 6 ildə ÜDM-in həcmi 2,6 dəfə artmış, inflyasiyanın demək olar ki, qarşısı alınmış, büdcə kəsiri ümumi daxili məhsulun 1-2 faizinə qədər endirilmiş, milli valyutanın məzənnəsi sabitləşmiş, iqtisadiyyatın inkişafına bütün mənbələr hesabına 8,7 milyard dollar həcmində investisiya yönəldilmişdir.

Görülən tədbirlər nəticəsində 1995-ci illə müqayisədə 2001-ci ildə əhalinin real pul gəlirləri 3 dəfə, orta aylıq əmək haqqı 4 dəfə artmışdır.

Hazırda özəl sektorda orta aylıq əmək haqqı 510 min manat təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə iqtisadiyyatın aparıcı sahəsi olan neft sektorunda uğurlu neft strategiyası həyata keçirilməkdədir.

Dövlət Neft Fondunun yaradılması, beynəlxalq neft və qaz kəmərlərinin çəkilməsi, Böyük İpək Yolunun bərpası, TRASEKA, İNOQEYT layihələrinin həyata keçirilməsi beynəlxalq tranzit daşımalarında Azərbaycanın rolunu daha da artırmışdır.

Neft sənayesinin inkişafı bu sahəyə xidmət edən nəqliyyat, rabitə və inşaat sektorlarının inkişafına təkan vermişdir.

Bununla belə iqtisadiyyatın digər sahələrində sahibkarlığın genişlənməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına uyğun olaraq Yoxsulluğun azaldılması və iqtisadi inkişafın təmin olunması üzrə Dövlət Proqramının hazırlanması məqsədi ilə xüsusi komissiya və işçi qrupları yaradılmışdır. Hazırlanan sənədlər əhalinin ən yoxsul təbəqələri də cəlb olunmaqla regionlarda müzakirə edilməkdədir. Proqram sahibkarlığın inkişafına təkan verməklə sözün əsl mənasında ümummilli proqram olacaqdır.

Beynəlxalq və xarici ölkə təşkilatları ilə, o cümlədən, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər qurumlarla sahibkarlığın inkişafı sahəsində geniş əməkdaşlıq edilir.

Sahibkarlığın inkişafına yönəlmiş məqsədyönlü siyasətin nəticəsində hazırda ümumi daxili məhsulda (ÜDM) qeyri-dövlət sektorunun payı 71 faizə, əhalinin ümumi məşğulluğunda özəl bölmənin payı 70 faizə çatmışdır.

2001-ci ilin yekunlarına görə, dövlət qeydiyyatından keçmiş hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 40 mindən, fermer təsərrüfatlarının sayı 34 mindən çox olmuş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin sayı artaraq 100 mini (106873) keçmişdir.

Sevindirici haldır ki, sahibkarlar sırasında gənclərin sayı çoxdur. Məlumdur ki, bu gün gənclər müstəqil Azərbaycan dövlətinin ümid bəslədiyi nəsildir və onların təhsili, intilekti, məşğuliyyəti, həyat tərzi indi necə formalaşırsa, sabah buna uyğun nəticələr verəcəkdir.

Möhtərəm cənab Prezident!

Sizin gənclərə olan qayğınız, göstərdiyiniz etimad sahibkarlıq sahəsində öz bəhrələrini verməkdədir. Bu gün Azərbaycan əhalisinin 35 faizini gənclər təşkil edir. Hazırda respublikamızda sahibkarların 70 faizdən çoxu gənclərdir.

Əslində gənclər təkcə sahibkarlar sırasında deyil, respublika həyatının bütün sahələrində, xüsusən idarəetmə işində çoxluq təşkil edirlər. Bütün bunlar isə Azərbaycan Prezidenti Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olmuşdur. Bu həm də Milli Olimpiya Komitəsinin Prezidenti, Milli məclisin deputatı İlham Əliyevin gənclər arasında apardığı səmərəli işin müsbət nəticəsidir.

Hörmətli görüş iştirakçıları!

Özəlləşdirmə sahibkarlığın inkişafında ən mühüm amillərdən biridir.

Artıq 7 ildir ki, davam edən özəlləşdirmə prosesi zamanı bəzi müəssisələrin bağlanmasına və bir sıra digər problemlərə baxmayaraq, hazırda 24 minə yaxın kiçik müəssisə özəlləşdirilmiş, 1500 orta və iri müəssisə səhmdar cəmiyyətə çevrilmiş, 100 min vətəndaş səhm, 140 min vətəndaş əmlak sahibi olmuşdur.

Bu gün yüzlərlə müəssisə müvəffəqiyyətlə fəaliyyət göstərir, rəqabət qabiliyyətli məhsul istehsal edir və görüşdən əvvəl nümayiş etdirilən sərgi də bunun əyani göstəricisidir.

Məlum olduğu kimi, aqrar sektorda aparılan islahatların 1-ci mərhələsi əsasən başa çatmış, müəyyən problemlərə baxmayaraq, əhaliyə 1 milyon 350 min hektar torpaq sahəsi paylanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə (o cümlədən sənaye üsulu ilə) məşğul olan hüquqi şəxslər cənab Prezidentin qərarına əsasən 3 il müddətinə vergilərdən azad edilmişlər.

Qeyd etmək lazımdır ki, fermer təsərrüfatlarına edilmiş müxtəlif güzəştlərə baxmayaraq, aqrar islahatların hazırda həyata keçirilən 2-ci mərhələsində əsas problemlər maliyyə çatışmazlığı, suvarma infrastrukturunun bərpası, fermerlərdən alınan məhsulların haqqının vaxtlı-vaxtında ödənilməməsi, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması, satışı və ixracı ilə bağlıdır.

Problemlərin həlli məqsədi ilə fermerlərə dövlət maliyyə yardımının artırılması, kənd yerlərinə investisiyaların daha fəal cəlb edilməsi, ixraca yardım fondunun yaradılması, yolların, suvarma sisteminin və digər infrastruktur obyektlərinin bərpası və yenilərinin inşa edilməsi üçün dövlət kreditlərinin alınması ilə əlaqədar işlər davam etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin əsassız yoxlamaların aradan qaldırılması ilə bağlı imzaladığı fərmanların sahibkarların hüquqlarının qorunmasında, dövlət tənzimləmə orqanları ilə sahibkarlıq strukturları arasında etibarlı və şəffaf əlaqə mexanizminin yaradılmasında, sahibkarlıq mühitinin sağlamlaşdırılmasında böyük əhəmiyyəti olmuşdur.

Lakin bununla belə bu sahədə hələ müəyyən problemlər vardır. Xüsusilə sahibkarla nəzarət orqanları arasındakı münasibətlər heç də istənilən səviyyədə deyildir. Respublikada sahibkarlıq fəaliyyətinə dövlət nəzarətini 40-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı həyata keçirir. Mövcud qanunvericilikdə nəzarətin qaydaları və bu fəaliyyəti həyata keçirən orqanların vəzifə və səlahiyyətləri kifayət qədər aydın göstərilmədiyindən tez-tez sui-istifadə hallarına yol verilir.

Əsassız yoxlamalar zamanı sahibkarlıq subyektlərinin fəaliyyəti dayandırılır, onlara külli miqdarda maddi ziyan vurulur və bunun müqabilində heç kəs məsuliyyət daşımır.

Bir sıra mərkəzi icra hakimiyyəti orqanları, şəhər və rayon icra hakimiyyətləri tərəfindən daxili sərəncamlarla hüquqi və fiziki şəxslərin qanunvericiliyə zidd olaraq yeni qeydiyyatı aparılır və bunun müqabilində heç bir hüquqi normaya sığmayan “qeydiyyat şəhadətnaməsi”, “xüsusi razılıq”, “iş rejimini tənzimləyən” məcburi sənədlər və sair öhdəliklər verilir. Hətta qanunvericilikdə nəzərdə tutulan (dövlət qeydiyyatı, statistik və vergi qeydiyyatı) şəhadətnamələrin olmasına baxmayaraq, qeyd olunan sənədləri yerli orqanlardan almayan təsərrüfat subyektlərinin fəaliyyəti qanunsuz olaraq dayandırılır və müxtəlif maliyyə sanksiyaları tətbiq edilir ki, bu da sahibkarlar arasında ciddi narazılıqlar yaradır.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Fərmanına uyğun olaraq “Nəzarət Kitabçaları”nın tətbiqinə başlanmışdır. Əsasnaməyə görə həmin kitabçalarda yoxlamanı aparan orqanın adı, yoxlamanın məqsədi, qanuni əsası və digər zəruri məlumatlar əksini tapmalıdır. Bunun da başlıca məqsədi sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin, aparılan lüzumsuz yoxlama və təftişlərin qarşısını almaqdan ibarətdir. Lakin təəssüflər olsun ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin hazırkı vaxtadək cəmi 17,4 faizi Nəzarət Kitabçasını almışdır. Nəzarət Kitabçalarından istifadənin vəziyyəti barədə toplanmış məlumatlara əsasən müəyyənləşmişdir ki, aparılmış yoxlamaların 80 faizinin heç bir əsası olmamışdır.

Hazırda mövcud qanunvericiliyə görə 75 fəaliyyət sahəsi lisenziyalaşdırılır. Eyni zamanda göstərilən sahələrin daxilində fəaliyyət növləri parçalanır (rabitə, dağ-mədən işləri, alkoqollu içkilər və tütün məmulatı) və nəticə etibarilə lisenziyalaşdırılan sahələrin sayı 270-ə çatmışdır. Lisenziyaların verilməsi və onlara nəzarət 27 mərkəzi və yerli icra hakimiyyəti orqanı, onların idarələri və ya digər qurumları tərəfindən həyata keçirilir.

Lisenziyaların bilavasitə təsərrüfat funksiyalarını yerinə yetirən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilməsi haqlı rəqabətin pozulması, bazara çıxışın məhdudlaşdırılması və digər mənfi hallar ilə nəticələnir.

Yuxarıda deyilənləri nəzərə alaraq, iqtisadi sahədə həyata keçirilən yoxlamaların, təftiş funksiyalarının vergi orqanları istisna olmaqla, qalan bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeçiliyində olan qurumlar üçün tamamilə qadağan edilməsi, vergi müfəttişləri tərəfindən keçirilən yoxlamaların məhdudlaşdırılması, lisenziyalaşdırma sahəsində bürokratik əngəlləri aradan qaldırmaq məqsədi ilə lisenziyalaşdırmanın təkmilləşdirilməsi və lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayının azaldılması öz həllini gözləyən ciddi problemlərdəndir.

Möhtərəm cənab Prezident!

1993-2001-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kiçik sahibkarlığın üstün inkişaf istiqamətləri üzrə 100-dən çox investisiya layihəsinə güzəştli kredit verilmişdir. 1999-2001-ci illər ərzində dövlət büdcəsində ümumilikdə 37,3 milyard manat həcmində vəsaitin nəzərdə tutulmasına baxmayaraq, sahibkarlara 5,4 milyard manat həcmində güzəştli kredit verilmişdir.

Qeyd etmək lazımdır ki, sahibkarlığa dövlət maliyyə köməyi sistemi hələlik tələb olunan səviyyədə qurulmamışdır.

 

Bu baxımdan sistemin təkmilləşdirilməsinə, maliyyə yardımının həcminin artırılmasına ciddi ehtiyac duyulur. Bununla əlaqədar dövlətimizin başçısının tapşırığına uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilməkdədir.

Digər tərəfdən, etiraf etmək lazımdır ki, sahibkarlarımızın əksəriyyətinin peşəkarlığı lazımi səviyyədə deyildir və onların təqdim etdikləri biznes planlar mövcud tələblərə cavab vermədiyindən, bir çox hallarda kreditlərin ayrılması mümkün olmur.

Bununla əlaqədar olaraq sahibkarlara təhsil, məsləhət və informasiya xidmətlərinin təşkili sahəsində mühüm tədbirlər görülür, treninq kursları, seminarlar təşkil edilir, onlar xarici ölkələrə ezam olunurlar.

Sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin sadələşdirilməsi istiqamətində 1993-cü ildən etibarən mühüm addımlar atılmışdır. Məsələn, vergilərin sayı 15-dən 9-dək azaldılmış, mənfəət vergisi 35 faizdən 27 faizə, əlavə dəyər vergisi 28 faizdən 18 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimum həddi 55 faizdən 35 faizə, sosial sığorta ayırmaları 40 faizdən 29 faizədək endirilmiş, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanmışdır.

Bununla belə, vergi dərəcələrinin, sosial sığorta ödənişlərinin endirilməsinin davam etdirilməsi, vergi güzəştlərinin tətbiqi, vahid korporativ vergiyə keçmək məsələsinə baxılması, kiçik biznes üçün xüsusi vergi və uçot sisteminin yaradılması və vergi idarəciliyinin daha da təkmilləşdirilməsi günün ən vacib tələblərindən biridir.

Sahibkarlıq subyektlərinin qeydiyyatını tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsinə, prosedurların sadələşdirilməsinə də ehtiyac duyulur. Dövlət qeydiyyatı proseduruna Beynəlxalq təcrübəyə uyğun olaraq, müəyyən sahədə fəaliyyətə icazə verilməsi kimi deyil, sadəcə, subyektləri uçota almağa imkan yaradan məlumatverici bir prosedur kimi baxılması sahibkarlığın inkişafına müsbət təsir göstərərdi.

Möhtərəm cənab Prezident!

Sahibkarlığın maliyyələşdirilməsinin real mənbəyi kimi çıxış edən kommersiya banklarından maliyyə vəsaitinin əldə edilməsi bir sıra problemlərlə müşayiət olunur. Təklif edilən kreditlərin faizinin yüksək olması, girov problemi, kreditlərin sığortası mexanizminin tam formalaşmaması kommersiya bankları ilə sahibkarların münasibətlərində başlıca problemlərdəndir. Kommersiya bankları tərəfindən verilən kreditlər əsasən qısamüddətlidir.

Bununla əlaqədar olaraq, ilk növbədə kiçik sahibkarlara verilən kreditlərdə faiz dərəcələrinin azaldılmasını, uzunmüddətli kreditlər verən banklar barəsində təşviq tədbirlərinin tətbiq edilməsi, kreditlərin sığortalanması, mikrokreditləşmə sisteminin yaradılması planlaşdırılır.

Sahibkarlığın inkişafı üçün digər əhəmiyyətli maliyyə mənbəyi vətəndaşlarımız tərəfindən bu və ya digər şəraitdə qazanılmış və hələ ki, Azərbaycanda iqtisadi dövriyyəyə cəlb edilməmiş vəsaitlərin leqallaşdırılaraq ölkə iqtisadiyyatına, müəssisələrin təşkilinə, yeni iş yerlərinin açılmasına yönəldilməsi ola bilər.

Sahibkarlığın inkişafına ayrı-ayrı təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyəti də əngəllər yaradır. Bazarda hökmran mövqe tutan qurumlar tərəfindən inhisar qiymətlərinin tətbiqinə, inhisarçı təsərrüfat subyektləri tərəfindən rəqiblərin bazara girməsində maneələrin törədilməsinə, idarəetmə və təsərrüfat orqanlarının razılaşdırılmış hərəkətləri əsasında bazarın bölüşdürülməsi və ya rəqabətin məhdudlaşdırılmasına yol verilir.

Sahibkarların fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, daxili bazarda təbii inhisarçı təsərrüfat subyektləri tərəfindən əvvəlcədən öz xidmətlərinə qoşulmasına görə haqların alınmasının qadağan edilməsinə zərurət vardır. Bu sahədə elektrik enerjisinə əvvəlcədən qoşulma haqqı ləğv edilsə də, belə hallar bəzi təbii inhisarçı təsərrüfat subyektləri tərəfindən hələ də aradan qaldırılmamışdır.

Bu baxımdan ölkədə tarif sisteminin təkmilləşdirilməsi, tariflərin səviyyəsinin iqtisadiyyatın tələbləri baxımından çevik şəkildə tənzimlənməsi məqsədi ilə müvafiq təşkilatların nümayəndələrindən ibarət Tarif Şurası yaradılmışdır. Bu qurum tariflərin və qiymətlərin sahibkarlığın mənafeyi baxımından müntəzəm olaraq tənzimlənməsində mühüm vasitə olacaqdır.

Sahibkarlığın inkişafında əhalinin ən aşağı təminatlı hissəsinə sosial yardımların və güzəştlərin ünvanlılığının təmin edilməsi, özəlləşdirilən müəssisələrin dövlətə olan borclarının silinməsi barədə qəbul edilmiş qərarların mühüm əhəmiyyəti olmuşdur.

Qeyd olunanlarla bərabər, sahibkarlığın inkişafı məqsədi ilə daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması, qaçaqmalçılığın aradan qaldırılması; keçirilən tenderlərin şəffaflığının artırılması, yerli şirkətlərin bu tenderlərə daha fəal cəlb edilməsi, xarici şirkətlərin həyata keçirdiyi layihələrdə yerli şirkətlərin subpodratçı kimi daha geniş iştirakı; iqtisadiyyatın, o cümlədən sahibkarlığın tarazlı şəkildə inkişkaf etdirilməsi, regionlarda, xüsusilə, blokadada olan Naxçıvan Muxtar Respublikasında, dağlıq və sərhədyanı rayonlarda infrastruktur ilə təminat məsələlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, bu regionlara ciddi təşviq tədbirlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülməkdədir.

Sahibkarlığın genişlənməsinin əsas bazası olan özəlləşdirmədə də problemlər mövcuddur. İlk növbədə demək lazımdır ki, özəlləşdirilmiş bir çox müəssisələr fəaliyyətini dayandırmışdır və ya qismən fəaliyyət göstərir. Bunun səbəbləri özəlləşdirmə prosesində buraxılmış səhvlər, kəmiyyət göstəricilərinə üstünlük verilməsi, habelə təsərrüfat əlaqələrinin qırılması, bazarın itirilməsi, avadanlığın köhnəlməsi ilə bağlıdır.

1980-ci illərin sonunda keçirilən tətillər, müəssisələrin fəaliyyətinin dayandırılması, neft maşınqayırması, kimya, yüngül sənaye, konserv və digər müəssisələrin keçmiş SSRİ-dəki bazarın itirilməsinə səbəb olmuşdur.

İndi də müəssisələrin özəlləşdirilməsində və fəaliyyətində müəyyən əngəllər qalmaqdadır. Bunlar əsasən bəzi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən özəlləşdirilməyə maneələrin törədilməsi, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, sahibkarların istifadə etdikləri müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən kənar şəxslərin istifadəsinə verilməsi, məhkəmə qətnamələrinə əsasən, tələbin özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin fəaliyyəti üçün zəruri olan avadanlığa yönəldilməsi ilə bağlıdır.

Özəlləşdirilən müəssisələrdə işçilərin sosial müavinətlərinin ödənilməsi, habelə ekoloji təhlükəsizliklə bağlı yeni sahibkarlara tələblərin qoyulması da özəlləşdirmə prosesinə əngəl yaradan problemlərdəndir. Bu baxımdan sosial müavinətlərin birbaşa Sosial Müdafiə Fondundan ödənilməsi həlli vacib olan məsələlərdəndir.

Sahibkarlığın inkişafı ilə bağlı elektrik enerjisi, qaz və su ilə təminatda da problemlər vardır. Hazırda bu problemlərin həlli məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində islahatlar həyata keçirilir. Belə ki, ölkə üzrə enerjipaylayıcı şəbəkələrin bazasında 4 səhmdar cəmiyyəti yaradılmış və onların idarəetməyə verilməsi işi davam edir. Azərbaycan Respublikası Prezidenti tərəfindən bu yaxınlarda təsdiq edilmiş müvafiq proqrama uyğun olaraq, analoji tədbirlər qaz, su, kanalizasiya və digər kommunal xidmət sahələrində də həyata keçiriləcəkdir.

Bu yaxınlarda kiçik su elektrik stansiyalarının özəlləşdirilməyə açılması da elektrik enerjisi istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına təkan verəcəkdir.

Bununla bərabər, beynəlxalq maliyyə təsisatlarının və ayrı-ayrı ölkələrin ayırdıqları güzəştli kreditlər hesabına magirstral yolların, suvarma şəbəkələrinin bərpası ilə bağlı mühüm layihələr həyata keçirilməkdədir.

Sahibkarlığın kütləvi informasiya vasitələrində daha geniş təbliği, onların problemlərinin işıqlandırılması, “Sahibkarların dostu”, “İlin sahibkarı” və digər mükafatların, həmçinin “Milli sahibkarlar günü”nün təsis edilməsi, sahibkarların ictimai birliklərinin, eləcə də Respublika Sahibkarlar Şurasının yaradılması bu sahənin inkişafına müsbət təsir göstərə bilər.

Hörmətli görüş iştirakçıları!

Demək lazımdır ki, dövlət idarəetmə orqanları ilə yanaşı, qanunvericiliyin sahibkarlar tərəfindən pozulması halları da kifayət qədər geniş yayılmışdır.

Məsələn, vergidən yayınma, gəlirlərin gizlədilməsi, müəssisələrin və torpaq sahələrinin qanunsuz zəbt olunması, qanunla müəyyən olunmamış yerlərdə - meşə zolaqlarında, qoruqlarda, parklarda, dəniz sahilində, neft buruqlarının arasında, magistral neft və qaz kəmərlərinin üzərində müxtəlif obyektlərin tikilməsi halları tez-tez müşahidə olunur.

Digər tərəfdən, dövlətə məxsus təbii sərvətlərdən qanunsuz istifadə edib bunun müqabilində nəzərdə tutulmuş vergidən və digər ödənişlərdən yayınma, ətraf mühitin çirkləndirilməsi, insanların həyatına və sağlamlığına təhlükə törədilməsi halları xüsusilə narahatlıq doğurur.

Bir çox hallarda sahibkarlar tarixi və mədəni əhəmiyyət kəsb edən binalarda, yaxud digər tikililərdə yerləşmiş müəssisə rəhbərləri ilə sövdələşmələrə girir, qanunsuz olaraq həmin binalardan sahələr icarəyə götürür və buna xeyli vəsait sərf edirlər. Sonradan isə bu əməllərin qarşısı alındıqda, onlar qanunsuz icarəyə götürdükləri sahələrdən çıxarıldıqda ciddi narazılıqlar yaranır.

Hörmətli görüş iştirakçıları!

Qeyd olunan problemlərə baxmayaraq, son 8 ildə görülmüş tədbirlər nəticəsində sahibkarlığın inkişafı ölkənin, onun vətəndaşlarının həyatında ciddi dəyişikliklərlə nəticələnmişdir. Cəmi 10-15 il bundan əvvəl xarici ölkələrə səfərlər zamanı küçələrin təmizliyi və yaraşığı, mağazalardakı bolluq bizim üçün əlçatmaz xəyal, arzu kimi görünürdü. Məhz həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, bu arzular Azərbaycanda gerçəkləşdi və qarşısıalınmaz reallığa çevrildi.

Sevindirici haldır ki, sahibkarlığın inkişafı nəticəsində yerli müəssisələrin istehsal etdikləri məhsullar xarici məhsullara qarşı yüksək rəqabət qabiliyyətini göstərir. Buna misal olaraq ət, toyuq və süd məhsulları, meyvə şirələri, çörək və un məmulatı, mineral su, spirtli içki və siqaret, ayaqqabı, geyim, mebel, inşaat materialları və digər istehsal sahələrini sadalamaq olar.

Əgər 1995-ci ildə ərzaq məhsulları ümumi idxalın 41 faizini təşkil edirdisə, 2001-ci ilin yekunlarına görə 16 faiz olmuşdur. Lakin bununla belə, ərzaq və ya digər məhsullarla təminatda yerli istehsalın rolunu artırmaq üçün böyük potensial imkanlar vardır.

Sonda xüsusi vurğulamaq istərdim ki, sahibkarlar dövlətsiz, dövlət isə sahibkarlarsız mövcud ola bilməz. Prezidentimiz dəfələrlə vurğulamışdır ki, dövlət sahibkara onun mülkiyyətini qorumaq, ona dinc şəraitdə, maneəsiz fəaliyyət göstərmək üçün real imkan yaratmaq məqsədi ilə lazımdırsa, sahibkar dövlətə öz mövcudluğunu, iqtisadi bazasını, maliyyə və iqtisadi əsasını təmin etmək üçün lazımdır. Odur ki, dövlətin fəaliyyətinin qiymət meyarı sahibkara yaratdığı şəraitlə, sahibkarın fəaliyyətinin qiymət meyarı isə ödədiyi vergi, insanlara verdiyi iş və dolanışıq ilə ölçülür.

Möhtərəm cənab Prezident!

Bütün bu nailiyyətlər məhz Sizin müəyyən etdiyiniz siyasətin real nəticəsidir. Mövcud problemlər isə yalnız Sizin möhkəm iradəniz, həmişəki kimi prinsipial mövqeyiniz, radikal qərarlarınız sayəsində həll oluna bilər.

Çıxışımın sonunda Sizi əmin etmək istərdim ki, əldə edilmiş uğurların möhkəmləndirilməsi, ölkəmizin iqtisadi tərəqqisinə, vətəndaşlarımızın maddi rifahının daha da yüksəlməsinə yönəlmiş strategiyanızın həyata keçirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığımızı səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

X X X

HEYDƏR ƏLİYEV: Bizim görüşümüzün birinci hissəsi bitdi. Biz sizi, yəni iş adamlarını dinləyəcəyik. Görürəm, burada söz demək üçün müraciət edənlər var. Mən onların müraciətlərini nəzərə alaraq söz verəcəyəm. Ancaq burada yəqin ki, hər kəsin söz demək arzusu var. Ona görə də burada çıxış etmək lazım deyil, nitq söyləmək də lazım deyildir. Yaxşı sahibkarlıq edirsinizsə, çox sağ olun, yaxşı nəticələr əldə edirsinizsə, çox sağ olun. Əgər siz gəlib burada öz nailiyyətləriniz haqqında on dəqiqə, sizi narahat edən, sizə mane olan şeylərdən isə iki dəqiqə danışsanız, bu, səmərəli olmayacaqdır.

Sizin gördüyünüz işlər məlumdur. Sahibkarlar Azərbaycanda iqtisadiyyatın inkişafına böyük töhfələr verirlər. Ancaq bu gün bu barədə məlumat verməyə ehtiyac yoxdur. Mən xahiş edirəm ki, tribunaya, mikrofon qarşısına gəlmək istəyən hər bir şəxs ancaq və ancaq sahibkarlığın daha da uğurla həyata keçirilməsinə mane olan amillər barədə açıq-aydın desin, heç kəs utanmasın, heç kəs çəkinməsin. Çünki bu nöqsanların, mane olan şeylərin səbəbləri bizə məlumdur. Ola bilərdi, mən sizinlə görüşmədən də böyük bir toplantı keçirərək, mənə məlum olan faktlardan istifadə edib Azərbaycanda hakimiyyət orqanları qarşısında lazım olan vəzifələri qoyum. Ancaq mən hesab edirəm ki, bizə məlum olmayan şeylər də var. Bunları siz bizdən daha yaxşı bilirsiniz. Sizin özünüz işinizdə bunu hiss edirsiniz. Rica edirəm ki, ancaq bu barədə danışasınız.

Təbiidir ki, indi biz günün axırına qədər burada bir yerdə işləyəcəyik. Ancaq buna baxmayaraq, hamı burada öz fikrini demək imkanı əldə edə bilməyəcəkdir. Ona görə də sizə xüsusi anket paylanıbdır. Siz orada öz fikirlərinizi yazıb qutulara atarsınız. Qutular haradadır?

RAMİZ MEHDİYEV \Prezidentin İcra Aparatının rəhbəri\: Buradadir.

HEYDƏR ƏLİYEV: Onlar qutu deyil, Ramiz Mehdiyev, biz istəyirik ki, bu, gizli olsun, o yazılar da anonim olsun. İndi danışacaqlar, niyə qutu gətirməmisiniz? Şöbə müdiri qabağına bir dənə çanaq qoyub deyir ki, yazıları gətirin bura atın. Özünüz də deyirsiniz ki, anonim olsun. Yaxşı, qutunu hazırlamaq çətin bir şey deyildir ki?! Yəqin unutmusunuz, indi hazırlayırsınız.

RAMİZ MEHDİYEV: Cənab Prezident, nəzərdə tutmuşuq.

HEYDƏR ƏLİYEV: Bəs, haradadır?

RAMİZ MEHDİYEV: Tənəffüs zamanı qoyulacaqdır.

HEYDƏR ƏLİYEV: Axi, niyə tənəffüsdə, indi yazacaqlar. Deyirsən ki, hələ fikirləşib yazacaqlar?! Elə bu iş vaxtı da qoya bilərdiniz.

RAMİZ MEHDİYEV: Get-gəl olmasın deyə, fikirləşdik ki, yazıb tənəffüs zamanı qutuya atarlar.

HEYDƏR ƏLİYEV: Nə olar, bir az da get-gəl olsun.

Bir halda ki, belə deyirlər, onda mən rica edirəm, biz tənəffüs edən kimi qutuları gətirin. Özü də bir qutu olmasın, qutunun yanında da heç kəs durmasın. Rica edirəm ki, heç nədən çəkinməyin, qorxmayın, nə fikriniz varsa, həmin o anketdə yazıb qutulara atın. Yəni burada deyəcəyiniz və o qutuya atdığınız anketlərdəki fikirlər hamısı toplanacaqdır. Özü də onlar anonimdir. Adınızı yazmayın, familiyanızı yazmayın. Biz bunu nə üçün edirik, - mən bunu dedim. Biz bilirik ki, şikayət edəcəyiniz orqanların rəhbərləri, ola bilər, gələcəkdə sizə kömək etmək əvəzinə, maneçilik etsinlər ki, niyə gedib bizim işlərimizi orada açdınız.

Bilirəm ki, bəzi biznesmenlərin şikayətləri var, öz aralarında deyirlər. Amma gəlib açıq demək istəmirlər. Bunun da səbəbi var. Çünki açıq deyəndə, hansı orqandan şikayət edibsə, o, təəssüflər olsun ki, ona qarşı daha da təzyiqlər edir, yaxud ədalətsiz hərəkətlər edir. Ona görə biznesmen fikirləşir ki, bir təhər başımı dolandırım.

Demək, bizim görüşümüzün birinci hissəsi bitdi. Mən xahiş edirəm, bizim televiziya, foto və başqa mətbuat nümayəndələri getsinlər. Biz nəzərdə tutmuşduq ki, fasilə edək. Amma fasilə etmək tezdir. Biz burada cəmi bir saat yarımdan da azdır işləyirik. Heç olmasa, bir az da işləyək, sonra fasilə edək. Mən belə düşünürəm. Ona görə mətbuat, siz gedin, sağ olun.

X x x

Sonra görüş qapalı şəkildə davam etdirildi. Beş saatdan çox davam edən qapalı görüşdə sahibkarlar onları narahat edən məsələlər barədə fikirlərini söylədilər.

X X X

Fasilədən sonra görüş kütləvi informasiya nümayəndələrinin iştirakı ilə davam etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə yekun nitqi söylədi.

\Dövlətimizin başçısının yekun nitqi qəzetin növbəti nömrəsində dərc olunacaqdır\.

X X X

Görüşdə baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun,

Yaşar Xəlilovun və

Rafiq Bağırovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb