RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ POLŞA PREZİDENTİ ALEKSANDR KVASNEVSKİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də Polşa Prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür.

Prezident Heydər Əliyevlə tanış olmasından böyük məmnunluq duyduğunu bildirən cənab Kvasnevski respublikamızın rəhbərinin bioqrafiyasına yaxşı bələd olduğunu, özü kimi cavan siyasətçilərin Heydər Əliyevin fəaliyyətini daim izlədiklərini və ona rəğbətlə yanaşdıqlarını, ondan çox şey öyrəndiklərini qeyd etdi. Polşa Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması yolunda ölkəmizin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına Heydər Əliyevin mərdliklə sinə gərdiyindən xəbərdar olduğunu söylədi və bütün bu prosesləri diqqətlə izlədiyini, Ermənistan-Azərbaycan münaqişəsi barədə də geniş məlumat aldığını bildirdi. Hələ keçmiş SSRİ-də Heydər Əliyevin hökumət başçısının I müavini işlədiyi dövrdən, onun şəxsiyyətinə Polşada böyük maraq göstərildiyini xüsusi vurğulayan cənab Kvasnevski ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi məsələlərinin dövlət başçıları səviyyəsində müzakirəsinin böyük əhəmiyyəti olduğunu qeyd etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev cənab Kvasnevskini Polşa Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən qəlbdən təbrik etdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Polşa Prezidenti ilə bu görüş ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə xüsusi təkan verəcəkdir.

Cənab Kvasnevski Prezident Heydər Əliyevin Polşada olmadığını nəzərə alaraq, onu öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı bu dəvəti məmnuniyyətlə qəbul etdi və cənab Kvasnevskini də Azərbaycanda görmək istədiyini bildirdi.

Qarşılıqlı səfərlərin, fikir mübadiləsinin çox mühüm olduğunu söyləyən Polşa Prezidenti beynəlxalq məclislərdə dövlətlərimizin eyni mövqelərdən çıxış etməsinin vacibliyini vurğuladı.

Prezident Heydər Əliyev Azərbaycanda polşalıların da yaşadığını, respublikamızda onların cəmiyyəti olduğunu qeyd etdi və dedi ki, əsrin əvvəllərində Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə, o cümlədən, mədəni, iqtisadi əlaqələr mövcud olmuşdur. Dövlətimizin başçısı dedi ki, indi respublikamızda yaşayan polyak mənşəli adamlar Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edirlər.

Cənab Kvasnevski bütün bunlardan xəbərdar olduğunu bildirərək Polşada həyata keçirilən islahatlardan, bazar münasibətlərinə keçid istiqamətində görülən tədbirlərdən geniş söhbət açdı və ölkəsinin qarşılaşdığı problemlərdən bəhs etdi. O, Polşa iş adamlarının Azərbaycana sərmayə qoymaq niyyətlərindən də danışdı. Cənab Kvasnevski dedi ki, Azərbaycan zəngin bir ölkə olmaqla bərabər, həm də çox mühüm coğrafi, siyasi məkanda yerləşir.

Dövlətimizin başçısı Heydər Əliyev dedi ki, Azərbaycanla Polşa arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin mənafeyinə uyğundur və Azərbaycan bu məsələyə xüsusi diqqətlə yanaşır. Respublikamızın rəhbəri bildirdi ki, o, Azərbaycan–Polşa münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni edəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin