RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BRAZİLİYA PREZİDENTİ FERNANDO HENRİKE KARDOSO İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan ilə Braziliyanı biri-birindən çox uzaq məsafə ayırmasına baxmayaraq, dövlətlərimiz arasında diplomatik münasibətlərin yaradılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayan Prezident Heydər Əliyev Braziliya Prezidenti ilə şəxsi tanışlığından məmnun olduğunu söylədi.
Azərbaycanın çox mühüm coğrafi bir məkanda yerləşdiyini qeyd edən Braziliya dövlətinin başçısı dedi ki, onun ölkəsi Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış respublikalarla əlaqələr qurulmasına xüsusi maraq göstərir. O bildirdi ki, Braziliya Azərbaycanla sıx münasibətlər yaratmaq məqsədi güdür. Cənab Kardosonun fikrincə, dövlət başçılarının belə görüşləri əməkdaşlığın inkişaf etdirilməsinə təkan verə bilər. Braziliya Prezidenti bütün beynəlxalq təşkilatlarda öz ölkəsinin nümayəndələrinə Azərbaycanın təmsilçiləri ilə sıx əməkdaşlıq etmək barədə göstəriş verəcəyini bildirdi.
Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzü, ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi, bir milyondan çox qaçqının öz yurdundan zorla qovulması haqqında müsahibinə geniş söhbət açdı.
Dövlətimizin başçısını diqqətlə dinləyən cənab Kardoso qeyd etdi ki, bu regionda baş verən hadisələr mətbuat səhifələrində heç də öz dolğun əksini tapmır. O dedi ki, Braziliya Azərbaycanın dünya miqyasında tanınmış, qəbul olunmuş dövlət sərhədlərinin toxunulmazlığının beynəlxalq birlik tərəfindən təmin olunmasını müdafiə edir. Braziliya Prezidenti bildirdi ki, əgər bu prinsiplər pozularsa, onda dünyada çoxlu münaqişələr meydana çıxa bilər. Ona görə də beynəlxalq təşkilatlar öz öhdəliklərini həyata keçirməyə çalışmalı, başqa dövlətlərin ərazilərini zəbt etmiş ölkələrə ciddi təsir göstərməlidirlər.
Prezidentlər hər iki ölkəni maraqlandıran bir çox digər məsələlər, xüsusən qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi apardılar.
Görüşün sonunda prezidentlər bir-birini öz ölkələrinə rəsmi səfərə dəvət etdilər.