RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BOSNİYA VƏ HERSOQOVİNANIN PREZİDENTİ ALİYA İZZƏTBƏYOVİÇ İLƏ GÖRÜŞMÜŞDÜR

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Bosniya və Hersoqovina Respublikasının Prezidenti Aliya İzzətbəyoviç ilə görüşmüşdür.

Azərbaycan dövlətinin başçısı cənab İzzətbəyoviçi səmimi salamlayaraq dedi ki, biz Bosniya və Hersoqovinada gedən hadisələri diqqətlə izləyirik, sizi həmişə mənəvi cəhətdən dəstəkləmişik. Ürəkdən arzu edirik ki, Bosniya xalqı bu ağır vəziyyətdən çıxa bilsin.

Heydər Əliyev ilə yenidən görüşməsindən şad olduğunu söyləyən cənab İzzətbəyoviç Bosniyaya mənəvi dayaq olduğuna görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi və qeyd etdi ki, xalqlarımız bir-birinə dost və qardaşdırlar. Əgər biz ölkələrimizdə sülhə və əmin-amanlığa nail olsaq, dövlətlərimiz və xalqlarımız daha güclü olacaqdır.

Bosniya rəhbəri öz ölkəsindəki vəziyyət barədə Azərbaycan Prezidentinə məlumat verərək dedi ki, onlar üçün ən mühüm məsələ atəşkəsə nail olmaqdır. Bununla belə, Bosniyada indiki vəziyyət hər halda əvvəlkindən yaxşıdır. Cənab İzzətbəyoviç bildirdi ki, bizim məqsədimiz ölkəmizin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etməkdir.

Azərbaycan Prezidenti dedi ki, ölkələrimizin vəziyyəti bir-birinə çox bənzərdir. Siz də, biz də hərbi təcavüzə məruz qalmışıq. Heydər Əliyev xatırlatdı ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsi işğal olunmuş, bir milyondan artıq vətəndaşımız qaçqın düşərək çox ağır şəraitdə yaşayır. Ona görə bizim məqsədimiz ölkəmizin ərazü bütövlütünü və sərhədlərinin toxunulmazlığını təmin etmək, qaçqınları öz yurdlarına qaytarmaq və regionda möhkəm sülh yaranmasına nail olmaqdır. Azərbaycan Prezidenti dedi ki, biz bu məsələnin ədalətlə, sülh yolu ilə həll olunmasına çalışırıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin