AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV GÜRCÜSTANIN DÖVLƏT BAŞÇISI EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
İyunun 30-da Buxarestdə Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan dövlətinin başçısı Eduard Şevardnadze ilə görüşmüşdür.
Yaxın qonşu və dost ölkələrin rəhbərləri səmimiyyətlə görüşdülər, öz respublikalarında hazırkı ictimai-siyasi vəziyyət barədə bir-birinə ətraflı məlumat verdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstanda Abxaziya probleminin həlli ilə əlaqədar həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdi, Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət açdı.
Tərəflər müstəqil respublikalarımızın iqtisadi, mədəni, ticarət əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimizin dünya iqtisadiyyatı ilə bağlılığının təmin olunması sahəsində qarşıya çıxan məsələlərin bir-birinə kömək və yardım vasitəsi ilə həll edilməsi imkanları barədə də fikir mübadiləsi apardılar.
Eduard Şevardnadze Azərbaycanın çox nüfuzlu Qərb neft şirkətləri konsorsimu ilə bağladığı müqavilənin böyük əhəmiyyətini, dünya ölkələrinin Azərbaycana marağının getdikcə artmasında Heydər Əliyev nüfuzunun mühüm rol oynadığını qeyd etdi.
Söhbət zamanı Azərbaycan neftinin ixracı məsələsinə də toxunuldu və neft kəmərinin marşrutunun Gürcüstandan keçməsi variantı ilə əlaqədar qarşılıqlı mülahizələr söylənildi.
Görüşdə Azərbaycan Prezidentinin Gürcüstana gözlənilən səfəri barədə də söhbət açıldı.
Xəbərin mətnində orfoqrafik səhv var