RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MOSKVA ŞƏHƏRİNİN MERİ YURİ LUJKOVU QƏBUL ETMİŞDİR
Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyev Kremldə, onun üçün ayrılmış dövlət iqamətgahında Moskva şəhərinin meri Yuri Lujkovu qəbul etmişdir.
Dövlətimizin başçısı ilə görüşdən çox məmnun qaldığını bildirən Yuri Lujkov Prezident Heydər Əliyevin Rusiya Federasiyasına səfərinin Azərbaycan-Rusiya əməkdaşlığının daha da inkişaf etdirilməsində böyük əhəmiyyəti olduğunu vurğuladı.
Azərbaycan Prezidenti Heydər Əliyev RF Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya dövlət səfərinə gəlməyindən çox məmnun olduğunu söylədi, Moskva ilə ölkəmiz arasında yaranmış qarşılıqlı surətdə faydalı əlaqələrin durmadan inkişaf etməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Görüşdə Azərbaycanla Moskva şəhəri arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlığa dair birgə komissiyanın işindən razılıqla bəhs edildi, bu komissiyanın fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulandı.
Mehribanlıq və səmimilik şəraitində keçən
görüşdə hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.