RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PORTUQALİYA PREZİDENTİ MARİO SOARES İLƏ GÖRÜŞMÜŞDÜR
Dövlətimizin başçısını səmimi salamlayan cənab Soares Portuqaliyanın Azərbaycan ilə əlaqələri möhkəmləndirməyə xüsusi maraq göstərdiyini bildirdi. O, ölkəmiz haqqında geniş məlumatı olduğunu və Heydər Əliyevi dünyanın görkəmli siyasi xadimi kimi tanıdığını vurğuladı.
Səmimi sözlərə görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev Azərbaycanın da Portuqaliya ilə əməkdaşlığın daha da sıxlaşdırılmasına tərəfdar olduğunu söylədi. Dövlətimizin başçısı dedi ki, hər iki ölkə zəngin təbii ehtiyatlara malikdir və ona görə də Portuqaliya ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və digər sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi ehtiyac vardır.
Sonra Heydər Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzündən, bunun nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunmasından, doğma yurdlarından zorla qovulmuş bir milyondan çox qaçqının ağır həyat şəraitindən ətraflı söhbət açdı. Dövlətimizin başçısı müharibənin sülh yolu ilə başa çatdırılması istiqamətində ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlardan da bəhs etdi.
Prezident Heydər Əliyev dedi ki, Azərbaycanda indi ictimai-siyasi sabitlik hökm sürür və biz ölkəmizə sərmayə qoymaq istəyən dövlətlərə, şirkətlərə respublikamızda hər cür şərait yaradılmasına xüsusi fikir veririk.
Görüş iştirakçıları öz ölkələrində demokratik-hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər barədə bir-birinə məlumat verdilər və hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi apardılar.
Cənab Soares BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizəd olan Portuqaliyanı bu məsələdə dəstəkləməyi Azərbaycan Prezidenti Heydər Əliyevdən xahiş etdi. O dedi ki, biz Avropa Birliyinin fəal üzvüyük və Azərbaycana hər cür yardım göstərilməsinə kömək edəcəyik.
Mario Soares Azərbaycan Prezidentini Portuqaliyaya rəsmi səfərə dəvət etdi. Heydər Əliyev də Portuqaliya dövlətinin başçısını Azərbaycana rəsmi səfərə dəvət etdi.