RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MİSİRİN XARİCİ İŞLƏR NAZİRİ ƏMRİ MUSA İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən bu görüşdə nazir öz ölkəsinin Prezidenti Hüsni Mübarəkin salamlarını Prezident Heydər Əliyevə çatdırdı. Respublikamızın rəhbəri Prezident Hüsni Mübarəklə İslam Konfransı Təşkilatının Qahirə və Kasablanka zirvə toplantılarında keçirdiyi görüşlərdən, apardığı danışıqlardan bəhs edərək dedi ki, biz Misirlə əlaqələrin daha da sıxlaşdırılmasına tərəfdarıq və bunun üçün lazım olan bütün tədbirləri görürük.
Prezident Heydər Əliyev bu yaxınlarda Misirin milli bayramı münasibətilə Bakıda keçirilən mərasimdə iştirakından və orada nitq söyləməsindən danışaraq dedi ki, ölkələrimizin əlaqələri tarixi köklərə malikdir və biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Dövlətimizin başçısı nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini həmişə müdafiə etdiklərinə görə Misir rəhbərlərinə öz minnətdarlığını bildirdi.
Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən dedi ki, indi müharibədə uzunmüddətli atəşkəs rejimi davam edir. Dövlətimizin başçısı bildirdi ki, biz müharibənin sülh yolu ilə başa çatdırılmasını istəyirik və Minsk qrupu çərçivəsində aparılan danışıqlara üstünlük veririk. Respublikamızın rəhbəri dedi: Biz tələb edirik ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarını azad etsinlər, ölkəmizin ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin olunsun, bir milyondan çox qaçqın öz doğma yurduna qayıtsın.
Prezident Heydər Əliyev Misir Prezidenti Hüsni Mübarəki Azərbaycana rəsmi səfərə dəvət etdiyini nazirə xatırlatdı. Nazir bu yaxınlarda özünün Azərbaycana səfər edəcəyi barədə məlumat verərək dedi ki, həmin günlərdə biz Azərbaycan Xarici İşlər Nazirliyi ilə Prezidentin səfərinin təşkili ilə bağlı məsələləri müzakirə edəcəyik.