RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV İLƏ GÖRÜŞMÜŞDÜR
Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə olundu. Tərəflər əməkdaşlıq üçün hər iki ölkədə geniş imkanlar olduğunu bir daha vurğuladılar və iqtisadiyyatın bir sıra sahələrində birbaşa əlaqələr qurulmasına ciddi ehtiyac duyulduğunu qeyd etdilər.
Prezidentlər Qazaxıstan və Azərbaycan neftinin ixracı məsələsinin müzakirəsinə xüsusi yer ayırdılar. Hər iki dövlət başçısı Qazaxıstan neftini Azərbaycan neft kəməri vasitəsilə xaricə nəql edilməsinin faydalı ola biləcəyini təsdiq etdi. Onlar Xəzərin statusuna dair öz ölkələrinin mövqelərini də şərh etdilər və burada mübahisəli elə bir məsələ olmadığını söylədilər. Prezidentlər Xəzərin hər ölkəyə aid sektorlarında işləri canladırmağa tərəfdar olduqlarını bildirdilər.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birbaşa əlaqələr qurulması barədə faydalı təkliflər irəli sürüldü. Prezidentlər hər iki ölkəni maraqlandan digər məsələlər barədə də fikir mübadiləsi apardılar.