SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏMMƏD ARAZ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan Prezidenti Heydər Əliyev yaradıcı adamlara, elm, ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində çalışan ziyalılara xüsusi diqqət və qayğı göstərdiyinə görə Məmməd Araz mükafatına layiq görülmüşdür.
Məmməd Araz mükafatı görkəmli şairin 60 illiyi münasibətilə “Qorqud” Assosiasiyası tərəfindən təsis olunmuşdur və şairin yaradıcılığına göstərilən qayğıya, onun tədqiqi sahəsindəki xidmətlərə görə verilir. Mükafat 5 min ABŞ dolları məbləğində puldan və diplomdan ibarətdir.
“Qorqud” Assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, 2003-cü il üçün Məmməd Araz mükafatı Assosiasiyanın mükafat komitəsinin yekdil qərarı ilə Azərbaycan Prezidenti Heydər Əliyevə verilmişdir. Qərarda deyilir ki, Prezident Heydər Əliyev Məmməd Arazın yaradıcılığına həmişə qayğı ilə yanaşmış, ona daha məhsuldar çalışmaq üçün şərait yaratmış, bu məsələləri daim diqqət mərkəzində saxlamışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev mükafata görə minnətdarlığını bildirmiş və mükafatın pul hissəsini yaradıcılıq imkanlarını genişləndirmək üçün şairin özünə verilməsini tövsiyə etmişdir.