RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV LİTVA PREZİDENTİ ALGİRDAS BRAZAUSKAS İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də Litva Prezidenti Algirdas Brazauskas ilə görüşmüşdür.

Səmimiyyətlə görüşən prezidentlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün nəzərdə tutulan bir sıra tədbirlər barədə fikir mübadiləsi aparmaq üçün yeni imkan yaranmasından razılıqla söhbət açdılar.

Dövlər başçıları yeni müstəqillik qazanmış öz ölkələrinin mövcud iqtisadi vəziyyəti və bazar münasibətlərinə keçid dövründə qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları barədə bir-birinə məlumat verdilər, Azərbaycan ilə Litva arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərindən danışdılar. Onlar respublikalarımızın əvvəlki iqtisadi əlaqələrinin yenidən canlandırılması və daha da möhkəmləndirilməsi imkanlarından bəhs etdilər və bu imkanların reallaşdırılmasının vacib olduğunu bildirdilər.

Görüşdə hər iki ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində aparılan işlərdən söhbət açıldı, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi, dünya birliyi ilə münasibətlərinin daha da sıxlaşdırılması perspektivləri nəzərdən keçirildi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin