RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 28-də Prezident iqamətgahında ölkəmizə səfərə gəlmiş İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısını səmimiyyətlə salamlayan cənab Xərrazi Azərbaycan Prezidenti Heydər Əliyevi belə gümrah görməkdən məmnun qaldığını söylədi.
Xarici işlər naziri ölkəsinin dövlət başçısının səmimi salamlarını, xoş arzularını, dərin hörmət və ehtiramını Prezident Heydər Əliyevə yetirərək dedi ki, cənab Xatəmi Azərbaycan Prezidentinə cansağlığı arzulayır və tezliklə onunla görüşəcəyinə ümidvar olduğunu bildirir.
Prezident Heydər Əliyev İran dövləti başçısının diqqətinə və səmimi salamlarına, telefon zənginə görə təşəkkürünü bildirdi və bunu ölkələrimiz arasındakı dostluğun təzahürü kimi dəyərləndirdi. Azərbaycan Prezidenti İran Prezidentinə böyük hörmət və ehtiram bəslədiyini vurğuladı.
Kamal Xərrazi dövlətimizin başçısına müraciətlə dedi: Cənab Prezident, Siz ömrünüz boyu Azərbaycan üçün böyük xidmətlər göstərmisiniz. Siz Azərbaycanın Prezidenti kimi ölkənizdə sabitlik yaratmısınız və bu sabitlik, əmin-amanlıq gündən-günə möhkəmlənir. Biz istəyirik ki, qonşu ölkələrdə həmişə sabitlik, əmin-amanlıq olsun. Bunun İran üçün də böyük əhəmiyyəti var.
Prezident Heydər Əliyev bildirdi ki, bunun bizim üçün də eyni dərəcədə böyük əhəmiyyəti var. Biz də istəyirik ki, hər yerdə, xüsusən bölgəmizdə daim sabitlik olsun.
İran naziri xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin ötən ilin mayında Tehrana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında tarixi mərhələ olmuşdur.
Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi barədə geniş söhbət getdi, o cümlədən Naxçıvan Muxtar Respublikasına İrandan qaz verilməsi, Astara-Bakı avtomobil yolunun tikintisi, energetika sahəsində əməkdaşlıq, Azərbaycanda elektrik stansiyalarının bərpası layihələri haqqında fikir mübadiləsi aparıldı. Xəzərin hüquqi statusuna dair aparılan danışıqların bundan sonra da davam etdirilməsinin məqsədəuyğun olduğu bildirildi.
Söhbət zamanı İran Prezidenti Məhəmməd Xatəminin Azərbaycana rəsmi səfərinə hazırlıq barədə fikir mübadiləsi edildi.
Cənab Xərrazi dövlətimizin başçısını qarşıdakı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı arzuladı.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlərdən ətraflı söhbət açıldı.
Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai qəbulda iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur