AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ ENERGETİKA NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ energetika nazirinin müavini cənab Görts ilə görüşmüşdür.
Azərbaycan neftinin ixracı üçün boru kəmərlərinin marşrutu barədə oktyabrın 9-da qəbul edilmiş qərara görə dövlətimizin başçısı Heydər Əliyevə minnətdarlığını bildirən cənab Görts çox düzgün olan bu addımın təkcə ölkəmiz üçün deyil, həm də regionun bir çox digər dövlətlərinin müstəqilliyinin qorunması üçün böyük əhəmiyyəti olduğunu vurğuladı. Onun fikrincə, bu iki boru kəməri Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz nəql olunmasına imkan yaradacaqdır. Nazir müavini ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyətinə lazımi şərait yaratdığına görə Prezident Heydər Əliyevə təşəkkür etdi və bunun ABŞ-da yüksək qiymətləndirildiyini vurğuladı.
Cənab Görts ilə tanış olmasından məmnun qaldığını bildirən Prezident Heydər Əliyev ABŞ-ın energetika naziri xanım o’Liri ilə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi xanım Olbraytla və Prezident Bill Klintonla keçirdiyi görüşlərdən razılıqla söhbət açdı.
Cənab Görts bu il noyabrın əvvəlində Bakıya səfər etmək və daha bir yatağın birgə işlənməsi barədə Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-ın “Penzoyl” şirkəti arasında müqavilənin imzalanması mərasimində iştirak etmək niyyəti olduğu haqqında Prezident Heydər Əliyevə məlumat verdi.
Azərbaycan Prezidenti bu mərasimdə cənab Görtsün iştirak etmək niyyətini alqışladı və danışıqları Bakıda davam etdirəcəklərinə əmin olduğunu bildirdi.
Nazir müavini təkcə konsorsium çərçivəsində deyil, ondan kənarda da Azərbaycanın neft ehtiyatlarının işlənilməsində ABŞ şirkətlərinə yaratdığı imkanlara görə Prezident Heydər Əliyevə təşəkkür etdi və ABŞ-ın Azərbaycana dost ölkə olduğunu vurğuladı.
Xəbərin mətnində orfoqrafik səhv var