RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ERMƏNİSTAN PREZİDENTİ LEVON TER-PETROSYAN İLƏ GÖRÜŞMÜŞDÜR
Bağlı qapı arxasında təkbətək keçirilən görüşdən sonra prezidentlər mətbuat üçün bəyanat verdilər.
Ermənistan Prezidenti Levon Ter-Petrosyan dedi: Birincisi, Heydər Əliyeviçlə biz tərəflərin indiki atəşkəs rejimini dəstəklədiyini təsdiq etdik. Mən belə hesab edirəm ki, on yeddi ay davam edən atəşkəş bütün münaqişə ərzində nail olduğumuz ən dəyərli işdir. Danışıqlar nə qədər çətin olsa belə, biz bütün hallarda bu barışığı qoruyub saxlamalıyıq. Bu o demək deyildir ki, biz vəziyyəti dondurmağa çalışırıq. Əksinə, məhz bundan istifadə edərək çalışmalıyıq ki, problemi tezliklə siyasi vasitələrlə həll edək. Heydər Əliyeviçlə biz həm də bu fikirdəyik ki, danışıqlar prosesi ləng gedir və irəliləyişə nail olmaq üçün, görünür, elə bu danışıqlar çərçivəsində hansısa yeni formalar axtarıb tapmaq barədə düşünməliyik. Bu yeni formaların tapılmasında biz birbaşa əlaqələrə üstünlük veririk. Zənnimcə, bugünkü görüşün əsas nəticələri bunlardır.
Azərbaycan Prezidenti Heydər Əliyev dedi: Mənə elə gəlir ki, bu məsələdə mövqeyimiz eynidir. Xeyli vaxtdır ki, biz Levon Akopoviçlə şəxsi əlaqə saxlayır və hər hansı beynəlxalq məclislər keçiriləndə şəxsi görüşlərdən istifadə etməyə çalışırıq. İndi burada da bizə belə bir imkan yarandı və açığını deyim ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair bütün məsələlər barədə fikir mübadiləsi apardıq. Münaqişənin davam etdiyi bir çox illər ərzində sabit atəşkəsə nail olmağımız, atəşkəsin artıq on yeddi ay davam etməsi və buna əməl etməyimiz həqiqətən böyük naliyyətdir.
İndiki atəşkəsin xüsusiyyəti ondan ibarətdir ki, tərəflər buna heç bir ayrıcı, sülhyaratma qüvvələrinin iştirakı olmadan əməl edirlər. Bu, nadir haldır. Bu həm də onu göstərir ki, etimad adlandırdığımız şey itirilməmişdir. Bu gün biz bir daha razılığa gəldik və mən bunu öz tərəfimdən də bəyan edirəm: Biz - Azərbaycan tərəfi tam, etibarlı sülhə nail olmaq üçün atəşkəs rejimini qoruyub saxlayacağıq.
Mən Ermənistan Prezidenti Levon Akopoviç Ter-Petrosyanla birbaşa əlaqələrə çox böyük əhəmiyyət verirəm. Bugünkü üzbəüz görüşümüzdə də açıq fikir mübadiləsi etdik, başlıcası isə bu fikrə gəldik ki, biz irəliləməliyik. Bunun üçün indiyədək olan bütün üsullardan, formalardan istifadə etməklə yanaşı, sülhə nail olmaq üçün səylərimizi gücləndirməkdən ötrü daha hansı işlər görmək barədə düşünməliyik. Mən bugünkü görüşü çox faydalı hesab edirəm və ümidvaram ki, biz ikitərəfli şəxsi əlaqələrimizi davam etdirəcəyik.