AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ MİLLİ DEMOKRATİYA İNSTİTUTUNUN RƏHBƏRİ CƏNAB NELSON LETSKİ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ Milli Demokratiya İnstitutunun rəhbəri Nelson Letski ilə görüşmüşdür.
Dövlətimizin başçısı Heydər Əliyevlə görüşündən məmnun qaldığını bildirən cənab Letski Azərbaycana səfəri zamanı ona göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkür etdi. O, Bakıda keçirdiyi görüşləri indi də xatırladığını və Azərbaycanda demokratik proseslərin inkişafından razı qaldığını vurğuladı. Cənab Letski noyabrın 12-də respublikamızda parlament seçkilərinin yüksək səviyyədə, tam demokratik şəraitdə keçməsi üçün aparılan hazırlıq barədə ətraflı məlumatı olduğunu bildirdi və Heydər Əliyevin rəhbərliyi altında bu sahədə görülən işləri yüksək qiymətləndirdi.
Səmimi və xoş sözlərə görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev dedi ki, biz seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün lazım olan bütün işləri görürük. Çünki ölkənin Prezidenti kimi mən demokratik parlamentin yaradılmasına böyük əhəmiyyət verirəm. Dövlətimizin başçısı dedi: Biz əvvəldən bütün dünyaya bəyan etmişik ki, qarşıdakı seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ona görə də bütün beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət etmişik ki, bu seçkilərə öz müşahidəçilərini göndərsinlər. Hazırda müşahidəçilər qrupunun böyük bir dəstəsi Bakıya gəlmiş və fəaliyyətə başlamışdır.
Cənab Letski Prezident Heydər Əliyevin seçkilərə belə prinsipial münasibətindən razı qaldığını bildirdi və Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi vasitəsilə oradan vaxtaşırı məlumat aldığını vurğuladı. O əmin olduğunu bildirdi ki, qarşıdakı parlament seçkiləri Azərbaycanın demokratik bir dövlət kimi bütün dünyada nüfuzunun daha da artmasında mühüm rol oynayacaqdır.
Prezident Heydər Əliyev cənab Letskini respublikamıza yeni səfərə dəvət etdi. Cənab Letski yaxın vaxtlarda Azərbaycana gəlmək niyyətində olduğuynu söylədi.
Xəbərin mətnində orfoqrafik səhv var