RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV FƏLƏSTİN AZADLIQ TƏŞKİLATININ BAŞÇISI YASİR ƏRƏFAT İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və dostluq şəraitində keçən görüşdə Prezident Heydər Əliyev son dövrdə Yaxın Şərqdə əldə edilən sülh münasibətilə Yasir Ərəfatı təbrik etdi. Dövlətimizin başçısı dedi ki, münaqişənin həlli üçün sülhdən başqa yol yoxdur.
Prezident Heydər Əliyevlə görüşməkdən çox məmnun qaldığını bildirən Yasir Ərəfat Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı onu Azərbaycanda qəbul etməyə məmnuniyyətlə hazır olduğunu söylədi.
Yasir Ərəfat Yaxın Şərqdə sülhə nail olunması yolundakı əngəllərdən söhbət açdı. Heydər Əliyev isə Azərbaycanın başına gələn bəlalardan bəhs edərək, ölkəmizin ərazisinin 20 faizindən çoxunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından, BMT Təhlükəsizlik Şurasının, İslam Konfransı Təşkilatının qəbul etdikləri qətnamələrə baxmayaraq, Ermənistanın bu əraziləri hələ də azad etməməsindən, öz yurdundan zorla qovulmuş bir milyondan çox azərbaycanlının çətin şəraitdə yaşamasından söhbət açdı. Prezident Heydər Əliyev haqqın, ədalətin mütləq bərqərar olacağına möhkəm inandığını bildirdi.
Görüş iştirakçıları dostluq münasibətlərinin davam etdirilməsinin, əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.