SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİ İCRA APARATININ RƏHBƏRİ, TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ RAMİZ MEHDİYEV İLƏ RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ VLADİMİR RUŞAYLONUN GÖRÜŞÜ
Fevralın 19-da Prezidentin İcra Aparatında Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo arasında görüş olmuşdur.
Təkbətək danışıqlardan sonra iki ölkə ekspertlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir.
Ramiz Mehdiyev qonaqları salamlayaraq dedi ki, qarşılıqlı maraq doğuran məsələlərə dair səmərəli danışıqlar aparıldı. Təhlükəsizlik şuralarının 2003-2004-cü illər üçün birgə iş planının bütün müddəaları nəzərdən keçirildi. Rusiya Təhlükəsizlik Şurası nümayəndə heyətinin indiki səfəri zamanı imzalanacaq bu sənəddə beynəlxalq terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının qərarlarının həyata keçirilməsi sahəsində birgə tədbirlər, humanitar və ticarət-iqtisadi əməkdaşlığın müxtəlif cəhətləri əksini tapmışdır. İcra Aparatının rəhbəri iş planının ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığa dair müddəalarından danışaraq vurğuladı ki, bunlar Rusiyanın müdafiə naziri Sergey İvanovun Azərbaycana fevralın 26-na nəzərdə tutulan səfəri zamanı ətraflı müzakirə olunacaqdır. Ramiz Mehdiyev bildirdi ki, bu cür müzakirələr Azərbayan Prezidenti Heydər Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaranmış dostluq və qarşılıqlı hörmət münasibətlərinə əsaslanan ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo hər iki ölkənin təhlükəsizlik şuraları arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayaraq dedi ki, yaxın vaxtlarda “Qafqaz dördlüyü ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcəkdir. İndiki görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunmuşdur. Vladimir Ruşaylonun sözlərinə görə, bu məsələlərdən bir çoxu hələlik həll edilməmiş qalır. Beynəlxalq həyatın aktual problemləri də müzakirə edildi, konstruktiv fikir mübadiləsi aparıldı. O, kollektiv təhlükəsizlik müqaviləsinin iştirakçısı olan ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Şurasında müşahidəçi qismində iştiraka görə Azərbaycan tərəfinə minnətdarlığını da bildirdi.
Görüşdə Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.