RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MDB İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİNİ – İCRAÇI KATİBİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 9-da Prezident sarayında MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Yuri Yarovu qəbul etmişdir.
Prezident HEYDƏR ƏLİYEV qonağı mehribancasına qarşılayaraq dedi:
- Yuri Fyodoroviç, mən Sizi Azərbaycanda salamlayıram. Sizin gəlişinizə şadam. Siz bizi MDB-nin qarşıdakı bütün işlərindən həmişə hali edirsiniz. Buraya gəldiyinizə görə sağ olun.
YURİ YAROV səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:
- Heydər Əliyeviç, sağ olun. İcazə verin, hər şeydən öncə, məni qəbul etməyə vaxt tapdığınıza görə və MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının oktyabrın 7-də Kişinyovda keçiriləcək zirvə görüşü barədə məruzə etməyimə imkan yaratdığınıza görə Sizə ürəkdən təşəkkürümü bildirim. Hər dəfə Bakıya gələndə Azərbaycan paytaxtında heyrətamiz dəyişikliklər – yeni tikintilər, obyektlər görürsən, özü də tarixi binalar- artıq yeni konstruksiyada qorunub saxlanılır. Bütün bunlar elə gözəldir ki, onlara baxmaq, paytaxtınızın seyrinə dalmaq xoşdur. Buna görə sağ olun. Bunların hamısı maraqlı və ibrətamizdir. Mən buraya hər il gəlirəm, buna baxmayaraq, bu gözəl şəhərdə hər dəfə yeni, təkrarolunmaz bir şey, həqiqətən, heyrət doğuran dəyişikliklər görürəm.
İlk növbədə, icazə verin deyim ki, bundan əvvəl nəzərdə tutulduğu kimi və sizin razılığınız sayəsində, Dövlət Başçıları Şurasının mayın 31-dən başqa vaxta keçirilən iclası oktyabrın 7-də Kişinyovda olacaq, plana görə isə, sizin iclasınızdan əvvəl Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcəkdir.
Rusiya tərəfinin, Rusiya hökuməti sədrinin təklifi ilə oktyarbın 7-də, səhər saat 9-da Hökumət Başçıları Şurasının iclası olacaqdır. Eyni vaxtda, səhər saat 9-da Dövlət Başçıları Şurasının qapalı iclasına başlamaq təklif edilir. İclasın ancaq prezidentlər iştirak edən qapalı hissəsi qurtardıqdan sonra salona keçəcəyik. Həmin vaxtadək Hökumət Başçıları Şurası da öz məsələlərinə baxıb qurtaracaq və artıq bundan sonra geniş heyətdə açıq iclas keçiriləcəkdir.
Gündəliyin bütün məsələləri, əslində, müəyyənləşdirilmişdir. Bundan əvvəl onlar Xarici İşlər Nazirləri Şurası, Hökumət Başçıları Şurası tərəfindən müzakirə olunmuşdur. Bunlar həmin məsələlərdir ki, biz sizin tapşırıqlarınızın yerinə yetirilməsi ilə əlaqədar onların barəsində hesabat verir və məruzə edirik. Misal üçün, Ukrayna parlamentinə müşahidəçilər göndərilməsi haqqında sizin qərarınız olmuşdur. Biz sizə məlumat verəcəyik ki, Müstəqil Dövlətlər Birliyindən, parlamentlərdən, Parlamentlərarası Assambleyadan, mərkəzi seçki komissiyalarından, habelə hökumətələrin xətti ilə 220 müşahidəçi göndərilmişdir. Biz aprelin 1-də səhər saat 9-da bütün Birliyə, ilk növbədə Ukrayna televiziyası ilə, mövqelərimizi açıqlamışıq. Mövqelərimiz bundan ibarətdir ki, seçkilər baş tutmuşdur, biz onları açıq, demokratik, şəffaf seçkilər sayırıq və hesab edirik ki, yeni, demokratik prinsiplərin gözlənilməsi sayəsində əldə olunmuş yekunlardan məmnun qalmağa əsasımız var.
Əlbəttə, bu baxımdan həmçinin məruzə edəcəyik ki, demokratik seçkilərə dair konsepsiyanı həm Parlamentlərarası Assambleya, həm də sizin Mərkəzi Seçki Komissiyası nəzərdən keçirmiş, Xarici İşlər Nazirləri Şurası isə bəyənmişdir. Bu, heç bir beynəlxalq təşkilatda olmayan cəhətdir. Odur ki, seçkilərin demokratik və ya qeyri-demokratik olduğu, aşkarlığa riayət edilib-edilmədiyi barədə hələlik ancaq fəhm əsasında, təcrübə əsasında mühakimə yürüdürlər. Deyə bilərik ki, konsepsiyanın olmasının özü yaxşı haldır. Çünki biz bu konsepsiya əsasında seçkilərin necə keçirildiyindən danışa və ona qiymət verə bilərik. Bir sözlə, əgər siz onu qəbul etsəniz, bu, əsas kimi götürüləcəkdir.
Qəbulda baş nazirin birinci müavini Abbas Abbasov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur