RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İSPANİYA HÖKUMƏTİNİN BAŞÇISI FİLİP QONSALES İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən söhbət zamanı cənab Qonsales Azərbaycan Prezidenti ilə görüşdən şərəf duyduğunu söyləyərək, BMT-nin 50 illiyinə həsr olunmuş təntənəli iclasda Heydər Əliyevin çıxışını diqqətlə dinlədiyini qeyd etdi.
Keçən il beynəlxalq təşkilatların zirvə toplantılarında cənab Qonsaleslə görüşlərini yaxşı xatırladığını söyləyən Prezident Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün konkret danışıqlar aparılmasına ciddi ehtiyac olduğunu vurğuladı.
Bu fikrə tərəfdar olan Filip Qonsales dedi: Bilirsiniz ki, İspaniya Avropa Birliyinin üzvü, həm bu birliyin icraçı sədridir. Hazırda Avropa Birliyi ilə Azərbaycan arasında geniş bir saziş imzalanması barədə danışıqlar gedir və bu danışıqlarda İspaniya da fəal iştirak edir. Biz çalışacağıq ki, həmin danışıqlar Azərbaycan üçün uğurla nəticələnsin.
İmzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd edən Prezident Heydər Əliyev dedi ki, biz bu danışıqların müvəffəqiyyətlə başa çatmasını çox arzulayırıq. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Avropa Birliyinin üzvü kimi İspaniya bu məsələdə Azərbaycana yaxından kömək edəcəkdir. Respublikamızın rəhbəri elə buna görə də cənab Qonsales ilə bugünkü görüşünün xüsusi əhəmiyyəti olduğunu qeyd etdi.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Cənab Qonsales Azərbaycan Prezidentini İspaniyaya rəsmi səfərə dəvət etdi. Heydər Əliyev də İspaniya hökumətinin başçısını Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirdi.