RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUMINİYA PREZİDENTİ İON İLİYESKU İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və dostluq şəraitində keçən görüşdə Azərbaycan Prezidenti Rumıniyaya səfərini məmnunluqla xatırladığını söylədi və ona göstərilən diqqətə görə cənab İliyeskuya minnətdarlığını bildirdi. Heydər Əliyev Rumıniya Prezidentinin də Azərbaycanda səbirsizliklə gözlənildiyini bildirdi. O dedi ki, belə səfərlər, aparılan danışıqlar ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün çox vacibdir.
İon İliyesku Azərbaycan Respublikasına, xalqımıza və şəxsən Heydər Əliyevə böyük hörmət bəslədiyini vurğulayaraq dedi ki, biz sizin ölkə ilə əlaqələrin daim sıxlaşdırılmasına böyük maraq göstəririk və bunun üçün bütün lazımi tədbirləri görəcəyik. Cənab İliyesku Heydər Əliyevlə şəxsi dostluğunun dövlətlərimiz arasındakı münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi.
Prezident Heydər Əliyev dost ölkənin başçısının bu fikirlərinə tamamilə tərəfdar olduğunu söyləyərək, beynəlxalq təşkilatlarda hər iki dövlətin bir-birinin mövqeyini dəstəkləməsindən razılıqla söhbət açdı və ümid etdiyini bildirdi ki, Rumıniya bundan sonra da Azərbaycanın haqq işinin müdafiəsində əlindən gələni əsirgəməyəcəkdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.