AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV DÖVLƏT DEPARTAMENTİNİN ƏMƏKDAŞI CEYMS KOLLİNZ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda ABŞ Dövlət Departamentinin yeni müstəqil dövlətlər üzrə xüsusi səlahiyyətli səfiri Ceyms Kollinz ilə görüşmüşdür.
Səmimilik şəraitində keçən görüşdə cənab Kollinz Azərbaycana səfərini və orada keçirdiyi görüşləri, apardığı danışıqları həmişə məmnunluqla xatırladığını, görkəmli siyasi xadim olan Prezident Heydər Əliyevə böyük hörmət bəslədiyini vurğuladı.
Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı bildirdi ki, yeni müstəqillik qazanmış Azərbaycanın əsas problemi Ermənistan silahlı qüvvələrinin ölkəmizə təcavüzü nəticəsində yaranmış vəziyyətdir. Münaqişənin sülh yolu ilə başa çatdırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlardan bəhs edən Prezident Heydər Əliyev əldə olunmuş uzunmüddətli atəşkəs rejiminin davam etdirilməsini müsbət qiymətləndirdi. O bir daha xatırlatdı ki, biz müharibə istəmirik, Azərbaycan öz torpaqlarının azad olunmasını, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin edilməsini, yurdlarından didərgin salınmış bir milyondan çox qaçqının doğma yerlərinə qayıtmasını istəyir.
Cənab Kollinz Prezident Heydər Əliyevin fikirlərinə tamamilə şərik olduğunu bildirərək, Minsk qrupunun son vaxtlarda gördüyü iş haqqında geniş söhbət açdı.
Görüş zamanı Azərbaycanın ABŞ-la əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər barədə geniş fikir mübadiləsi aparıldı. Cənab Kollinz Azərbaycan neftinin ixrac marşrutları ilə əlaqədar qəbul olunmuş qərara yüksək qiymət verdi.
Axırda Prezident Heydər Əliyev ölkəmizdəki ictimai-siyasi vəziyyətdən, hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən ətraflı söhbət açdı. Azərbaycanda demokratik parlament seçkilərinə və yeni konstitusiya layihəsinin ümümxalq səsverməsi ilə qəbul olunmasına hazırlıqdan bəhs etdi.
Xəbərin mətnində orfoqrafik səhv var