Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV GÜRCÜSTAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 29-da Prezident sarayında Gürcüstan parlamentinin sədri Nino Burcanadze başda olmaqla, bu ölkənin parlament nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Hörmətli Nina Anzorovna!

Hörmətli qonaqlar, dostlar!

Mən sizi salamlayıram, Azərbaycana gəlməyinizə şadam. Şadam ki, parlamentin sədri başda olmaqla qardaş Gürcüstan parlamentinin nümayəndə heyəti qardaş Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu, mənim üçün xoşdur, həm də təbiidir. Mən bunda təəcüblü heç nə görmürəm və buna şadam. Ona görə təbiidir ki, Gürcüstanla Azərbaycan arasında belə yaxın və doğma münasibətlər vardır və bu, belə də olmalıdır. Sevinirəm ona görə ki, Gürcüstandan olan dostlarımızla, qardaşlarımızla hər yeni görüşə şadam. Sanki çoxdandır ki, görüşməmişik, halbuki, bu yaxınlarda görüşmüşdük.

Bilirsiniz, doğma adamlar bir müddət görüşməyəndə onlara elə gəlir ki, çoxdandır görüşmürlər. Rəsmi görüşlər 2-3 ildən bir keçirilsə də, biz hər halda tez-tez görüşürük.

Parlamentin sədri Murtuz Ələsgərov artıq mənə xəbər vermişdir ki, çox gərgin proqramınız vardır. Parlamentdə də görüşləriniz olmuşdur. Baş nazir sizinlə görüşü barədə mənə məlumat verdi. Siz bizim digər rəsmi şəxslərlə də görüşmüsünüz. Zənnimcə, siz Azərbaycana ilk dəfədir ki, gəlirsiniz, yoxsa əvvəllər olmusunuz?

NİNO BURCANADZE : 1978-ci ildə burada olmuşam.

HEYDƏR ƏLİYEV : Deyəsən, ananızla gəlmişdiniz.

NİNO BURCANADZE : Həm anamla, həm də atamla.

HEYDƏR ƏLİYEV : Yəqin ki, şəhərlə tanış olmusunuz. Burada 1978-ci ildə olmusunuzsa, indi Bakıda da, Azərbaycanda da maraqlı yeniliklər görəcəksiniz. Hər halda bu, çox lazımdır. Biz nə qədər tez-tez görüşsək, bir-birimizə nə qədər çox yaxınlaşsaq, problemlərimiz, hər iki tərəfi maraqlandıran məsələlər barəsində daha çox məlumata malik olacaq, həm də bir-birimizə kömək edəcəyik. Biz həmişə - keçmişdə də, on illik müstəqillik dövründə də bir-birimizə kömək etmişik. Gürcüstanın da, Azərbaycanın da müstəqilliyini qeyd etmişik.

Bu on il müddətində biz ağır bir dövr yaşamışıq. Müstəqil Dövlətlər Birliyindəki respublikaların heç də hamısı Gürcüstan, Azərbaycan kimi çətin, mürəkkəb yol keçməmişdir. Bəzi respublikalarda bu proses ağrısız keçmişdir. Hakimiyyət dəyişmiş, lakin heç bir münaqişə, toqquşma, heç bir terror olmamışdır, hər şey öz qaydası ilə getmişdir. Amma bizdə də, Gürcüstanda da belə olmamışdır. Əvvəla, bizim vəziyyətimizi hərbi münaqişələr çətinləşdirmişdir. Bu, ilk və başlıca səbəbdir. Gürcüstanda da hərbi münaqişə var, Azərbaycanda da. Hələ üstəlik daxili siyasi vəziyyətin qeyri-sabitliyi. Təəssüf ki, dövlətlərimizdə bunlar da olmuşdur. Bəlkə də bu, bizim bir-birimizə belə doğma olmağımızdandır. Biri bəlaya düşdüsə, deməli, o biri də düşməlidir. Mən bilmirəm, sabitlik əvvəlcə harada pozuldu – Gürcüstanda, yoxsa Azərbaycanda, bunu müəyyənləşdirmək çətindir. Hər halda, demək olar ki, eyni vaxtda

Biz qeyri-sabitliyi aradan qaldıra-qaldıra, qayda-qanun yarada-yarada, ictimai-siyasi vəziyyəti qaydaya sala-sala ağır bir dövr yaşadıq. Lakin Allaha şükür, indi, Gürcüstanda da, Azərbaycanda da sabitlik bərqərar olmuşdur, əmin-amanlıq şəraitində inkişaf edirik. Hərçənd bu proses çox ağır gedir, çünki problemlər çoxdur. On il bundan qabaq, müstəqilliyimizin lap əvvəllərində olduğu kimi, bu gün həm Gürcüstan üçün, həm də Azərbaycan üçün ən əsas problem münaqişələrin aradan qaldırılmasıdır.

Biz, əlbəttə, Gürcüstana görə narahatçılıq keçiririk və çox istəyirik ki, Qafqaz münaqişəsi həll olunsun, Cənubi Osetiyada qarşılıqlı münasibətlərdə lazımi qayda-qanun yaransın. Mən bilirəm ki, eynilə gürcü qardaşlarımız, Gürcüstan hökuməti, Gürcüstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyirlər.

Biz eyni xəstəliyə mübtəla olmuşuq və ondan yaxa qurtarmaq üçün hərə bir cür səy göstərir. Münaqişə eyni münaqişədir, lakin şərait bir-birindən fərqlidir. Fərq ondan ibarətdir ki, Gürcüstan ölkənin regionlarından biri olan Abxaziya ilə münaqişə vəziyyətindədir. Azərbaycan da öz ölkəsindəki regionla – Dağlıq Qarabağla münaqişədədir. Lakin məsələ bundadır ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan tərəfindən başlanmışdır. Dağlıq Qarabağ Ermənistana birləşəndə belə vəziyyət yarandı ki, biz Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə, digər beynəlxalq təşkilatlara daxil olan dövlətlə - Ermənistanla münaqişədəyik. Bu münaqişələrin fərqi bundadır. Oxşar cəhəti isə odur ki, sizdə də qaçqınlar var, bizdə də. Bu, sizdə də daxili siyasi vəziyyəti gərginləşdirir, bizdə də. Sizdə də sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərir, bizdə də, ona görə biz də bunu aradan qaldırmaq üçün tədbirlər görürük, Gürcüstan da çox fəal tədbirlər görür.

Bu münaqişələr həddindən artıq mürəkkəb münaqişələrdir, ona görə də hələlik nə siz, nə də biz istənilən nəticələrə nail ola bilməmişik. Lakin belə fikirləşirəm ki, nail olacağıq, mən buna əminəm. İnanıram ki, Gürcüstan da münaqişədən yaxa qurtaracaq, öz ərazi bütövlüyünü təmin edəcək və rahat inkişaf edəcəkdir. İnanıram ki, Azərbaycanda da belə olacaqdır. İnanıram ki, bütövlükdə Cənubi Qafqazda biz sabitliyə nail olacağıq və bu da, şübhəsiz, bütün sahələrdə daha yaxşı əməkdaşlıq etməyə imkan verəcəkdir.

Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsinin yaxşı olduğunu hesab edirəm. Lakin daha yaxşı ola bilərdi, amma imkanların da hüdudu var. Hər halda biz öz tərəfimizdən çalışırıq və çalışacağıq ki, iqtisadi və digər bütün əlaqələrimiz inkişaf etsin. Ən başlıcası isə, bizim həmrəyliyimiz, ümumi siyasi həmrəyliyimizdir. Əvvəla, dövlətçiliyimizin, müstəqilliyimizin saxlanması naminə. İkincisi, münaqişələrin nizama salınması naminə. Üçüncüsü, Qafqazda sülhün, sabitliyin bərqərar olunması naminə.

Gürcüstana rəsmi səfərim zamanı biz Eduard Amvrosiyeviçlə dinc Qafqaz haqqında bəyanat imzaladıq. Yəqin ki, xatirinizdədir, Eduard Amvrosiyeviçlə sonrakı görüşlərimizdə - Tbilisidə də, Bakıda da, beynəlxalq müşavirələrdə, MDB dövlət başçılarının görüşlərində də biz həmişə bu tezisi təsdiq etmişik və bu gün də təsdiq edirik.

Bizim dostluğumuzun əsası ondadır ki, xalqlarımız çox qədim dövrlərdən dostluq etmişlər və indi də dostluq edirlər. Böyük xoşbəxtlikdir ki, bizim aramızda heç vaxt münaqişə olmamışdır. Bu, böyük işdir. Bir baxın, ətrafımız münaqişələrlə doludur, gürcü və Azərbaycan xalqları arasında isə nə münaqişə, nə mübahisə, nə də toqquşma olmamışdır. Bu, böyük işdir, böyük xoşbəxtlikdir. Bizim dostluğumuz ilbəil möhkəmlənir. Mən özümü bu dostluq münasibətlərinin veteranı hesab edə bilərəm. 30 il bundan əvvəlki dövrü xatırlayıram. O zaman biz bu dostluğu daha da möhkəmləndirməyə başladıq. Elə o vaxtdan bu, davam edir və hətta ən ağır, ən cətin dövrlərdə dostluğumuz zəifləməmişdir. İndi isə Prezident Eduard Şevardnadze və Azərbaycan Prezidenti şəxsi dostluq əlaqələri saxlayaraq, eyni zamanda köhnə ənənələri davam etdirərək, bu dostluğun daha da möhkəmlənməsi, bizdən sonra gələcək nəsillərin birgə yaşayışı üçün möhkəm təməl yaradılmasından ötrü hər şeyi edirlər və mən zənn edirəm ki, Eduard Amvrosiyeviçlə bir yerdə bu işi davam etdirəcəyik.

Bir daha sizi salamlayıram və sizinlə görüşməyimə şadam.

 

NİNO BURCANADZE: Cənab Prezident, belə xoş sözlərə görə, belə mehribancasına qəbula görə çox sağ olun. Həqiqətən çox şadam ki, şəxsən mənə və nümayəndə heyətimizə Sizinlə görüşmək imkanı verilmişdir. Çünki haqqında indicə söhbət açdığınız dostluq münasibətlərinin möhkəmlənməsində, Gürcüstanla Azərbaycan arasında münasibətlərdə Sizin şəxsi rolunuz olduqca böyükdür. Ona görə də bir daha təsdiq etməyə şadam ki, Sizinlə görüşmək və Sizin eşitməyinizi istədiyimiz mülahizələrimizi bildirmək bizim üçün çox vacib idi.

Dövlətlərimiz arasında yaranmış xoş münasibətlərə Sizin şəxsi töhfənizi həqiqətən çox qiymətləndiririk. Şübhəsiz, bu, həm də iki xalqın – gürcü və Azərbaycan xalqlarının iradəsidir. Siz tamamilə doğru dediniz ki, şükürlər olsun, bizim aramızda heç vaxt münaqişələr olmayıb, heç vaxt ədavət olmayıbdır. Əlbəttə ki, iki prezidentin – Sizin və Prezident Şevardnadzenin şəxsi nümunəsi mehriban qonşuluq münasibətlərimizi daha da gücləndirir.

Nəzərə çarpdırmağa şadam ki, bu gün məni nəinki gürcü millətindən olan, həm də Azərbaycan millətindən olan həmkarlarım müşayiət edirlər. Azərbaycanlı deputatlar parlamentimizdə çox müsbət rol oynayırlar və parlamentdə çalışdığım yeddi ildə aramızda problemlər, çətinliklər olmayıbdır. Siyasi həyatımızda meydana çıxmış bütün cari məsələləri biz birlikdə və qarşılıqlı anlaşma şəraitində həll etmişik, bir-birimizə hörmətlə yanaşmışıq. Zənnimcə, bu, daha bir sübut və daha bir nümunədir ki, biz bütün məsələləri asanlıqla həll edə bilərik, çünki bunun üçün xoş məramımız var.

Burada, Bakıda olduğum bu iki gün bir daha təsdiq etdi ki, münasibətlərimizdə həll edilməsi çətin olan problem məsələlər, əslində, mövcud deyildir. Biz məsələləri parlamentdə də, Nazirlər Kabinetində də, Xarici İşlər Nazirliyində də qaldırırdıq və bütün bu məsələlərə mütləq adekvat münasibət göstərildiyini görürdük, mütləq adekvat cavablar alırdıq və onların həlli üçün tam istək və qarşılıqlı anlaşma olduğunu yəqin edirdik.

Mən fürsətdən istifadə edərək, Gürcüstanın regional layihələrə qoşulmasına çox böyük töhfə verdiyinizə görə şəxsən Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Bu layihələrin bizim üçün nəinki iqtisadi, həm də olduqca böyük siyasi əhəmiyyəti var. Bu layihələr neft və qazın nəqlini təmin edir. Əlbəttə, Gürcüstan parlamentində çıxışınız zamanı orada iştirak edən həmkarlarım kimi, mən də, hamımız Gürcüstan barəsində etdiyiniz həmin misilsiz xeyirxahlığı yaxşı xatırlayırıq. Ona görə də istəyirəm biləsiniz ki, Gürcüstan parlamentində də, bütün Gürcüstanda da bu xeyirxahlıq lazımi əks-səda doğurdu və biz onu həqiqətən olduqca yüksək qiymətləndiririk.

HEYDƏR ƏLİYEV: Sağ olun. Müxalifətdən kiminsə burada olub-olmadığını bilmirəm, amma buna görə məni tənqid edirlər.

NİNO BURCANADZE: Biz bilirik ki, buna görə Sizi tənqid etmişlər, ona görə də Sizə ikiqat minnətdarıq.

HEYDƏR ƏLİYEV: Mən bunu minnətdarlıq naminə etməmişəm. Bilirdim ki, məni tənqid edəcəklər. Mən həmişə nə edirəmsə, bunun nəticəsini əvvəlcədən bilirəm və bu işə şüurlu surətdə gedirəm, bilirəm ki, bunun müsbət cəhəti də olacaq, mənfi cəhəti də. Odur ki, heç nəyin minnətində deyiləm, sadəcə olaraq xatırladıram.

NİNO BURCANADZE: Çox şadam ki, qazın nəqlinə dair ikinci layihənin ratifikasiyası parlamentdə artıq mənim sədrliyim dövründə baş verdi. Fəxr edə bilərəm ki, bu sənəd tam yekdilliklə keçdi, heç bir deputat onun əliyhinə çıxmadı. Bu, həyata keçirilən layihələrə Gürcüstanın, Gürcüstan parlamenti üzvlərinin necə böyük əhəmiyyət verdiyini bir daha sübut edir. Ona görə də əminik ki, bu layihələr bizə heç də təkcə iqtisadi mənfəət deyil, həm də regionumuza həqiqətən sülh və sabitlik gətirəcəkdir. Çünki bunlar təkcə sizin və bizim kiçik dövlətlərimizin deyil, böyük dövlətlərin də marağı olduğu milyardlarlıq layihələrdir. Yəqin ki, bu, bizə regionda sabitliyi möhkəmlətməyə daha çox kömək edəcəkdir.

Siz tamamilə doğru dediniz və Gürcüstan müxalifəti də belədir. Dövlətlərimiz üçün ən vacib problem, əlbəttə ki, ərazi bütövlüyü problemi, münaqişələr problemidir. Bu, bizi çox ciddi narahat edən ən ağrılı mövzudur. Bir həftə əvvəl mən Avropa Şurasında çıxış etdim və bildirdim ki, nə qədər ki, ərazilərimizdə adi hüquqlardan, öz evlərinə qayıtmaq hüququndan, yaxınlarının məzarlarını ziyarət etmək hüququndan məhrum olmuş on minlərlə, yüzminlərlə qaçqın var, dövlətin demokratik inkişafında böyük irəliləyişlərdən, insan hüquqlarının müdafiəsindən danışmaq mümkün deyildir. Bu, elə bir problemdir ki, onun həllində bizə beynəlxalq birlik də ciddi kömək etməlidir.

Mən tam əminəm ki, əyər biz Qafqazda bu münaqişələri həll edə, biz münaqişə alovunu həqiqətən söndürə bilsək, onda Qafqaz çiçəklənən, tamamilə misilsiz regionlardan biri olar, dünyanın bir çox digər regionları ona həsəd aparar. Öz tamahkar maraqları naminə bəzən bizim problemlərimizdən istifadə edən digər dövlətlərin hazırda Qafqazda mövcud olan qeyri-sabit vəziyyətdən istifadə etmək imkanı azalar.

Bu mənada Gürcüstanda biz Ermənistan Prezidenti Koçaryanla birbaşa görüşlərinizi çox fəal izləyirik və ümidvarıq ki, Siz düşdüyünüz həqiqətən çıxılmaz vəziyyətdən qurtarmağın yolunu tapa biləcəksiniz.

Biz də ümidvarıq ki, Abxaziya və qondarma Cənubi Osetiya münaqişələrində də irəliləyiş əldə edə biləcəyik. Çünki tamamilə əminik ki, Dağlıq Qarabağ problemini həll edib, Abxaziya və Cənubi Osetiya məsələsini saxlamaqla və əksinə, Abxaziya və qondarma Cənubi Osetiya münaqişələrini həll edib, Dağlıq Qarabağ münaqişəsini nizama salmasaq, Qafqazda sülhə nail ola bilmərik. Çünki bizim, həqiqətən də faciəli təcrübəmiz var. Qafqazın bir yerində münaqişə, müharibə başlayanda, bu, kiçik regionun bütün guşələrində özünü göstərir. Odur ki, biz düşdüyümüz münaqişəli vəziyyətlərdən, problemlərdən çıxış yolu tapılmasında çox maraqlıyıq.

Düşünürəm ki, münasibətlərimizdə problem yoxdur, lakin onları daha da intensivləşdirməliyik. Hörmətli həmkarımla razılığa gəldik ki, parlamentlərarası münasibətlərimizi təkcə spikerlər səviyyəsində deyil, həm də komitələr, komissiyalar və daimi fəaliyyət göstərən nümayəndə heyətləri səviyyəsində intensivləşdirək və mövcud olan bütün problemləri birbaşa həll edək. Biz qanunvericiliyimizi, xüsusilə də iqtisadi sahədə qarşılıqlı münasibətlərimizin daha da intensivləşməsinə kömək edəcək ciddi iqtisadi əməkdaşlığın mövcud olması üçün hüquqi baza yaratmaqdan ötrü onun iqtisadi tərəflərini mümkün qədər yaxınlaşdırmaq barədə razılığa gəlmişik.

Mən baş nazirlə və xarici işlər naziri ilə görüşlərimdə də bildirmişəm ki, Azərbaycanla iqtisadi münasibətləri intensivləşdirmək üçün Gürcüstan tərəfi artıq xüsusi hökumətlərarası komissiya yaratmışdır. Azərbaycanda isə, struktur dəyişiklikləri ilə əlaqədar olaraq, hələ yaradılmayıbdır. Lakin baş nazir bizə vəd etdi ki, bu məsələ tezliklə həll olunacaqdır. Biz buna həqiqətən şadıq.

Tbilisidə 9-10-cu enerji blokları qəzaya uğrayanda enerji təchizatında çətinliklərinizə baxmayaraq, bizə yardım etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Siz birmənalı qərar qəbul etdiniz və bunun bizim üçün təkcə iqtisadi deyil, həm də ciddi sosial məsələ, ciddi sosial problem olduğunu başa düşərək, bu işdə Gürcüstana kömək etdiniz.

Mən xüsusən xarici işlər naziri ilə görüşdə sərhədlərimizin delimitasiyası məsələsinə də toxundum. Bu, prinsipcə problem məsələ deyil, çünki bizdə sərhəddə əslində mübahisəli məqamlar yoxdur. Komissiyalar əslində razılığa gəlmişlər. Amma çox vacibdir ki, bəzi bədxahlarımızın həmin sahədə vəziyyətin tənzimlənməmiş qalmasından istifadə etmək imkanlarının az olması üçün, bu məsələ də maksimum tezliklə həll olunsun.

Biz həmvətənlərimiz – Gürcüstanın azərbaycanlı vətəndaşları, habelə Azərbaycandakı gürcü mənşəli, gürcü millətindən olan şəxslər haqqında da danışdıq. Sizin bu adamlara daim diqqət göstərməyinizi biz yüksək qiymətləndiririk. Biz nəzərə çarpdırdıq ki, Gürcüstandakı azərbaycanlıların da, Azərbaycandakı gürcülərin də öz dillərini öyrənməyə, eləcə də onların cəmiyyətimizə daha çox inteqrasiya etməsi və özlərini öz dövlətinin tam hüquqlu vətəndaşları hiss etməsindən ötrü lazım olan layiqli yeri tutması üçün Azərbaycan dilini də, gürcü dilini də öyrənməyə tam imkanları olmalıdır.

Bir daha vurğulamaq istəyirəm, biz bunu çox yüksək qiymətləndiririk ki, Gürcüstanda heç vaxt azərbaycanlı əhali ilə bağlı heç bir problem ortaya çıxmayıbdır. Əminəm ki, Azərbaycanda da gürcü millətindən olan şəxslərə vəziyyət eyni ilə bu cürdür. Əməli qaydada həll edilə biləcək hansısa məsələlər olmuşdur. Bu adamların cəmiyyətimizə daha yaxşı inteqrasiyası üçün onlara adicə yardım göstərməliyik. Bu məsələlər birmənalı şəkildə həll ediləcəkdir.

Siz dinc Qafqaz təşəbbüsündən danışdınız. Mən onu bir daha nəzərə çarpdırmaq istəyirəm. Mən istəyirəm ki, Siz onu biləsiniz – Siz onu bilirsiniz, - lakin bir daha nəzərə çarpdırmaq istəyirəm ki, Gürcüstan bu təşəbbüsə maksimum fəal qoşulmağa hazırdır və biz təşəbbüsün həqiqətən işləməsi üçün və regionumuzda sülh və sabitliyə real bəhrə, ciddi bəhrə gətirməsi üçün irəli sürüləcək bütün yeni təşəbbüslərə baxmağa hazırıq.

Mən burada daha bir məqamı qeyd etmək istəyirəm. Mənə belə imkan verildiyinə görə həqiqətən çox şadam. Gürcüstanın qarşısında çoxdan duran bir problemi həll etmədən Bakıya gəlmək bizim üçün yaxşı və münasib olmazdı. Söhbət ondan gedir ki, Siz bizim səfirlik üçün gözəl bir bina, hələ 1918-ci ildə Gürcüstanın Azərbaycandakı səfiriliyinin yerləşdiyi tarixi binanı verdiniz. Qeyd etməyə şadam ki, biz bu məsələni, nəhayət, həll etdik. Cənab səfir bu məsələnin həll olunması üçün çox qızğın fəaliyyət göstərirdi. Biz onunla birlikdə çox həyəcan keçirirdik. Düşünürəm ki, indi biz Azərbaycan üçün həqiqətən münasib bir bina tapmışıq və Azərbaycanın Tbilisidə, Plexanov prospektində səfirlik üçün layiqli binası olacaqdır.

Bir sözlə, şadam ki, mənə bu barədə danışmağa imkan verilmişdir.

Parlament üzvlərimizin beynəlxalq səviyyədə əməkdaşlıq təcrübəsini də bir-iki kəlmə ilə qeyd etmək istəyirəm. Mən ATƏT-in Parlament Assambleyasında kifayət qədər fəal işləmişəm və demək istəyirəm ki, bizimlə azərbaycanlı həmkarlarımız arasında çox yaxşı qarşılıqlı anlaşma, əməkdaşlıq ənənəsi var. Demək olar ki, biz ATƏT-in Parlament Assambleyasına təqdim etmək istədiyimiz bütün sənədləri əslində onlara baxmadan imzalayırıq. Beynəlxalq səviyyədə nəzərdən keçirilən bütün məsələlər barəsində bizim yekdil mövqelərimiz var və biz Azərbaycan nümayəndə heyətinin dəstəyini həmişə hiss edirik. Mən əminəm və bilirəm ki, Azərbaycan nümayəndə heyəti də Gürcüstan tərəfinin dəstəyini həmişə hiss edir. Şadam ki, bu ənənə Azərbaycanın öz layiqli yerini tutduğu Avropa Şurasında da davam etdirilir. Nümayəndə heyətlərimiz orada da çox fəal əməkdaşlıq edirlər. İstərdim ki, ölkələrimiz sürətlə irəliləsinlər. Avropa Birliyinə maksimum yaxınlaşmağımız üçün yaxın gələcəkdə bu beynəlxalq təşkilatda əlaqələrimizdən də danışdıq.

HEYDƏR ƏLİYEV: Sağ olun, sizə təşəkkür edirəm. Əslində, Bakı-Ceyhan neft kəməri, Şahdəniz-Ərzurum qaz kəməri barədə bütün fikir və rəylərimiz uyğun gəlir. Siz artıq bunu dediniz. Bilirsiniz, vaxt var idi, mən bu barədə çox deyirdim, çünki mən bu məsələnin həllinə nail olmalı idim, 1994-cü ildən başlayaraq çox çalışırdım. İndi isə bu məsələlər həll olunduğundan, mən bunları artıq keçilmiş mərhələ hesab edirəm. Hərçənd nə etmişiksə, bunlar, həqiqətən, gələcəkdə bir çox onilliklər ərzində əməkdaşlığımız üçün son dərəcə güclü zəmin yaratmışdır. Ona görə ki, bizim həm neft, həm də qaz ehtiyatlarımız çox böyükdür, onları dünya bazarlarına çıxarmaq lazımdır. Bizə digər alternativ marşrutlar təklif edirlər, ancaq biz öz mövqeyimizi lap əvvəldən qəti şəkildə bəyan etmişik və bunun üzərində dururuq. Bu baxımdan biz sədaqətliyik, seçdiyimiz tərəfə sadiqik, tərəfdaşlarımızı dəyişmirik.

Əlbəttə, biz bütün bunları birgə səylərimizlə - Türkiyənin, Gürcüstanın, Azərbaycanın birgə səyləri ilə həll etməyə müvəffəq olduq və artıq bu il Bakı-Ceyhan neft kəmərinin tikintisinə başlanacaq, qaz kəmərinin tikintisinə başlanacaqdır. Düşünürəm ki, bu boru kəmərlərinin açılışında iştirak edəcəyimiz, onlardan istifadə olunmağa başlanacağı gün uzaqda deyildir.

Hazırda Bakı-Supsa fəal işləyir, burada xarici neft şirkətlərinin bizimlə birlikdə çıxardıqları bütün neft, əslində, Supsa vasitəsilə ixrac edilir. Bundan əlavə, indi Mərkəzi Asiyadan- Qazaxıstandan, Türkmənistandan çox böyük həcmdə neft məhsulları, neft Gürcüstan vasitəsilə daşınır. Bir sözlə, axın çox böyükdür və yaxşı ki bizim dəmir yol idarələri bütün bu işləri təmin edə bilirlər. Hərçənd, gələcəkdə bu işlərin həcmi artacaq və ona görə də dəmir yollarının yenidən qurulmasına və genişləndirilməsinə ehtiyac var. Biz sizinlə birlikdə bu işlə də məşğul oluruq.

Nümayəndə heyətiniz barədə. Şadam ki, nümayəndə heyətinizin tərkibində azərbaycanlılar da var. Zənnimcə, mən burada gürcülərdən çox azərbaycanlıları gördüm. Bilirsiniz, problemlər həmişə var. Hətta problem olmayanda da, onu tapmaq olar. Həyatımız isə elədir ki, problemləri axtarmaq lazım deyil, problemlər sizdə də, bizdə də, istənilən yerdə var. Təəssüf ki, biz hələ elə bir səviyyəyə çatmamışıq ki, deyək bəli, bilirsinizmi, biz problemlərdən yaxa qurtarmışıq. Gürcüstandakı azərbaycanlı əhalinin də həyatında problemlər var. Gürcülərin həyatında problemlər azdırmı?! Hamı eyni ölkənin vətəndaşlarıdır, hamı, necə deyərlər, eyni standartlarla yaşamalıdır, heç kimə milli mənsubiyyətinə görə və ya milli azlığın nümayəndəsi olduğuna görə imtiyazlar verilməməlidir.

Ümumiyyətlə, deməliyəm ki, keçmişdə belə olmuşdur və milli azlıqların bəzi nümayəndələri bundan sui-istifadə edərək car çəkirdilər ki, bax, siz filan şeyi özünüz üçün edirsiniz, amma bizim üçün etmirsiniz. Ona görə də onların tələblərini ödəmək lazım gəlirdi. Məsələn, mən Dağlıq Qarabağ barəsində deyə bilərəm. Axı, mən burada bir çox illər, onilliklər ərzində, 1969-cu ildən işə Azərbaycan KP MK-nın birinci katibi kimi işləmişəm. Dağlıq Qarabağ bizdə muxtar vilayət idi, lakin Dağlıq Qarabağın rəhbərləri həmişə deyirdilər ki, filan şey bizim üçün azdır, siz başqa regionlara daha çox verirsiniz. Mən yoxlatdırırdım və məlum olurdu ki, heç də belə deyildir. Buna baxmayaraq, onlar hesab edirdilər ki, muxtariyyət statusu onlara daha çox tələb etmək hüququ verir. Nəticədə elə oldu ki, münaqişə başlayanda səbəb axtarmağa başladılar, bu münaqişə nəyin üstündə, nəyə görə düşmüşdür. Münaqişənin kökü aydındır. Lakin bu kökləri gizlətmək üçün bəyan edirdilər ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağa lazımınca diqqət yetirmirdi. Bunun günahı Əliyevdədir, çünki o, burada MK-nın birinci katibi olmuşdur. Elə həmin vaxt, mən istefaya göndəriləndən bir ay sonra bu münaqişə başladı, belə ki, günahlandırılmağa adam tapılmışdı. Ermənistan tərəfi də belə deyirdi, Moskva da belə deyirdi. Təəssüf ki, belə deyən adamlar Azərbaycanda da tapılırdı.

Mən o dövrün –1970-80-ci illərin statistikasını qaldırdım. Dağlıq Qarabağ Azərbaycanın digər bölgələrinə nisbətən bütün istiqamətlərdə üç dəfə çox alırdı. Dağlıq Qarabağda inkişafın sürəti də Azərbaycan iqtisadiyyatının orta inkişaf sürətindən üç dəfə yüksək idi. Ancaq o vaxt bunu sübut etmək mümkün deyildi, o vaxt artıq bu tərəf təqsirkar idi. İndi isə hər şey aydınlaşmışdır.

Yəni demək istəyirəm ki, bəziləri bundan sui-istifadə edirlər. Sui-istifadə etmək lazım deyildir. Gərək öz hüquqlarına malik olasan, amma bundan sui-istifadə etmək lazım deyildir. Əlbəttə, mən Gürcüstanda yaşayan azərbaycanlılar barədə düşünürəm, çünki orada, bəzi məlumatlara görə, 400 min, digər məlumatlara görə isə, 500 min azərbaycanlı yaşayır. Bunun fərqi yoxdur, onsuz da böyük rəqəmdir. Dünyada bu qədər əhalisi olan dövlətlər var. Onlar öz tarixi torpağında qədimdən yaşayır, çalışırlar. Əməkçi xalq heç vaxt heç bir problem yaratmayıbdır və onlar bu gün də heç bir problem yaratmamalıdır. Lakin azərbaycanlı deputatların yanında demək istəyirəm, - onlar bunu bilirlər, - Gürcüstan parlamentində heç vaxt bu qədər azərbaycanlı deputat olmayıbdır. Mən düzmü deyirəm? Bilmirəm, Gürcüstan Ali Sovetində nə qədər deputat var idi…

ZURAB QUMBERİDZE (Gürcüstanın Bakıdakı səfiri):360.

HEYDƏR ƏLİYEV: Bəs nə qədər azərbaycanlı var idi? İki-üç nəfər. Onlar da sağıcı, traktorçu və çoban idi. Vəziyyət, bax, belə idi. Mən açığını deyirəm, çünki bunu yaxşı xatırlayıram. Bəs indi nə qədər azərbaycanlı deputat var? 6 nəfər. Onların arasında sağıcı varmı?

NİNO BURCANİDZE: Kişilər üstün gəldilər.

HEYDƏR ƏLİYEV: Yaxşı, onda çobanları da seçirdilər. Çoban 100 qoyundan necə quzu alırdı? O, qoyunun doğduğundan iki dəfə çox quzu alırdısa, onu deputat seçirdilər. Ona görə də indi siz sevinməlisiniz. Mən Gürcüstanın tarixini yaxşı bilirəm. Gürcüstanın qanunvericilik orqanında azərbaycanlıların heç vaxt, hər halda, mənim xatırladığım dövrdə, - mən isə 1960-cı illərdən bəri olan dövrü xatırlayıram, - indiki qədər nümayəndələri olmayıbdır. Amma biri də olsa, yaxşı olar. Sonra daha biri də olsa, daha yaxşı olar. Bundan kim imtina edər?

Parlamentin sədri mənə dedi, əvvəllər də bilirdim ki, təhsillə bağlı problemlər var, məktəblə bağlı problem var. Lakin mən demişəm və bu gün bizim Nazirlər Kabinetinə və təhsil nazirinə bir daha göstəriş verəcəyəm ki, bu, daha çox bizim problemimizdir. Bilirik ki, Gürcüstan sosial-iqtisadi sahədə böyük çətinliklər çəkir. Gürcüstanın Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklər hazırlayacağını gözləmək düzgün olmazdı, bu, real deyildir. Biz onları dərsliklərlə təmin etməliyik, digər vəsaitlərlə, qalan hər şeylə təmin etməliyik. Biz bu işi görməliyik. Mən dəfələrlə göstəriş vermişəm. Əgər bu iş görülmürsə, təqsir bizdədir. İndiki halda bu məsələdə Gürcüstanda kimlərisə qınamaq olmaz. Məsələn, mən hesab edirəm ki, qardaş Gürcüstana yardım, kömək qaydasında inşaatçılarımız oraya gedib Azərbaycan kəndlərindəki bir neçə məktəbi təmir edə bilərlər.

Məsələn, elektrik enerjisi sarıdan çətinlik var idi. Özümüzdə elektrik enerjisinin çatışmamasına baxmayaraq, biz onu verdik. Biz özümüz onu Rusiyadan satın alırıq. Əgər indi hər hansı məktəbin təmirə ehtiyacı varsa, - sözsüz ki, belə məktəblər var və mən indi Gürcüstanın real maliyyə-iqtisadi imkanlarının necə olduğunu bilirəm, onlar heç nə edə bilmirlər. Bizim vəziyyətimiz bir qədər yaxşıdır,- bu barədə düşünürüksə, bunu arzu ediriksə, gəlin, inşaat qrupu yaradaq, oraya tikinti materialları aparaq, bir neçə məktəbi təmir edək, onda vəziyyət yaxşılaşar.

Mən bununla, indiki halda Gürcüstan rəhbərliyini qayğılardan azad etmək istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, bizim Gürcüstanla dostluq münasibətlərimiz elə səviyyədədir ki, biz bu problemləri birgə həll etməliyik.

Bax, mən üzümü sizə - azərbaycanlı deputatlara tutub deyirəm ki, dərsliklər barəsində və məktəblə bağlı bəzi digər məsələlər barəsində bu gün bir daha tapşırıq verəcəyəm və bu məsələlərin daha yaxşı həll olunmasına nəzarət edəcəyəm. Azərbaycan məktəblərinə daha necə kömək etmək barədə düşünəcək və onlara kömək edəcəyik.

ZURAB QUMBERİDZE: Dərsliklərlə əlaqədar demək istəyirəm ki, Gürcüstandakı Azərbaycan məktəblərinin 1-4-ci sinifləri üçün Sizin adınızdan dəlrsliklər gətirilmişdir. İndi isə digər siniflər üçün dərsliklər gətirilir, heç də bütün fənlər üzrə çatışmazlıq yoxdur.

HEYDƏR ƏLİYEV: Bizim özümüzdə də dərsliklərin heç də hamısı yenidən nəşr olunmamışdır.

ZURAB QUMBERİDZE: Dərsliklərlə bağlı vəziyyət ciddi şəkildə düzəlməkdədir.

HİDAYƏT HÜSEYNOV (“Yeni Gürcüstan naminə alyans” fraksiyasından Gürcüstan parlametinin deputatı): Hörmətli Prezident, mən də öz adımdan Sizə təşəkkürümü bildirmək istəyirəm. Cənab səfir düzgün dedi ki, biz humanitar yardım kimi 29 min 139 nüsxə dərslik almışıq. Mümkündürsə, pullu da olsa, yuxarı siniflər üçün də nəzərdə tutmaq lazımdır.

HEYDƏR ƏLİYEV: Mən bunu da pulsuz edirəm. Bu gün göstəriş verəcəyəm. Biz bunu da dövlət hesabına edəcəyik ki, siz dərsliklərlə təmin olunasınız.

NİNO BURCANADZE: Zənnimcə, indi dediyiniz məsələ çox mühümdür. Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan dilində dərsliklərlə təhsil ala bilməsi həqiqətən, mühüm işdir. Biz onu da bilirik ki, Siz gürcülərin burada öz dilində təhsil almasına kömək edirsinz və edəcəksiniz, biz isə onların dərsliklərlə təmin olunması barədə düşünməliyik və bu problemi Azərbaycan rəhbərliyinin üzərinə qoymamalıyıq. Mən Sizin bu sözünüzlə də tam razıyam ki, hüquqlardan sui-istifadə etmək olmaz. Sizin Dağlıq Qarabağda olduğu kimi, bizim də Abxaziyada təqribən eyni problemimiz var idi. Abxaziya Muxtar Respublikasının necə imtiyazları olduğunu Siz məndən yaxşı xatırlayırsınız. Milli azlıqların hüquqlarının mütəmadi surətdə vurğulanması bəzən pis nəticə verir. Bəlkə buna görə də, mən həmişə beynəlxalq forumlarda deyirəm ki, elə ancaq milli azlıqların hüquqlarını vurğulamaq olmaz. Biz hüquq və vəzifələr barədə danışmalıyıq. Bu da vacibdir ki, həmin adamlar təkcə öz hüquqlarını deyil, yaşadıqları dövlət qarşısındakı vəzifələrini də bilməlidirlər. Yalnız belə olan halda onlar yaşadıqları ölkənin tam hüquqlu vətəndaşlarıdırlar, çünki biz onlara daim desək ki, bütün bu işləri milli azlıq olduğunuz üçün edirik, gürcü olmadığımız üçün bu hüquqları sizə veririk, düzgün olmaz. Belə vəziyyət onları cəmiyyətdən bir növ təcrid edir.

Məhz buna görə Sizin tutduğunuz mövqeyi həmişə dəqiq qiymətləndirmək lazımdır. Bu, həqiqətən, çox vacibdir ki, Gürcüstan ərazisində yaşayan adamlar, əlbəttə, öz hüquqlarına hörmət etsinlər, biz də onların hüquqlarına hörmət edək və əmin olaq ki, onlar da başqaları ilə, gürcülərlə bərabər dövlət qarşısındakı vəzifələrinə hörmət edirlər. Parlamentimizin üzvü olan adamlar bunu yaxşı başa düşürlər və buna görə də bizim həll olunmamış problemimiz yoxdur. Məndə olan məlumata görə, 6-cı deputatın məsələsi praktiki olaraq həll edilir. Təəssüf ki, bəzi bədxahlar bu məsələni digər məcraya yönəltməyə çalışmışlar. Bu, xalis siyasi məsələ idi və həmkarlarım bunu yaxşı bilirlər. Siz tamamilə doğru deyirsiniz ki, deputatlar öz bölgələrini layiqincə təmsil edirlər. Ola bilsin ki, parlamentdəki gələn görüşümüzdə deputatlarımız gürcü əhalisi olan regionların nümayəndələrinin də gələcəkdə sizin parlamentdə təmsil olunması məsələsini müzakirə edəcəklər. Əgər bir deputat belə təmsil olunsa, biz çox şad olarıq. Bu əvəz-əvəz demək deyildir. Bu, sadəcə olaraq, mənim arzumdur. Düşünürəm ki, bu, onların problemlərini qanunvericilik orqanında qaldırmaq və həll olunmalı məsələlərdən danışmaq imkanını daha da yaxşılaşdırar.

HEYDƏR ƏLİYEV: Doğru deyirsiniz. Amma nəzərə almalısınız ki, bizim parlamentdəki deputatların sayı sizdəkindən iki dəfə azdır. Sizdə 235 deputat, bizdə isə 125 deputat var. Deputatların sayını artırmaq lazımdır, onda bu, asan olar.

NİNO BURCANADZE: Əlavə etmək istəyirəm ki, bu məsələni qətiyyən süni yolla həll etmək olmaz. Yoxsa, bu, mənim bir qədər əvvəl dediklərimə zidd olar.

HEYDƏR ƏLİYEV: Mənim Gürcüstan parlamentinin azərbaycanlı deputatlarına bir arzum var. Fürsətdən istifadə edib demək istəyirəm. Nino Anzorovna dil bilmək barədə danışdi. Bu, çox mühüm məsələdir. Siz Gürcüstanda yaşayırsınız və gürcü dilini bilməlisiniz. Siz gürcü dilində yazmağı, oxumağı, çıxış etməyi bacarmalısınız.

Biz azərbaycanlıların, o cümlədən də Gürcüstanda yaşayan azərbaycanlıların bir ciddi nöqsanı var. Onlar öz dilini yaxşı bilir, yaşadıqları ölkənin dilini isə pis bilirlər. Biz Gürcüstanda səfirlik açarkən gürcü dilini bilən azərbaycanlı axtarırdıq. Halbuki burada Gürcüstanın müxtəlif bölgələrində doğulmuş, böyümüş nə qədər azərbaycanlı var. Onlar parlamentdə, rəhbər vəzifələrdə, hüquq-mühafizə orqanlarında çoxdurlar. Nə qədər istəsəniz var, amma gürcü dilini bilənlər çox azdır. Mən böyük çətinliklə bir nəfər tapdım. O, gürcü dilini bilir. Gürcü dilini bilməyən adamı isə mən Gürcüstana səfir göndərə bilməzdim.

Nino Anzorovna, mənim sirrim yoxdur, bütün gürcü dostlarımız bizim qardaşlarımızdır. Çox vaxt da bizim adamlar deyirlər ki, ermənilər belə, ermənilər elə. Mən sizdən soruşuram: Gürcüstanda yaşayan ermənilər gürcü dilini bilirlərmi? Yaxşı bilirlər. Əgər Ermənistanda yaşamış azərbaycanlıları götürsək, görərik ki, onların 5 və ya 10 faizi erməni dilini bilirdi, rus dilini də pis bilirdilər. Bizdə yaşamış ermənilər, əvvəla, rus dilini bilirdilər, çoxları isə azərbaycan dilini də bilirdi. Ona görə də açıq demək lazımdır – bu, azərbaycanlılarda milli nöqsandır. Gəlin, vəziyyəti düzəldək. Artıq biz öz müstəqil dövləti olan xalqıq, hər hansı digər dövlətdə də sərbəst yaşaya bilən xalqıq. Məsələn, Rusiyada çoxlu azərbaycanlı yaşayır. Onlar Rusiya vətəndaşlarıdır, lakin müvəqqəti yaşayanlar da var. Onların hamısı rus dilini bilir. Əgər onlar rus dilini bilməsəydilər, orada işləyə bilməzdilər. Rusiyada azərbaycanlı biznesmenlər Azərbaycanda olduğundan çoxdur. Ona görə ki, orada biznes üçün fəaliyyət sahəsi genişdir. Orada bir vilayət ərazicə Azərbaycandan böyükdür. Onlar orada ona görə uğurla işləyirlər ki, rus dilini bilirlər. Rus dilini bilməsəydilər, bunu edə bilməzdilər. Odur ki, gürcü dilini öyrənin, Nino Anzorovna, siz isə parlamentdə sınaqlar keçirin. Qoy onlar hər yarım ildən bir imtahan versinlər.

NİNO BURCANADZE: Buradakıların bəziləri gürcücə nəinki danışır, hətta mahnı da oxuyurlar.

HEYDƏR ƏLİYEV: Bu, yaxşı nümunədir. Nino Anzorovna, siz əməkdaşlığımızdan danışdınız. Biz beynəlxalq təşkilatlarda həqiqətən çox sıx əməkdaşlıq edirik. Öz aramızdır, bu da dostluğumuzun göstəricisidir. Avropa Şurasında biz dörd il bu təşkilata qəbul edilməyə namizəd olduq. Bütün bu dövr ərzində Gürcüstan nümayəndə heyəti bizi həmişə dəstəklədi. Biz üzv qəbul ediləndə də dəstəklədi. Elə bu yaxınlarda Azərbaycan haqqında məsələ müzakirə olundu. Əlbəttə, bu, qərəzli, ədalətsiz məsələ olsa da, müzakirə edildi. Yenə də Gürcüstan nümayəndə heyətinin üzvləri, hansı fraksiyaya daxil olmasından asılı olmayaraq, Azərbaycan nümayəndə heyətini yekdilliklə, tamamilə dəstəklədi.

 

Bu, dostluğumuzun yaxşı göstəricisidir. Odur ki, beləcə davam edəcəyik. Dediniz ki, Avropa Şurasında çıxış etmisiniz, bu, yaxşıdır. Insan hüquqları Avropa Şurası üçün çox mühüm məsələdir. Lakin nədənsə, hər hansı bir cinayətkarın, terrorçunun hüququnu müdafiə edirlər, hətta deyirlər ki, o, siyasi məhbusdur. Amma 9 ildir doğma torpaqlarından qovulmuş və çadırlarda yaşayan qaçqınlarımızın hüquqlarını müdafiə etmirlər. Abxaziyadakı doğma yerlərindən qovulmuş gürcülərin hüquqlarını müdafiə etmirlər. Ikili standart yaranır. Hər bir insanın hüquqları müdafiə edilməlidir. Qaçqın da, yaxşı yaşayan , çoxlu pulu olan da insandır, cinayətkarın da hüququ var, onları da müdafiə etmək lazımdır. Nə üçün onu müdafiə edirlər, başqasını isə yox. Nino Anzorovna, mən bilirəm ki, Siz Avropa Şurasının işində çoxdan fəal iştirak edirsiniz. Hesab edirəm ki, onlara çox şeyi aydınlaşdırmaq lazımdır. Eşitmişəm ki, kimsə orada belə izahat vermişdir. Deyib ki, filan adam hansısa cinayətə görə həbs edilmişdir. Cinayət törətmiş başqaları da var. Lakin onlar həbs edilməmişlər, ancaq o, müxalifətdə olan hansısa adamın qohumu olduğu üçün həbs edilmişdir. Belə çıxır ki, müxalifətdə olanların qohumları toxunulmazlıq hüququna malikdirlər. Kimsə bəyan edir ki, onun partiyası var, əslində belə bir partiya yoxdur, o deyir ki, belə bir partiyası var, onun toxunulmazlıq hüququ var, başqasının da belə bir hüququ var və onun hüququnu Avropa Şurası müdafiə edir. Belə qohumu olmayan və ya heç bir partiyanın üzvü olmayan adi insanın hüquqlarını isə müdafiə etmir. Bu, təzaddır, Avropa Şurasının ciddi çatızmazlığıdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, mən Avropa Şurasının qəbul etdiyi qətnamə ilə qətiyyən razı deyiləm. Bu, ədalətsizlikdir, bizim nümayəndə heyətimiz etirazını bildirmişdir. Özü də məlumat vermişdilər ki, müzakirələrdə Azərbaycan dəstəklənirdi, lakin Avropa Şurasının rəhbərliyindən kimsə məsələyə qarışmış və deputatlara təzyiq göstərmişdir. Sonra səsvermə bizim əleyhimizə olmuşdur. Odur ki, insan hüquqlarının müdafiəsi demokratiyanın başlıca məsələlərindəndir. Bu barədə biz Sizinlə həmrəyik və heç bir sual yoxdur. Amma bu işi necə qiymətləndirək- bu, gərgin fəaliyyət və böyük izahat tələb edir. Düşünürəm ki, bu sahədə də sizinlə birgə işləməliyik.

HACAN HACIYEV /Azərbaycanın Tbilisidəki səfiri/: Mən təhsil mövzusuna qayıtmaq istəyirəm. Gürcüstanın Azərbaycan məktəblərində Azərbaycan tarixini öyrənmək üçün, Azərbaycandakı gürcü məktəblərində Gürcüstan tarixini öyrənmək üçün şərait yaratmaq lazımdır. Bu, çox vacib məsələdir. Çünki məzunlar ali məktəbə daxil olmaq üçün Azərbaycana gələrkən, Azərbaycan tarixindən imtahan verməli olurlar.

HEYDƏR ƏLİYEV: Məgər kimsə buna mane olur?

HACAN HACIYEV: Heç kim.

ZURAB QUMBERİDZE: Bunu təhsil nazirlikləri səviyyəsində həll etmək olar.

HEYDƏR ƏLİYEV:Sadəcə olaraq, dərsliklər göndərmək və tədris proqramına daxil etmək lazımdır.

NİNO BURCANADZE: Mən nümayəndə heyətimizin üzvü cənab Revaz Mişveladze haqqında demək istərdim. O, məhşur gürcü şairi və yazıçısıdır. Onun kitabı Azərbaycan dilinə tərcümə olunmuşdur. O, fürsətdən istifadə edərək, dostluq münasibətlərimizin möhkəmləndirilməsinə kömək edən həmin kitabı Sizə təqdim etmək istəyir.

REVAZ MİŞVELADZE /yazıçı, “Dirçəliş” fraksiyasından deputat/: Cənab Prezident, Sizin dilinizdən və xanım Nino Burcanadzenin çıxışından eşitdim və mənə çox xoşdur ki, ölkələrimiz çətinlikləri dəf etmişlər , bunlar arxada qalmışdır və biz ən yeni tarixə doğru inamla addımlayırıq. Ölkələrimiz arasında həlledilməz problemlərin olmadığını eşitmək mənim üçün çox xoş idi və başlıcası odur ki, əsrlər boyu bizi bir-birimizə eyni tale və müstəqil dövlətçilik arzusu bağlamışdır.

O ki qaldı bizim bir-birimizdən hər gün, ilbəil öyrənməyimizə, istərdim ki, Gürcüstan böyük bir işdə sizdən, sizin əla həll etdiyiniz problemdən nümunə göstürsün. Azərbaycanda başqa dövlətin heç bir hərbi bazası yoxdur. Biz də buna çalışırıq. Mən bir neçə kəlmə ilə öz minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda mənim novellalar kitabım çıxmışdır. Bu novellalar digər ölkələrdə dəfələrlə nəşr edilmişdir, lakin mənə xüsusilə xoş idi ki, Azərbaycan qəzetlərindən məqalələr kəsib göndərmişlər. Bu kitab barəsində çoxlu rəylər oldu. Kitabda isə mən Gürcüstanda yaşayan azərbaycanlılardan, həmvətənlərimdən bəhs edirəm. Bu, mənim üçün xoş idi, ona görə də Sizin qarşınızda çıxış edərək bildirməyi qərara aldım ki, Vüqar Əliyevin tərcümə etdiyi bu kitabın nəşri Sizin fondunuzdan maliyyələşdirilmişdir. Bu o deməkdir ki, Siz mədəniyyətin inkişafını belə diqqətlə, belə müdrikcəsinə izləyirsiniz. Öz tərəfimizdən biz də, müasir Azərbaycan yazıçılarının kitablarını tərcümə və çap etdirməyə çalışırıq. Sizin icazənizlə və Nino Anzorovnanın icazəsi ilə bu kitabı Sizə bağışlayıram.

Daha bir məsələni qeyd etmək istəyirəm. Bunun diplomatiyaya nə dərəcədə uyğun olduğunu bilmirəm, lakin Sizi görəndə biz bir-birimizlə danışdıq və qayıdandan sonra Sizin əvvəlkitək gümrah, sağlam olduğunuzu bütün Gürcüstana bildirəcəyik. Bu, Gürcüstana da, Azərbaycana da çox lazımdır.

Məndən haqqında danışmaq xahiş olunmuş bir problem də var. Azərbaycanda ingiloy adlandırılan gürcülər var, 1960-cı illərdə onlar pasportlarını təhvil vermişlər, onlara deyiblər ki, guya pasportlar dəyişir, lakin beş ildən sonra pasportlarını özlərinə qaytarmışlar. Bu pasportlarda isə başqa familiyalar yazılmışdır. Mən bilmirəm, bu, tarix baxımından nə dərəcədə ədalətlidir, lakin onların, əlbəttə, hamısı olmasa da, bəziləri çox xahiş edirlər, öz familiyalarını qaytarmaq istəyirlər. Pasporta görə bəziləri Məmmədovdur, halbuki onların familiyaları dəyişdirilməzdən əvvəl Mişveladze, Mikeladze və sair olmuşdur. Belə adamlar çox deyil, olsa-olsa, min və ya iki min nəfərdir. Xahiş edirəm ki, onlara familiyalarını dəyişdirməyə icazə versinlər.

HEYDƏR ƏLİYEV: Əvvəla, hədiyyənizə görə sağ olun, dostluğumuz haqqında dediyiniz xoş sözlərə görə sağ olun. O ki qaldı familiyalara, indi bizdə pasport yoxdur və milliyyət yazılmır. Azərbaycan vətəndaşının vəsiqəsi var, yəni siz oraya istədiyiniz familiyanı yaza bilərsiniz. Hər halda, mən göstəriş verəcəyəm və bu məsələ ilə mütləq məşğul olacaqlar.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan nümayəndə heyətinin üzrləi ilə xatirə şəkili çəkdirdi, sonra isə Gürcüstan jurnalistlərinin suallarına cavab verdi.

Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib