RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUMINİYA PREZİDENTİ İON İLİYESKU İLƏ GÖRÜŞMÜŞDÜR

İyulun 1-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniya Respublikasının Prezidenti İon İliyesku ilə görüşmüşdür.

İon İliyesku onun dəvətini qəbul etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. O, ölkələrimiz arasındakı tarixi əlaqələr barədə söhbət açaraq dedi ki, biz Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyirik və Sizin ölkənin dünya dövlətləri ilə sıx əməkdaşlıq yaratmaq yolunda atdığı addımları yüksək qiymətləndiririk.

Cənab İliyesku sabiq Kommunist Partiyasının hakimiyyəti dövründə Rumıniyanın qarşılaşdığı problemlərdən və keçid dövründə yaranmış çətinliklərdən də ətraflı bəhs etdi. Rumıniya dövləti başçısının fikrincə, yeni müstəqillik qazanmış Azərbaycan Respublikasında da belə problemlərin aradan qaldırılmasında ölkələrimizin bir-birinə qarşılıqlı kömək və yardımı olduqca vacibdir.

İon İliyesku əvvəllər ölkələrimizin metallurgiya, neftçıxarma, neftmaşınqayırma və neft emalı sahəsində əməkdaşlıq etdiyini xatırlatdı və bu qarşılıqlı münasibətlərin bərabər hüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirilməsinin mühüm olduğunu qeyd etdi.

Rumıniya Respublikasının rəhbəri Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Buxarest zirvə toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışını böyük diqqətlə dinlədiyini, bundan məmnun qaldığını və həmin çıxışda irəli sürülən təkliflərə tamamilə tərəfdar olduğunu bildirdi.

Ermənistanın respublikamıza təcavüzü məsələsinə toxunan İon İliyesku Rumıniyanın Azərbaycanın mövqeyini dəstəklədiyini söylədi.

Rumıniyaya rəsmi səfərə dəvət üçün Prezident İon İliyeskuya minnətdarlığını bildirən Azərbaycan rəhbəri Heydər Əliyev Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Buxarest toplantısının yüksək səviyyədə təşkilindən razılıqla söhbət açdı.

Azərbaycan Prezidenti respublikamızla Rumıniya arasında iqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd etdi. O, bazar münasibətləri yolunu seçmiş ölkələrimizin qarşılaşdığı problemlər üzərində geniş dayandı və bütün bunların qısa vaxtda aradan qaldırılması üçün görülməsi vacib olan işlərdən danışdı.

Respublikamızın rəhbəri Azərbaycan iqtisadiyyatının dünya ölkələri ilə sıx bağlılığı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi və ölkəmizin xarici neft şirkətləri konsorsimu ilə bağladığı müqaviləni misal çəkdi. O dedi ki, demokratik hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycan bütün ölkələrlə, o cümlədən Rumıniya ilə əməkdaşlığı inkişaf etdirmək istəyir.

Müstəqillik qazanmış respublikamızın bu yollda qarşılaşdığı çətinliklədən danışan Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə yanaşı, ölkəmizin son illər bir neçə dəfə dövlət çevrilişi cəhdinə məruz qalmasından da bəhs etdi. O dedi ki, hazırda ölkədə gedən demokratik proseslər daxili və xarici düşmən qüvvələr tərəfindən heç də bəyənilmir. Azərbaycanın dünya ölkələri arasında qazandığı nüfuzdan narahatlıq keçirən həmin qüvvələr hər vasitə ilə respublikada sabitliyi pozmağa cəhd göstərdilər. Lakin Prezidentlə xalqın birliyi həmin qüvvələrə layiqli cavab verdi və hazırda respublikada tam sabitlik hökm sürür.

Heydər Əliyev bu ilin noyabrında respublikda keçiriləcək parlament seçkilərinə və referendum yolu ilə yeni demokratik Konstitusiyanın qəbul olunmasına görülən hazırlıq işlərindən də bəhs etdi.

Respublikamızın rəhbəri müharibənin sülh yolu ilə başa çatdırılması istiqamətində Azərbaycanın mövqeyindən, ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət açdı. Rumıniyanın ölkəmizin haqq işini müdafiə etməsindən razılığını bildirdi.

Görüşdə iki ölkə arasında imzalanacaq sənədlər hərtərəfli müzakirə olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev Rumıniya Prezidenti İon İliyeskunu ölkəmizə rəsmi səfərə dəvət etdi. Söhbət zamanı bu səfərin sentyabr ayında həyata keçirilməsi nəzərdə tutuldu.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin