RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ XANIM OLBRAYT İLƏ GÖRÜŞMÜŞDÜR
Xanım Olbraytı hərarətlə salamlayan Prezident Heydər Əliyev dedi ki, mən sizi yaxın dost hesab edirəm.
Dövlətimizin başçısının Nyu-Yorka səfərini məmnuniyyətlə qəbul etdiklərini və onun ABŞ Prezidenti Bill Klintonla görüşünü səbirsizliklə gözlədiklərini bildirən xanım Olbrayt da Heydər Əliyevə dost münasibəti bəslədiyini vurğuladı.
Heydər Əliyev Prezident Bill Klintonla qarşıdakı görüşünə hədsiz əhəmiyyət verdiyini bildirərək, bu görüşə və ümumiyyətlə, Nyu-Yorka səfərinə çox böyük ümidlər bəslədiyini qeyd etdi.
İki dövlət başçısının görüşündə iştirak edəcəyini və elə buna görə də Prezident Heydər Əliyevlə əvvəlcədən görüşməyi çox faydalı hesab etdiyini söyləyən xanım Olbrayt əmin olduğunu bildirdi ki, ölkələrimiz arasındakı münasibətlər daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Görüşdə bir çox sahələrdə Amerika-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Tərəflər Prezident Heydər Əliyevin Bill Klintonla qarşıdakı görüşündə müzakirə olunacaq məsələlərdən ətraflı bəhs etdilər.